Sportarena.az
17 Dekabr 2017

Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - "Köməkçilərimin külqabılarını dəyişmişəm"

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siz “Xəzər” TV-də işləyən Ceyhun müəllim deyilsiz” – “Həzi Aslanov”dakı “33” adlı xəngəlxanaya girəndə eşitdiyimiz bu sual həmkarım Ceyhun Rzayevi qətiyyən təəccübləndirmir. Televiziya adamıdı, futbol ictimaiyyəti arasında kifayət qədər tanınır deyə, hər gün eşitdiyi sualdı. Ayaqüstə gözləyirik, ortayaşlı həmin bəy bizə münasib yerdə əyləşmək üçün masa axtarır. Xəngəl mövsümüdü, yer yoxdu, masaların hamısı doludu. Sonradan ofisiant işlədiyini bildiyimiz bu şəxs çox çalışır və bizi masaların birində əyləşdirir. Yaxınlaşıb sifarişi götürür, hər imkanda yaxınlaşıb maraqlanır. Ceyhun məndən, mən də Ceyhundan soruşuram – heç birimiz tanımırıq onu. Futbol azarkeşi olduğunu təxmin edirik...

 

Yox, o təkcə futbol azarkeşi deyil. Həm də bir neçə il Azərbaycan futbolunda hakimlik etmiş Samir Qasımovdu. Kimliyini soruşanda, özünu utana-utana bu cür təqdim edir. Əlindəki məcməyi və masa silən əski ilə ora-bura qaçsa da, hər imkanda ayaq saxlayıb bizimlə həmsöhbət olmağa çalışır. Utanır, xəcalət çəkir. Qarşımızdakı külqabını dəyişəndə belə, başqa masada nəsə olubmuş kimi yana baxır. Vaxtilə meydanda əsas söz sahibi olmuş biri üçün indi kiminsə sözünə əməl etməyin nə qədər ağır olduğunu anlamaqda çətinlik çəkmirik deyə, sual “atəşinə” tutmuruq. Artıq qarşımdakı isti xəngəldən müsahibə iyi gəlir. “Danışar, ya yox” sualını götür-qoy edəndən sonra Samirə müsahibə verməyi təklif edirəm. “Yox, qurban olum, istəmirəm. Bəlkə də nə vaxtsa hakimliyə qayıdaram, gözlərinə baxa bilmərəm. Başımı aşağı salıb işimi işləyirəm. Həyat belədi, eybi yox” deməsindən sonra hakimliklə yox, sırf hazırkı işi ilə bağlı söhbətləşməyi xahiş edirəm, razılaşır. 15 dəqiqəlik ayaqüstü söhbət zamanı göz yaşlarını gizlətməyə çalışır, mən də öz növbəmdə görməzlikdən gəlib suallara davam edirəm. 

 

- Neçə vaxtdı burda işləyirsən?
- Təxminən bir ildi. 

 

- Hakimlik etmirsən?
- Bir ildi getmirəm. Burda işləyirəm. 

 

- Ofisiant işləməyin necə oldu? Hakimlikdən ayrıldın deyə, yoxsa futboldakı qazancın qane etmirdi? 
- Hələ hakimlik etdiyim dönəmdə mühafizə xidmətində işləyirdim. Sonradan burda çalışmağa başladım. Hakimlikdə yuxarı qalxa bilmədiyimi görüb bura gəldim. 

 

- Hakimlikdəki aylıq qazancla dolanmaq olmurdu?
- Ən yaxşı halda ayda 300 manat alırdım. Ondan yuxarı olmayıb. 

 

- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mühafizəçi və ofisiant işlədiyini bilirdi?
- Ofisiant işləyəndən bura çox sayda hakim yoldaşlarım gəlib-gedib. Komitədə eşitməmiş olmazlar. 

 

- Bütün hakimlərin əlavə işi var?
- Onların əvəzinə söz deyə bilmərəm. Mən özüm ailəliyəm, üzr istəyirəm, iki övladım var. Ailəli adam üçün 300 manatla dolanmaq mümkün deyil. Ola bilsin, subaylar birtəhər yola verir. Amma mənim üçün çətindi. Ona göə də bu gün burdayam. Üstəlik, evim bankdadı, kreditini verə bilmirəm heç. Əlavə işlə məşğul olmaqdan başqa imkanım yoxdu. 

 

- İndiki qazancın necədi? Dolana bilirsən?
- Burda ancaq xəngəl mövsümündə iş olur. Yayda 2-3 ay işsiz qalırsan. 8 manat gündəlik maaşımdı, sağ olsunlar, müştərilər də əlavə hörmət edir. Günə 25-30 manat evə pul aparıram. Bu günümə şükür edirəm.

 

- Futbol ictimaiyyətindən gələnlər olur? 
- Hakimlər gəlir, birinci divizionun, əvəzedici komandaların futbolçularını görmüşəm. Amma ad çəkməyəcəm, inciməyin.

 

- Onları görəndə nə hiss keçirirsən? 
- (düşünür) Pis oluram. Fəxr etməli nəsə yoxdu ki, fəxr edim. Düzdü, çörəkpulu qazanmaq ayıb deyil. Sadəcə, yaxşı hakim ola bilərdim axı. Bizi yaradan Allaha and olsun, hər gecə işdən çıxıb evə gedəndə, yolboyu hakimliklə bağlı xəyallar qururam. Hansısa epizodda hansı qərar verə biləcəyimi göz önünə gətirirəm. Öz-özümə danışa-danışa bir də baxıram ki, evin qapısına çatmışam. Mənim arzum hakim olmaq idi, ofisiant yox (təsirlənir). U-15, U-17 liqasında elə ağır oyunlar idarə edirdim ki, dost-tanış mənə “Əliyar-2” deyirdi.

 

- Neçə yaşın var?
- 1988-ci ildənəm, 29 yaşım var. 

 

- Hakimliyə neçə yaşında gəlmisən? 
- Təxminən 5-6 il əvvəl. 

 

- Hansı liqalara təyinat alırdın?
- U-17-yə kimi bütün liqalarda baş hakim olmuşam. U-19-un, əvəzedicilərin və birinci dəstənin oyunlarına dördüncü hakim kimi təyinat alırdım. 

 

- Bəs bu gün niyə hakimlikdə deyilsən?
- Dediyim kimi, aşağı liqalardakı idarəçiliyə görə qazandığım 250-300 manatla dolana bilmirdim. Birinci divizionun, əvəzedicilərin oyunlarına isə baş hakim kimi təyinat vermirdilər. Halbuki özümə çox güvənirəm.

 

- İşində qüsurlar, xoşagəlməz hallar olub?
- Yalan danışmağı xoşlamıram. Bir-iki dəfə məşqçilərlə dalaşmışam, sözümüz düz gəlməyib. Amma Xaqani Məmmədov həmişə arxamda dayanıb. Qətiyyətimi vurğulayıb. Metodiki və texniki səhvlər isə hamıda olur. Özüm də bilmirəm...

 

- Oyun alğı-satqısında iştirak etməmisən?
- Yox-yox, Allah eləməsin. Sədr dediyim davaları və imtahana getmədiyimi əsas gətirə bilər. Bir neçə dəfə çağırıblar, getməmişəm. 

 

- İmtahanlarda iştirak etməsən, sənə oyun verməzlər axı. 
- Həmişə iştirak etmişəm. Amma baxırdım ki, yerimdə sayıram. Nə qədər cəhd göstərsəm də, aşağı liqalardan yuxarı qalxa bilmirdim. Həvəsdən düşürdüm, özümə inamım azalırdı. Şükürlər olsun, iştirak etdiyim imtahanlardan da üzüağ çıxmışam. Açığı, bir-iki dəfə imtahana qatılmaq istədim, burdan icazə vermədilər. Öz-özümə deyirdim ki, bu dəfə imtahandan keçəcəm, amma aşağı liqaların oyunlarını verəcəklər. Belədə indiki işim də əlimdən çıxacaq. Vallah, divizionda oyunlara baxırdım, bilirdim ki, mən bu qarşılaşmanı gözüyumulu idarə edə bilərəm. Yəni gücümə, bacarığıma güvənirəm. Razıyam, birinci divizionda, əvəzedicilərdə mənə ən çətin oyunu həvalə etsinlər, o yükün altından çıxa bilməsəm, hakimlik adını dilimə gətirmərəm. Ömürlük uzaqlaşdırsınlar məni. Xaqani Məmmədovdan dəfələrlə xahiş etmişəm. Hər dəfə də eyni sözü eşidirəm: “gözlə”. Banka borcum olmasaydı, yaxud subay olsaydım, vallah, sədr nə qədər desə, gözləyərdim. Fiziki hazırlığımda problem yoxdu, qaydaları necə lazımdı bilirəm, illərdi yığılan təcrübəm var. Nə qədər gözləyim axı?

 

- Xaqani Məmmədovla sonuncu dəfə nə vaxt danışmısan? 
- 5-6 ay əvvəl. Yanına getmişdim, sağ olsun, qəbul elədi. 

 

- Nə dedi?
- Dedi, səni tapa, əlaqə qura bilmirik. Bəlkə də mənə güvənmir deyə, karyeramı risk altına atmaq istəmir. Amma mən özümə hədsiz güvənirəm. Sadəcə, əlimdən tutan lazımdı. Mənə yol göstərən, dəstək verən olsa, 2-3 ilə Azərbaycanın üzdə olan hakimlərindən birinə çevrilərəm. Hakimlikdə olsam, ailəmi dolandıracaq qədər qazansam, niyə ofisiant işləyim ki? Xaqani Məmmədov desə ki, 3-5 ay gözlə, öz üzərində çalış, onu da edərəm. Təki hakimlikdə yetişim, irəli gedim. Guya mənə xoşdu (təsirlənir)? Hakim yoldaşlarım gəlib, onların külqabılarını dəyişmişəm, masalarını silmişəm. Vaxtilə köməkçilərim olmuş hakimlər gəlib, ofisiant kimi onlara qulluq etmişəm. Çıxarıb mənə 1 manat zəhmət haqqı veriblər, Allah haqqı, öz-özümə (davamını gətirə bilmir)...

 

- Çətindi, başa düşürəm.
- Ayaqyoluna girib, özümü sakitləşdirmişəm ki, heç kim görməsin. Bir dəfə sifarişi götürmək üçün masaya yaxınlaşanda, “İnter”in məşqçilərindən biri soruşdu ki, siz hakim deyildiz? Özümü eşitməzliyə vurub, uzaqlaşdım. Müdriyyətə yaxınlaşıb həmin masaya başqa ofisiantın qulluq etməsini xahiş etdim. Başa saldım ki, vaxtilə onların oyunlarını idarə etmişəm, indi külqabılarını dəyişməyə üzüm gəlmir. Onların yanında üstümə qışqırdı ki, get, qulluq et, işini işlə. Allah böyükdü, nə vaxtsa bir qapı açar bəlkə.

 

- Xaqani Məmmədova nəsə demək istəyirsən? 
- Nəsə demək yox, xahiş etmək istəyirəm. Mənə güvənməsini, irəli getməyim üçün əlimdən tutmasını xahiş edirəm (göz yaşlarını saxlaya bilmir). 5-6 ildi hakimliyin xəyalları ilə yaşayıram, inkişaf etmək, özümü göstərmək istəyirəm. Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov – hər birinin idarə etdiyi oyunlara baxıram, nələrisə öyrənirəm, götür-qoy edirəm. Mən də onlardan biri ola bilərəm. Xaqani Məmmədovdan xahişim odu ki, mənə güvənsin. 5-6 aydan sonra ümidlərini doğrultmasam, bir də bu sənətin adını dilimə alsam, kişi deyiləm.

 

Həbib, Futbol+ qəzeti

Tarix
19.11.17 [21:02]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Dekabr
16 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio