Elşad Quliyev: Məqsədimiz "Araz" səviyyəsində komanda yaratmaqdı

16:17 29 Noyabr 2017

Futzal üzrə Yüksək Liqada iştirak edən və liderin ən yaxın izləyicisi olan “Marafon Futsal”ın baş məşqçisi Elşad Quliyev AFF-nin "facebook" səhifəsinə müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- 9 tur başa çatıb. Arxadan qalan turları nəzərə alıb, çempionatın gedişini necə qiymətləndirirsiz?
- Hələ heç nə məlum deyil. Son 2-3 ildəki mövsümlə müqayisədə hazırkı çempionat daha maraqlı keçir. Mükafatçılar sırasına düşmək istəyirsənsə, sayıqlığı əldən verməməlisən.

 

- “Marafon Futsal”ın liderlər qrupunda yer alması sürpriz oldu. Debütantın bu sıçrayışı sizin üçün nə dərəcədə gözlənilən idi?
- Adətən birinci ilində komandalar müəyyən çətinliklərlə üzləşirlər. Bura çempionata alışmaqdan tutmuş, oyunların ağırlığına qatlaşmağa qədər hər şey daxildi. Məşqçi kimi Yüksək Liqada ilk işim deyil. Buna qədər də “Fənərbaxça”da işləmişəm və müəyyən qədər təcrübəm var. Əslində, “4-lük”də yer alacağımızı gözləyirdik.

 

- Hansı oyunda komanda istədiyinizi tam şəkildə nümayiş etdirə bildi, hansı qarşılaşmada təəssüf doğurdu? 
- EKOL-la oyunda nə düşünmüşdüksə, onu yerinə yetirdik. “Araz”la matçda isə məğlub olsaq da, nəzərdə tutduğumuzun 80 faizini icra etdik. Ancaq “Neftçi”yə qarşı keçirdiyimiz oyun təəssüf doğurdu. Uşaqların oyunu heç alınmadı. Bu da oyunçuların ustalıq səviyyəsinin yüksək olmamasından irəli gəlirdi. Məşqdə hazırladığımız “ev tapşırığı”nı unudurlar, dediklərim bəzən yaddan çıxır və s. Hələ ki tam alışmamışıq, vaxt lazımdı.

 

- Komandaya yeni oyunçu dəvət etməyi düşünürsüz?
- İkinci dövrə başa çatdıqdan sonra “transfer pəncərəsi” açılacaq. 1-2 oyunçu dəvət etməyi düşünürük. Təbii ki, hər şey maliyyə durumumuzdan asılı olacaq. Elə etməliyik ki, büdcədə nəzərdə tutulmuş limiti keçməyək.

 

- Növbəti turda birinci dövrədə məğlub etdiyiniz EKOL-la qarşılaşacaqsınız. Təcrübəli rəqibinizin son oyunlarını izləyirsinizmi?
- EKOL-un oturuşmuş və keyfiyyətli oyunçulardan qurulmuş heyəti var. Onlar neçə ildi bir komandada oynadıqlarından, anlaşma problemi yaşamırlar. Biz isə istəkliyik. Şanslar 50-nin 50-yədi.

 

- Hansı komandanın çıxışı gözlədiyinizdən aşağı alındı?
- “FK.İD.Futsal”dan çox şey gözləyirdim. Amma onlar potensiallarından aşağı çıxış edirlər. Halbuki heyətləri bizdən daha güclüdü. EKOL, “Neftçi” və “Araz” əvvəl necə idisə, indi də o şəkildə davam edirlər. 

 

- Bəs “Araz”ın hegemonluğuna son qoymaq mümkün olacaqmı?
- Bir ilin içində bu çətindi. Planlarımız üzünmüddətlidi. “Araz” bu səviyyəyə yüksəlmək üçün illərini xərcləyib. Onlar çox işlər görüblər, ölkəmizi dünyada tanıdıblar. Məqsədimiz gələcəkdə bir qədər də güclənib “Araz” səviyyəsində komanda yaratmaqdı. Buna nail olmaq üçün vaxt lazımdı. Bir il ərzində bunu reallaşdırmaq sadəcə, mümkün deyil. Yenə deyirəm, “Araz” bu səviyyəyə çatmaq üçün 10 ildən artıq vaxt sərf edib.

 

- Komandanızın maliyyə durumu, şəraiti necədi?
- Şəraitimiz yüksək səviyyədədi. Məşq və fitness zallarımız var. Bu baxımdan problem yoxdu, hər şey əladı. Maliyyə ilə bağlı da çətinliyimiz yoxdu, vəd olunan məbləği verirlər. Amma imkanlarımız “Araz”, EKOL qədər geniş deyil.

 

- Hakimlərin idarəçiliyi ilə bağlı qeyd etmək istədiyiniz məqamlar varmı?
- Bu il oyunları daha yaxşı, obyektiv idarə edirlər. Səhvlər olur, bu da insan amili ilə bağlıdı. Biz baş məşqçilər, meydanda oyunçular səhv etdikləri kimi, onlar da müəyyən yanlış qərarlar verirlər. Ancaq qərəz olmadığına görə, böyütməyə də ehtiyac yoxdu. Bu mövsümkü idarəçilikləri daha yaxşı səviyyədədi.

 

- Oyunların canlı yayımlanması futzalçılar üzərində təzyiq yaradırmı?
- Əksinə, müsbət mənada təsir edir. Artıq geniş auditoriyanın çempionatdan xəbəri olur. Əvvəlki illərdə kimin hansı komandada oynadığını bilmirdilər. İndi oyunların keçirilmə vaxtını, tarixini də bilirlər. Bir təklifim var. Mümkünsə, oyunlar axşam saatlarında keçirilsin. Çünki oyunların erkən saatlarda başlaması azarkeşlərin zala gəlməsinə təsir edir. Əksər insanlar işdə olur. Oyunlar iş saatından sonra keçirilsə, onda zala axın da çoxalar.


Digər xəbərlər

Xəbər xətti