Arif Əsədov: "Bu xəbəri ilk sizdən eşidirəm"

17:56 5 Dekabr 2017

Prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə o, vergilər naziri təyin olunub.

 

Sportarena.az xəbər verir ki, bu xəbər futbol ictimaiyyətində də böyük marağa səbəb olub. Çünki Mikayıl Cabbarov yayda Təhsil Nazirliyini nəzdində "Sabah" komandasını təsis etmiş və bu klubun Birinci Divizionda iştirakını təmin etmişdi.

 

Bu xəbərdən sonra "Sabah"ın gələcəyinin necə olacağı böyük maraq doğurur. Bu məqsədlə komandanın baş məşqçisi Arif Əsədovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis klub təsis edildiyi ilk gündən bu işin içində olub, klub və komanda ilə bağlı məsələlərdə bir başa iştirak edib.  Bu məqamı nəzərə alıb Əsədovla əlaqə saxladıq. Verdiyimiz xəbər onu xeyli təəccübləndirdi. O, prezidentin sərəncamından xəbərsiz olduğunu bildirdi:

 

"Açığı, bu xəbəri ilk sizdən eşidirəm. Yəqin yenicə verilmiş qərardı. Bu barədə heç nə deyə bilməyəcəm. Nəyin necə olacağını bilmirəm. Yeni nazir təyin edildikdən sonra bu barədə bir söz demək olar. Mikayıl Cabbarovu təbrik edir, ona yeni işində uğurlar arzulayıram".

 

Əldə etdiyimiz məlumata görə, Ölkə prezidentinin təyinatından sonra kluba Cabbarov yox, yeni nazir rəhbərlik edəcək. "Sabah"ın çıxışında problem yaranmayacaq və büdcəsində heç bir azalma olmayacaq.

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti