"Bayıl Arena" "Səbail"in ixtiyarına verildi - RƏSMİ AÇIQLAMA

11:38 4 Noyabr 2017

Azərbaycan Premyer Liqasının debütantı "Səbail" mövsüm başlayandan ev oyunları təmsil etdiyi Bayılda deyil, Mərdəkanda yerləşən "Dalğa Arena"da keçirir.

 

Sportarena.az xəbər verir ki, komandaya məxsus olan "Bayıl Arena"da təmir işlərinin aparılması idi. Öncə stadionun ot örtüyü yenisi ilə əvəzlənib. Bu işlər bitdikdən sonra arenanın inzibati binasında futbolçular qalıb qidalanması üçün 3-cü mərtəbənin tikilməsi prosesi başlanıldı. Təmir işləri ilə əlaqədar komanda rəqiblərini burada qəbul edə bilmədi.

 

Artıq "Bayıl Arena"dakı işlər yekunlaşıb və komanda bazar ertəsindən orada məşqlərinə başlayıb. Bu barədə Sportarena.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib. Onun sözlərinə görə, komanda növbəti ev oyununu məhz doğma stadionunda keçirəcək.

 

Qeyd edək ki, "Səbail" qarşıdakı ev oyununu yalnız ikinci dövrənin sonuncu - 14-cü turunda "Zirə"yə qarşı keçirəcək. Həmin matçın dekabrın 3-də baş tutması planlaşdırılır.

 

Heybət Məmmədov


Xəbər xətti