Jezniçak: "Bəlkə də möcüzə deyil” - MÜSAHİBƏ

14:58 2 Noyabr 2017

Qarabağ”ın polşalı futbolçusu Kuba ölkəsinin mətbuatına müsahibə verib.  


Sportarena.az xəbər verir ki, o, komandasının Çempionlar Liqasındakı çıxışı, "Atletiko" ilə son oyun (1:1) və digər məsələlər haqda danışıb.

 

 

"Roma" növbəti turda “Atletiko”ya qalib gələcəyi təqdirdə"

 

- "Qarabağ" Çempionlar Liqasında daha bir sürpriz etdi. İkinci dəfə "Atletiko"dan xal aldı.
- Madriddə oynamaq çətin oldu. Bakıda keçirilən oyun tarixi idi. Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan ilk  xalını qazanmışdı. 

- "Qarabağ" sabiq klubunuz "Legiya" kimi Çempionlar Liqasının qrup mərhələsinin ən zəif komandası hesab edilirdi. Ancaq dörd turda sonra 2 xalınız var.
- Bizim hədəflərimizin hər biri möcüzə idi. Amma mən bunları xatırlatmayacam. "Legiya" da ÇL-ə "Borussiya"ya 0:6 hesabı ilə uduzaraq başlamışdı. "Qarabağ" da "Çelsi"yə eyni hesabla məğlub oldu. Düşünürəm ki, hazırkı qrupumuz daha çətindir. "Çelsi" və "Roma"  "Real" və "Borussiya" səviyyəsində klublardır. "Atletiko" isə "Sportinq"dən daha güclüdür. Onların Dieqo Simeone kimi məşqçiləri var. Bu komandalardan xal almaq mümkünsüz görünürdü. Buna görə də 2 xal bizim üçün böyük uğurdur.

- “Atletiko” ilə oyunlardan əvvəl sensasiya edəcəyinizi düşünürdünüz? 
- Rəqiblərə baxanda, heç-heçənin çətin olacağını düşünürdüm. Bəlkə də möcüzə deyil, futbolda necə olacağı bilinmir. Amma rəqiblərin gücünü qiymətləndirirdim. Rəqiblərdən hansının zəif olmasına baxmırdım. Çünki hamısı Avropanın çempionları idi. İki oyunumuz var, mübarizə aparacağıq. Qrupun üçüncüsü ola bilərik. Lakin bu, asan olmayacaq. "Roma" növbəti turda “Atletiko”ya qalib gələcəyi təqdirdə, qrupdan çıxacaq. Belə olan halda bizə qarşı ehtiyat heyətlə oynaya bilərlərmi? Bunu bir kənara qoyaq. “Atletiko” ilə matçlarda əldə edilən nəticələrdən zövq alırıq.

- İspaniyalılarla hansı görüş daha çətin oldu?
- Madriddəki oyun daha çətin idi. Bakıdakı heç-heçə isə tarixi əhəmiyyət daşıyır. Çünki Azərbaycan komandasının ÇL-də ilk xalı idi. Səfərdə daha çətin oyun gözləyirdik. “Atletiko”nun yalnız buraxılan qoldan sonra hücumlarının sayını artırması məni təəccübləndirdi. Bizdə Pedro qırmızı vərəqə aldı və rəqib irəli atıldı. Lakin bmübarizə apara bildik. “Çelsi” ilə matçdan sonra tənqid olunan İbrahim Şehiç Madriddə son dəqiqədə komandanı məğlubiyyətdən xilas etdi.

 

 

"Biz azarkeş deyilik, cəsarətlə mübarizə aparırıq"

- Madriddəki matçdan öncə sosial şəbəkədə şəkil paylaşmışdınız və belə bir qeyd yazmışdınız: “Yenə Madriddə. Bir il əvvəl “Real Madrid”, indi isə “Atletiko”. Həqiqətən də həyat 30 yaşdan sonra başlayır”. Oktyabrın 26-da 31 yaşınız tamam oldu...

- Son iki mövsümdə ÇL-in qrup mərhələsində oynamağa başladım. Bu, həm də “Legiya” və “Qarabağ”ın arzularının zirvəsidir. Hər iki halda azarkeşlər uğursuzluğa düçar olacağımızı düşündülər. Lakin biz azarkeş deyilik, cəsarətlə mübarizə aparırıq. Mən də bu mübarizədə iştirak edirəm və komandama yardım göstərirəm.

- Oyunlarda özünüzü necə hiss edirsiniz?
- Hər bir futbolçu dünyanın ən yaxşı oyunçularına qarşı çıxış etmək istəyir. Mən milli üzvü deyiləm,  bunun üçün yeganə şansım ÇL-dir. Avropa Liqasında Kriştiano Ronaldo, Qaret Beyl, Edin Ceko, Antuan Qrizmann və ya Eden Hazard yoxdur. Onları televizorda izləmişdim. İndi isə meydanda üz-üzə gəlirəm. ÇL matçları yığma komandaların oyunlarından fərqlənir. “Real” və “Atletiko”ya qarşı təzyiq və stres yoxdur. Futbolçular görüşdən həzz alırlar. Hiss edirlər ki, dünyanın ən yaxşılarına qarşı oynayırlar.

 

“Qarabağ” "Legiya"ya qalib gələr"

 

- Kiminləsə formanızı dəyişmisiniz?
- Bunu heç vaxt etməmişəm. Öz formalarımı yığıram və onları xeyriyyə hərraclarında satıb, əldə olunan vəsaiti bu yöndə istifadə edirəm. Karyeramı bitirdikdən sonra muzey açmağı planlaşdırmıram.

- ÇL matçları üçün Bakıdan hər yerə məsafə uzaqdır... 
- Bəli, Madridə 7 saata uçduq. Bazar günü axşam İspaniyada idik. Oyundan dərhal sonra da geri qayıtdıq. Səfər imkanlarımız əladır. Təyyarədə hər bir futboçu üçün 4 oturacaq ayrılır deyə, yatmaq da olar. Qayıdış daha üzücü olur. Lakin yaxşı nəticə ilə dönəndə adam yorulmur. Bu, psixoloji məqamdır. 

- Harada yaxşı nəticə üçün daha çox təzyiq vardı: “Legiya”da, yoxsa “Qarabağ”da? 
- Azərbaycanda harada və kimlə qarşılaşmağımızdan asılı olmayaraq, azarkeşlər hər zaman yaxşı nəticəyə ümid edirlər və çox inanırlar. Baş məşqçimiz Qurban Qurbanov gözüyumulu topu qabağa vurmağı xoşlamır. Rəqib imkan verəndə irəliyə getmək üçün özümüzə yol açmağa və ya nəsə tədbir görməyə çalışır. “Legiya”da böyük təzyiq və inam var idi. Lakin məğlubiyyətdən sonra heç kim başını itirmək istəmir. 

- “Legiya”nı ən yaxşı vaxtda, yoxsa bir az gec tərk etdiyinizi düşürsünüz? 
- Gec olması heç vaxt ağlıma gəlməyib. Varşavada gözəl günlər keçirmişəm. Düşünürəm ki, vaxtında getmişəm. Bu barədə mənə çoxları deyib. Əlbəttə, bunu “Qarabağ” ÇL-in qrupuna düşəndən sonra söyləyiblər. Əvvəldən nə olacağı bilinmirdi. “Qarabağ”ın səviyyəli heyəti var. Bir çox futbolçular “Legiya”da çıxış edəcək gücdədirlər. 

- “Qarabağ” udar, yoxsa “Legiya”? 
- Mənim indiki formamla və hazırkı heyətlə “Qarabağ” qalib gələr. 

 


"Polşadan fərqli olaraq insanlar xoş, xeyirxahdırlar"

 

- Azərbaycanda həyat necədir? 
- 9 əcnəbi futbolçu ilə birgə Port-Bakuda yaşayırıq. Ticarət mərkəzi ilə yanaşı, çoxmənzilli binalar var. Yaxşı kafe və restoranlar mövcuddur. Burada gördüklərim məni təəcübləndirdi. Bazar ertəsi havanın tepraturu müsbət 26 dərəcə idi. Polşadan fərqli olaraq insanlar xoş, xeyirxahdırlar..


- 8 komandanın mübarizə apardığı Azərbaycan Premyer Liqasında lidersiniz və ən yaxın izləyiciniz “Zirə”dən bir oyun az keçirmisiniz. 3-4 gündən bir meydana çıxmaq asandır?

- “Zirə” və “Qəbələ” istisna olmaqla, digər rəqiblərlə oyunlarda qalib gəlmişik. Baş məşqçimiz rotasiya üsulundan istifadə edir, hər matçda 5-6 futbolçunu dəyişir. Bu, isə təbii prosesdir.  “Atletiko” ilə ilk oyunla müqayisədə, ikinci görüşdə 3 dəyişiklik etmişdi: müdafiədə, orta xətdə və hücumda. Lakin fərq görünmürdü. Hər kəs öz yerini bilir, oynamayanlar isə incimir.

 

- Qurban Qurbanov necə məşqçidir?

- Tələbkardır. Demək olar ki, heç vaxt gülmür. Amma ədalətli məşqçidir
 
- Uğurunuzu Azərbaycanda necə qeyd etdilər?

- Xüsusi qeyd etmədik. ÇL-də qrupa düşəndə paltardəyişmə otağında rəqs edirdik. Komandada çoxlu sayda müsəlman var. Spirtli içkiyə yaxşı baxmırlar. Hər bir əcnəbi buna hörmətlə yanaşır. Qaydaları baş məşqçimiz müəyyənləşdirir.

 

- Azərbaycana getdiyiniz üçün xoşbəxtsiniz?

- Azərbaycana getməzdən əvvəl burada ilk aylarımın bu cür olacağını söyləsəydilər, inanmazdım. Burada gördüklərim – komanda, şəhər, yaşam şərtləri, futbol və nəticələr istənilən arzumu üstələdi. (Report)


Digər xəbərlər

Xəbər xətti