Prosineçki: "Azərbaycan millisi ilə bundan artığını etmək mümkün deyil"

15:29 4 Dekabr 2017

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yığmamızla müqavilə müddətini artırmamasının səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi müsahibədə yeni müqavilə bağlamamasına səbəb kimi millimizlə daha yüksək nəticənin qazanacağına inanmamasını göstərib:

 

“Başa düşdüm ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil və getmək vaxtım çatıb. Dünya çempionatının seçmə mərhələsində çox çətin görünən 10 xal topladıq. Norveçi məğlub etdik, Çexiya ilə bərabərə qaldıq. Bundan əlavə, məğlub olmağımıza baxmayaraq, Almaniya və İtaliya ilə görüşləri əla keçirdik. O ki qaldı Xorvatiya ilə matça, komandamdan yalnız cəsarətli futbol istəmişdim. Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Futbol oynamağı tələb edirdim, müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm”.

 

Prosineçki 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrına qədər Azərbaycan millisini çalışdırıb. Onun AFFA ilə müqaviləsi dekabrın 3-də başa çatıb.


Xəbər xətti