"Neftçi"nin sabiq futbolçusu xəbər göndərdi - "Qayıtmaq istəyirəm" - ÖZƏL

16:34 30 Oktyabr 2017

Artıq uğursuzluq zolağından çıxan və avrokuboklar uğrunda mübarizəyə qoşulan "Neftçi" qış transfer pəncərəsinə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov komanda daxilində bir sıra dəyişikliklərin tərəfdarıdı. Artıq transfer təmaslarına başlanılıb. Komandanın toparlanması keçmiş futbolçularından birinin diqqətindən yayınmayıb.

 

Söhbət Zdenek Folprextdən gedir. Hazırda "Slovan Liberets"də çıxış edən çexiyalı yarımmüdafiəçi komandasının heyətində mütəmadi çıxış etsə də, xoşbəxt deyil. Buna səbəb klubunda maaşının çox aşağı olmasıdı. O, "Slovan"la mövsümün sonunda bitəcək müqavilənin müddətini artırmaq istəmir.

 

 

Futbolçu bir neçə gün əvvəl ötən mövsümün qış fasiləsində "Neftçi"yə keçidinə səbəb olan menecerlərdən biri ilə əlaqə saxlayaraq Bakı klubuna ötən mövsümkü müqavilə ilə qayıtmaq istədiyini bildirib. Menecerlər artıq bu barədə kluba və Tərlan Əhmədova məlumat veriblər..

 

Maraq üçün qeyd edək ki, Folprext "Neftçi"yə ötən mövsüm qış transfer pəncərəsi zamanı komandanın sabiq baş məşqçisi Elxan Abdullayevin istəyi ilə icarə əsasında cəlb edilib. Yay transfer pəncərəsi zamanı "Neftçi" "Slovan"la danışıqlar apararaq futbolçunu transfer etməyə cəhd göstərib. Həmin vaxt maliyyə problemləri yaşayan "ağ-qaralar" qarşı tərəfin tələb edildiyi məbləğı ödəmək ixtiyarında olmadığından keçid baş tutmayıb.


Digər xəbərlər

Xəbər xətti