"Qarabağ"da ilk ayrılıq siqnalı - AÇIQLAMA

14:23 11 Noyabr 2017

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike qış fasiləsində müqaviləylə məxsus olduğu PAOK-a qayıda bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstanın “sport24.gr” saytı yayıb. Xəbərdə braziliyalı futbolçunun Ağdam klubuna mövsümün sonuna kimi icarəyə verilməsinə baxmayaraq, artıq qışda Saloniki təmsilçisinə qayıda biləcəyi qeyd edilib. Belə ki, yarımmüdafiəçi daha rəqabətli çempionatda çıxış etmək istədiyindən, PAOK-a qayıtmaq barədə düşünür. “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni qrup mərhələsində dayandırmaq ehtimalının çox olması da onun fikirlərinə təsir edib. Xəbərdə PAOK rəhbərliyinin də futbolçunun qayıtmasının əleyhinə olmadığı qeyd edilib.

 

Məsələ ilə bağlı "Qarabağ"la əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yayılan informasiyaya geniş şərh verməsə də, futbolçu ilə mövsümün sonuna qədər müqavilələrinin olduğunu bildirdi:

 

"Sadəcə onu deyə bilərəm ki, Pedronun "Qarabağ"la mövsümün sonuna qədər müqaviləsi var".

 

Xatırladaq ki, 27 yaşlı futbolçu cari mövsümdə “Qarabağ”ın heyətində şans qazandığı 10 oyunda 2 qola imza atıb. Çempionlar Liqasının “Atletiko” ilə səfər matçında qırmızı vərəqə alan Pedro, “Çelsi” ilə ev oyununu buraxmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti