Ramiz Məmmədov: "Pul xərcləyib xaricdən futbolçu gətirməyə ehtiyac yoxdur" - LAYİHƏ

18:23 24 Noyabr 2017

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Ölkədaxili yarışların işıqlandırılması və təbliği, bölgələrin ölkədaxili yarışlardan kənarda qalması, ölkədaxili yarışların nüfuzu" mövzusunda layihənin icrasına davam edir.
 
Layihə çərçivəsində beşinci yazımızda fərqlilik etmək qərarına gəldik. Azərbaycan Premyer Liqaısnda mübarizə aparan komandalardan birinin əvəzedici komandası ilə tanış olmaq qərarına gəldik. Əvəzedicilərin yarışı Premyer Liqanın və Birinci Divizionun kölgəsində qalsa da, bu turnirin mahiyyəti çox böyükdür. Klubların akademiyalarında çıxış edən gənc futbolçular burada oynamaqla əsas komandaya düşmək şanslarını saxlayırlar. Bu hal dəfələrlə yaşanıb. Premyer Liqanın oyunları zamanı 21 yaşadək 2 futbolçunun adı iştirak ərizəsinə daxil edilir. Bu məqam əsas komandanın baş məşqçilərini daim axtarışda olmağa, bir gözünü əvəzedici komandaya ayırmağa vadar edir. Bu isə yeni istedadların kəşf edilməsinə zəmin yaradır.

 

Əvəzedicilərin turnirinin önəmli edən başqa bir amil də var. Əsas komandada çıxış edən oyunçular formalarını itirməmək üçün, cəzalı olduqları və ya zədədən sonra bərpa keçdikləri vaxtda məhz bu turnidə problemsiz iştirak etmək imkanı qazanırlar. Göründüya kimi, əvəzedicilərin yarışına marağın olmaması bu turnirin əhəmiyyətini itirmir.

 

 

Söhbəti çox uzatmadan keçirik mətləbə. Hansı komandanın düşərgəsinə getmıəklə bağlı seçim edərkən tərəddüd içində qaldıq. Sonda seçimimiz "Keşlə"dən yana etdik. O, "Keşlə" ki, son zamanlarda tarixinin ən pis vaxtlarını keçirir. Adını belə dəyişən  keçmiş"İnter", futbol strategiyası da tamamilə dəyişib. Bu, xüususilə hazırda əsas koamdnanın baş məşqçisi olan Ramiz Məmmədovuun əvəzedi heyətin koordinatoru vəzifəsinə təyin edilməsi ilə başladı. Baş məşqçi dəyişikliyi də onun gəlişi ilə başladı. Hazırda komandanın baş məşqçisi olan Rüstəm Əliyev məhz onunla birgə təyinat aldı.

 

Məmmədovun gəlişi ilə "Keşlə"nin əvəzedici heyətində köklü dəyişikliklər baş verdi. Klubun akademiyasında çıxış edən müxtəlif yaş qrupları üzrə istedadlı futbolçular komandaya cəlb olundu. Heyət demək olar ki, yeniləndi. Əsas komandanın oyun sistemi əvəzedicilərə də tətbiq edilməyə başladı. Onun əsas komandanın baş məşqçisi olmasından sonra isə əvəzedicilərdə çıxış edən futbolçuların əsas komandaya yolu açılmağa başladı. Bu və digər dəyişikliklərlə bağlı bütün məlumatları Ramiz bəylə müsahibə zamanı daha geniş şəkildə oxuyacaqsız.

 

Biz komandanın qonağı olarkən Əvəzedicilərin çempionatının 12-ci turu çərçivəsində "Keşlə" "Zirə"ni qəbul edirdi. Ev sahiblərinin işi olduqca çətin idi. Çünki rəqibin heyətində əsas komandanın bir neçə üzvü iştirak edirdi. Elə bunun nəticəsi idi ki, görüşün ilk hissəsi "Zirə"nin nisbi üstünlüyü ilə keçdi. Hesabı da məhz onlar açdılar. 29-cu dəqiqədə Müşfiq İlyasov fərqləndi. İkinci hissədə isə vəziyyət tamamilə dəyişdi. "Keşlə"nin futbolçuları rəqibi qapısına doğru sıxışdırmağa və qısa zamanda hesabı bərabərləşdirməyə nail oldular. 48-ci dəqiqədə Ürfan İsmayılov tarazlığı bərpa etdi. Qoldan sonra da hücumlarını davam etdirən ev sahibləri çoxsaylı qol imkanlarından yararlana bilmədilər. Hətta güclü təzyiq "Zirə"nin 74-cü dəqiqədə azlıqda qalmasına səbəb oldu. "Qartallar"ın əsas komandasının da üzvü olan Sadiq Quliyev hakim tərəfindən meydandan uzaqlaşdırıldı. Sonrakı dəqiqələrdə "Keşlə"nin səylərinə rəğmən hesab dəyişmədi - 1:1.

 

 

Oyundan dərhal sonra vaxt itirmədən yollandıq "Keşlə"nin futbolçuları ilə söhbətə. Qələbə qazana bilməyən komanda üzvlərinin bir qisminin əhvalı heç də yaxşı deyildi. Ələ düşən imkanlardan yararlana bilməyən futbolçular çox üzgün görünürdülər. Ramiz Məmmədov və baş məşqçi Rüstəm Əliyev futbolçularla söhbət edir, komandanı ruhdan düşməməyə səsləyir, bəzi hallarda isə səhvləri barədə məlumat verirdilər. 

 

Futbolçuların ilk həmsöhbətimiz Urfan İsmayılov oldu. O, Ramiz Məmmədovun gəlişindən sonra komandada yaxşılığa doğru dəyişikliklərin baş verdiyini bildirdi:

 

"Ramiz müəllim gələndən sonra "Keşlə"də gənc futbolçulara daha çox diqqət ayrılmağa başlanıldı. Oyun üslubumuzda inkişaf var. Bunu oyun vaxtı yəqin gördüz. Taktiki baxımdan rəqibdən açıq-aşkar üstün idik. Hətta qalib gəlmək üçün imkanlarımız var idi. Sadəcə qələbə topunu vurmaq mümkün olmadı".

 

Ardınca Əlibəy Məmmədli də fikirlərini bizimlə bölüşdü. O, baş verən dəyişikliklərin komandada ruh yüksəkliyi yaratdığını vurğuladı.

 

"Əvvəllər sadəcə aşağı yaş qrupları üzrə komandalarda məşq ediridk. Ancaq Ramiz müəllimin gəlişindən sonra yaşından asılı olmayaraq güclü futbolçular əvəzedici komandada çıxış etməyə başlayıb. Əsas komanda ilə birlikdə də məşqlərimiz olur. Gənc futbolçular Premyer Liqada da debüt etməyə başlayıblar. Çalışacağıq ki, bizə verilən şanslardan maksimum yararlanaq. Təcrübə qazandıqca daha yaxşı yerlərə yüksələcəyik. Məşqçilərimiz və əsas komandanın üzvləri təcrübə baxımından bizə çok köməklik edirlər".

 

Daha sonra əvəzedicilərin kapitanı Sinan Akkoyunla komanda barədə söhbətləşdik:

 

"Hər şey Ramiz Məmmədovun gəlişi ilə başladı. O, əvvəlcə komandamıza koordinator, ardınca klub prezidenti tərəfindən Zaur Axundov tərəfindən əsas komandaya baş məşqçi təyin edildi. Bu da bizim yolumuzu açdı. Artıq komandada gənclərə xüsusi diqqət var. Ramiz müəllim həmişə bizə deyirdi ki, öz oyununuzu oynayın, əziyyətin bəhrəsin görəcəksiz. Elə də oldu. Artıq əsas komanda ilə oyunlara çıxırıq. Bu da bizim inkişaf etməyimizə kömək edir. Komandanın oyun sistemində dəyişikliklər olub. Yeni sistemə uyğunlaşmağa çalışırıq". 

 

 

Futbolçularla söhbəti yekunlaşdırdıqdan sonra komandanın baş məşqçisi Rüstəm Əliyevlə də həmsöhbət olduq. O, ilk olaraq komandasının hazırkı vəziyyətindən danışdı:

 

"Komanda ilə 3-4 aydı bir yerdəyik. Yayda yenidən qurulmuş komandadı. Sağ olsun klub rəhbərliyi yeni mövsüm öncəsi təlim-məşq toplanışı keçdik. Vaxt keçdikcə komanda formaya düşür. Biz hazırda olduğum 4-5-ci sıralara layiq deyilik. 1-2-ci yerlər uğrunda mübarizə aparmalıyıq. Məqsədimiz də budur. Rəhbərlik bizdən nəticə tələb etməsə də, bir məşqçi kimi gözəl oyunla yanaşı, nəticə qazanmağı istəyərik. Yaxşı oyun nəticə gətirir. Komandanın mövsümdəki çıxışı da bizi qane edir. Komandam layiqli mübarizə aparır.

 

Komandamızda akademiyamızın yetirməsi olan futbolçular çıxış edir. Onlar əsas komandaya qədər yüksəlmək şansı əldə edirər. Potensialları var, sübut edirlər ki, heç kimdən zəif deyillər. Əsas heyətdə oynamağa layiqdilər. Onlara olan ümidlərimiz böyükdür. İnanırıq ki, yaxın zamanda onlar əsas komandamızın aparıcı simalarına çevriləcəklər"

 

 

Hüseynov qış fasiləsi zamanı komandanın bir neçə üzvünün əsas komandaya qoşulacağını bildirdi:

 

"Qış fasiləsi zamanı "Keşlə"yə kənardan futbolçu gətirilməsi planlaşdırılmır. Çalışacağıq ki, əvəzedici heyətin futbolçuları cəlb edilsin. Bu yöndə işlərimiz davam edir. MOİK-də çıxış edən Emin Quliyev hərbi xidmətini başa vurub. Hazırda hərbi xidmətdə olan Ceyhun Muxtarovu da rəhbərlik komanday qaytarmağa çalışır. Onlar və daha bir neçə futbolçu əsas komandanın üzvü olacaqlar.

 

Növbəti mövsümdən azı 3 futbolçumuzun "Keşlə"nin əsas heyət üzvlərindən birinə çevriləcəyinə inanırıq. Bunu gözləyirik. Futbolçuların hər birinn potensialına bələdik. Çalışırıq ki, onlar inkişaf etsinlər. İnşallah yaxın illərdə "Keşlə"də daha çox öz yetirmələri çıxış etməyə başlayacaq".

 

 

Futbolçu və məşqçi heyəti ilə söhbətimizə yekun vurduqdan sonra yollanırıq Ramiz Məmmədovun otağına. Vaxt itirmədən Ramiz müəllimə suallarımızı ünvanlamağa başlayırıq.

 

- Qısa zaman kəsiyində öncə əvəzedici komandanın koordinatoru təyin edildiz, ardınca əsas komanda da sizə həvalə olundu. Bu müddət ərzində "Keşlə"də bir sıra vacib dəyişikliklər baş verdi. Baş verən prosesiləri sizin dilinizdən eşidək...

- Əvvəla gəldiyiniz üçün təşəkkür edirik, xoş gəlmisiz! Bura gəldiyim ilk gündən bizə təyinat verən insanın - Zaur Axundovun ümidlərini doğruldaq. Bura gəldiyimiz zamanda artıq gənc futbolçularının yetişdiyini hiss edirdik. Komandamızın oyununu izlədiz. Artıq neçə vaxtdı uğurlu oyunlar seriyamız var. Azarkeşlər yaxşı bilir, mənim qurduğum komandalar həmişə mübariz olub. Şükür Allaha mübarizlik, döyüşkənlik hisslərini gənclərimizə aşılaya bilmişik. Artıq bunları meydanda görürəm. Meydanda uduzmağı sevmədiklərini sübut edirlər. Rəhbərlikdə bizə hər cürə dəstək olurlar. Heç nəyimizi əsirgəmirlər. 

 

- Əvəzedici komandaya təyin olunarkən, burada ilk gördüyünüz işlər nə oldu? Zaur Axundovun nə kimi tapşırıqları oldu?
- Bura gəldiyimiz zaman ilk iş aşağı yaş qrupları üzrə komandalarda üzdə olan futbolçuları əvəzedici heyətə cəlb etdik. Onlarla birgə həmin yaş qrupları üzrə komandalarda çalışan bütün məşqçiləri də məşqçilər korpusuna təkim etdik. Və bundan sonra əsas komandanın oyun sisteminə uyğun olaraq çalışmağa başladıq. Bu, bütün yaş qruplarına aid idi. Məşqçilər də bu səbəbdən məşqçilər korpusuna cəlb etmişdik. Onlar məşq prosesində gördüklərini komandalarında da tətbiq etməli idilər. Bunu ona görə etdik ki, aşağı yaş qruplarındakı futbolçular komandanın oyun sistemini tez öyrənsinlər və bütün dəyişikliklərdən xəbərdar olsunlar. Şükür Allaha bunun nəticəsini görürük. Futbolçular bu cəhətdən əsas komandalara artıq hazır gəlirlər.

 

Vaxt keçdikcə əsas komandanın oyun üslubunda dəyişikliklər olur. Bu dəyişikliklər barədə məşqlərdə məşqçilərə məlumat verilir ki, onlarda eyni şeyləri öz komandalarında tətbiq etsinlər. Bütün bu məsələlər nəzarətdə saxlanılır.

 

 

- Artıq ilk işlər görülüb. Bəs bu işdə qarşıya məqsəd nədir?
- Bizim bu işdə məqsədimiz yerli futbolçularını yetişdirmək və onlardan bəhrələnməkdi. Nəinki "Keşlə"nin aşağı yaş qruplarında, Azərbaycanın hər bir bölgəsində, Birinci Divizion klublarının hər birində istedadlı uşaqlarımız var. Onları üzə çıxarıb, inkişafına nail olmaq lazımdır. Baxın, Azərbaycanda futbolçuların inkişaf 17-18 yaşlarından sonra dayanır. Mən bunu bir məşqçi kimi görürəm və bunu aradan qaldırmaq istəyirəm. Mənim məqsədim odu ki, elə uşaqları bura cəlb edib, əvəzedici komandada mütəmadi oynatmaq istəyirəm. İmkan düşdükcə isə daha böyük şanslar verməyi hədəfləyirəm. İnşallah yaxın günlərdə həmin azyaşlı futbolçuları da görməyə başlayacağıq. Yekun məqsədimiz "Keşlə"nin əsas komandasına futbolçu verməkdi. Pul xərcləyib xaricdən futbolçu gətirməyə ehtiyac yoxdur. İstedadlı futbolçularımız var və onların üzərində çalışıb, hər birinə şans vermək lazımdır.

 

- "Qarabağ" və "Neftçi" illər əvvəl gənc futbolçularla bir başlanğıc edib qrup mərhələsinə qədər irəliləmişdilər. Qurban Qurbanovun həmin əsas komandaya cəlb etdiyi futbolçular bu gün həm Ağdam klubunun, həm də milli komandanın vacib futbolçularıdılar. Siz də bu təcrübədən yararlanmaq istəyirsiz?
- Əvvəla mən Qurban Qurbanovu yeni təyinatı münasibəti ilə təbrik edirəm. Ona güvənən insanlara təşəkkür bildirmək istəyirəm. Çox doğru qərar veriblər. Bu, çox böyük proyektdir. Qurban Qurbanovun milliyə gəlişi Azərbaycan futbolçu və azərbaycanlı futbolçular üçün inkişaf mərhələsi olacaq. İnanıram ki, Qurban müəllim futbolumuza böyük tövhələr verəcək.

 

Düz vurğuladız, vaxtilə Qurban Qurbanovun şans verdiyi gənc futbolçular bu gün tarix yazırlar. Onların adlarını sadalamağa ehtiyac görmürəm. Hər biri milli komandamızın əsas üzvləridir və artıq Avropada da məhşurlaşıblar. Biz də "Keşlə" klubu olaraq bu yöndə iş görürük. Hədəfimiz Azərbaycana və milli komandamıza futbolçular qazandırmaqdır. İnşallah yaxın illərdə siz də görəcəksiz ki, "Keşlə"nin oyunçuları milli komandaların aparıcı futbolçularına çevriləcək.

 

- Artıq ölkə futbolunun diqqəti milli komandaya yönəlib. Yığmanın qarşısına AÇ-2020-ə vəsiqə qazanmaq məqsədi qoyulub. Bunun üçün bildiyiniz kimi, artıq iki yol var. Həm seçmə mərhələ, həm də Millətlər Liqası. Belə olan halda milli komanda üçün yeni heyət formalaşdırmalıdır. İndiki halda "Keşlə"də istedadlı futbolçular varmı ki, yaxın 2 il ərzində milli komandaya cəlb olunsunlar? Yəqin ki, Qurbanovla görüşmək imkanınız olacaq. Ona məsləhət edəcəyiniz futbolçular varmı?
- Bəli, var. Gələcəyin müdafiəçilərindən Ceyhum Muxtarovu deyə bilərəm. Hazırda hərbi xidmətdədir. Müdafiə naziri Zakir Həsənov, müavini Nəcməddin Sadıqova və AFFA rəhbərliyinə təşəkkür edirəm ki, klubumuzun prezidenti Zaur Axundovun Ceyhunla bağlı müraciətini müsbət cavablandırdılar. O, yaxın vaxtlarda nazirin əmri ilə MOİK-in sıralarına qoşulacaq. Yəqin ki, oradan da komandamızın sıralarına qoşulacaq. İnanıram ki, Ceyhun Muxtarovla birgə daha bir neçə futbolçumuz - hazırda əsas komandamıza cəlb edilən oyunçular yaxın zamanlarda əsas və U-21 yığmamızın əsas üzvlərinə çevriləcəklər.

 

- Bizim suallarımız başa çatdı. Sonda sizin əlavə edəyiniz nəsə varsa, buyurun...
- Bizim hamımızın borcluyuq ki, Azərbaycan futboluna yaxşı futbolçular yetişdirib, onların ölkədən kənarda üzə çıxardaq. Dünya futboluna öz oyunçularımızı bəxş edək. Adlarını çəkmək istəmirəm, üzdən iraq qonşularımızın (red - erməniləri nəzərdə tutur) futbolçuları özlərini Avropada göstərirlər. İstəyirəm ki, biz də yaxın zamanda filan övladımız Avropanın top klublarında oynayır deyək. Məqsədimiz, arzumuz budur. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.

 

Sonda vurğulayaq ki, layihə yazıldığı müddətdə "Keşlə"nin əvəzedici heyəti 7-ci turdan təxirə salınmış görüşdə "Neftçi" 2:0 hesabı ilə məğlub etməyi bacarıb. Bu nəticədən sonra xalını 18-ə çatdıran komanda 4-cü pillədəki mövqeyini qoruyub.

 

Heybət Məmmədov
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti