Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək”

21:35 19 Noyabr 2017

Elnur Cəfərovun “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov tərəfindən əvəzedici heyətə göndərilməsi haqda mətbuatda müxtəlif iddialar irəli sürülür.

 

Sportarena.az Futbol+ qəzetinə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcının bu addımı heç də səbəbsiz deyil. Belə ki, Elnurun U-21-in Kosovo ilə matçın ilk yarısında əvəzlənməsi aldığı zədəyə görəydi. Zədəsi ciddidi və müalicə alması müəyyən vaxt aparacaq.

 

Əhmədov bu addımı ictimaiyyətin “gözündən pərdə asmaq” üçün atıb. Cəfərov onsuz da qarşıdakı oyunlarda “ağ-qaralar”a kömək edə bilməyəcək deyə əvəzedicilərə göndərilib. Lakin orda da məşq etməsi, oyunlarda iştirakı mümkünsüz görünür. Hər halda, zədəsi 5-10 günə sağalana oxşamır. 15 gündən sonra isə çempionatın birinci yarısına yekun vurulacaq.
Heç şübhəsiz, Tərlan Əhmədovun da məsələylə bağlı deyəcəkləri var:

 

“Elnur Cəfərovun zədəli olub-olmaması qərarıma heç bir təsir göstərmədi. Onsuz da hələ o söhbət gündəmə gələndə özüm üçün götür-qoy etmişdim və nə edəcəyimi bilirdim. Həmin vaxt zədələnməmişdi də. Sadəcə, komandaya qoşulmasını gözləyirdim ki, fikrimi özünə çatdırım. Mən onu əsas komandadan uzaqlaşdırmışam. Nə bazaya ayağı dəyə, nə də əsas komandanın yanında görünə bilər. Bəli, zədəsi var və AFFA-nın hesabına zədəni müalicə etdirir. Baş məşqçi olaraq yanvarın 5-nə qədər onu əsas komandadan kənarlaşdırmışam. Məhz yanvarın 5-də onun məsələsinə rəhbərlik səviyyəsində baxılacaq. Birgə müzakirələrdən sonra yekun qərar veriləcək. 99 faiz “Neftçi”dən göndəriləcək. Atdığım addımı “don geydirmək” kimi qələmə verənlər də bunu bilsin”. 
 

Tərlan bəy fürsətdən istifadə edib üzünü bəzi həmkarlarımıza tutdu:

 

“Hamını demirəm, amma elə jurnalistlər var ki, “material” olsun deyə çıxış yolunu “baltalamaqda” görürlər. Gah elə yazılar, gah belə. Futbolçunu silmək biranlıq işdi. Evdə övlad səhv addım atanda, onu tərbiyələndirməyə, doğru yol göstərməyə çalışırıq. Heç bir valideyn səhvə görə uşağı silib atmır. Hansısa üsulla cəzalandırıb, ağıllanmasına çalışırlar. Biz məşqçilərin də üzərinə düşən iş budu. Bu dəqiqə əsas istəyim Elnurun yanvara qədər səhvini başa düşüb, düz yola gəlməsidi. Bilirəm, ilk belə əməli deyil. Deməli, düzgün istiqamət göstərəni olmayıb. Mən baş məşqçi olaraq cəza və cərimə yoluyla onu düz yola gətirməyə çalışıram. Dediyim kimi, 99 faiz “Neftçi”də qalmayacaq. Qalan 1 faizi də şans kimi saxlamışam. Əvəzedici heyətdə olduğu dönəmdə məşqdəki çalışmaları, özünü aparması və davranışları izləniləcək. Görsəm ki, yanvarın 5-nə qədər Elnurda ciddi mənada dəyişiklik olub, ona şans verəcəm. Bilməyənlər üçün bir daha təkrarlayıram: etdiyi hərəkətə görə Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək. Yığma və klubun imicinə vurduğu zərbə bağışlanmazdı. Bunu özü də yaxşı bilir. Uşaqdı, gəncdi, elə etməliyik ki, sabah başqa klubda eyni hərəkəti təkrarlamasın”.


Digər xəbərlər

Xəbər xətti