Qurban Qurbanov: "Həyat tərzində doğru yol tutanlar millidə olacaq"

16:07 9 Dekabr 2017

2017-ci ilin ən baş məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb:

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- 2017-ci ili necə dəyərləndirirsiz?
- Çox ağır və yaddaqalan il oldu. Çempionluq və ölkə kuboku öz yerində, azarkeşlər son iki ildə Çempionlar Liqasının qrupuna düşmək istəyirdilər, hətta demək olar ki, tələb edirdilər. Ağır mövsüm keçdi. Biz də ÇL-in qrupuna düşməyi bacardıq. Bu il həm çempion olduq, ölkə kubokunu qazandıq və ÇL-in qrupuna düşdük. Dekabrda Premyer Liqanı lider başa vurmağı istəyirdik və ili lider başa vurduq. Bu il son hədəfimiz isə ölkə kubokunda mərhələ adlamaqdı. Bu da baş versə, tam uğurlu olacaq. Xoş il oldu. Bəzən futbolçular, məşqçilər və rəhbərlik kiçik uğur qazananda rahatlaşır və “Gələn il qrupa düşməsək də, heç kimin heç nə deməz” düşünür. Amma biz belə düşüncələrin qarşısını aldıq. ÇL-in qrupuna düşməyi bacardıq. “Qarabağ”ın rəhbərliyinə, futbolçularına və azarkeşlərinə təşəkkür edirəm. Uğurlar biz rahat etməli deyil. İlin məşqçisi mükafatı mənim məsuliyyətimi daha da artırır. Həqiqətən də bu ili uğurlu adlandırardım. Məni üzən iki böyükhseablı yenilgi oldu. “Çelsi”yə ev və səfər matçlarında uduzduq. İstəməzdim belə olsun. Amma real yanaşaraq komandaların gücünə baxsaq, futbolda belə hesablar olur. Bunu normal qarşılamaq olur. Azarkeşlərimizi belə məğlubiyyətlər hazır etdik. İki komanda arasında matçda belə hesablar olur. Uğurlu il alındı.

- 8-ci dəfə ölkədə ən yaxşı baş məşqçi seçildiz. Çempionlar Liqasında komandanız 2 xal topladı. Özünüz üçün müqayisə etsəz, hansı daha uğurludu?
- Mənim üçün olmasın, azarkeş və komanda üçün olsun. Məni yaxşı tanıyırsız. Düşüncələrim belədir. Bunun tərəfdarıyam. İlin məşqçisi seçilmək arzusunda olmamışam. Çıxışımda da unutdum, xahiş etmək istəyirdim ki, çox da mənim haqqımda yazılar, təriflər olmasını istəmirəm. İstəyirəm “Qarabağ”a və azarkeşlərə tərif olsun. İki xal və böyük komandaların Azərbaycana gəlməsi mənim üçün daha üstündür, nəinki ən yaxşı seçilməyim.

- Millinin baş məşqçisi kimi mətbuat konfransı nə vaxt olacaq?
- Qəti qərar verməmişik. Dekabrın 20-dən sonra ola bilər.

- Uzun müddət milliyə dəvət almayan Rauf Əliyev, İlqar Qurbanov və Rüfət Dadaşovun yenidən yığmaya dəvət alacağı gözlənilir?
- Düzünü deyirəm, hələ qərar verməmişik. Futbolçuları tanıyırıq. Təxmini olsa da, potensiallarına bələdəm. Raufun nəyə qadir olduğunu bilirəm. Digərlərinin də həmçinin. Yanımda olmayan oyunçulara ola bilər ki, tam bələd olmayım. Mənə vaxt lazımdır. İlk toplantıdan sonra dəyişikliklər olacaq. Ola bilər ki, ilk toplanışa dəvət almayan bəzi oyunçular da olsun. Bu, milli komandadır. Mən nə qədər məsuliyyətli yanaşıramsa, futbolçu ikiqat yanaşmalıdır. Bakı kiçik şəhərdi, hər yerdən məlumatlıyıq. Futbolçuların hansı həyat yaşadıqlarını və harda olduqlarından məlumatlı oluruq. Kim harda olur, nə edir bilirik. Buna görə də yığmada məsuliyyətli insanlar olmalıdır. Təkcə futbolu düşünən və bununla nəfəs alan deyil, həyat tərzində doğru yol tutanlar millidə olacaq. Ola bilər ki, kimdənsə zəif və aşağı səviyyədə olsun, amma yetər ki, işində məsuliyyətli olsun. Problemli və bundan sonra problem yaşadacağı gözlənən futbolçuların yığmada olmasını istəməzdim. Hamı özünü yaxşı mənada hazırlamalıdır və milliyə hazır etməlidir.

- Bu, Kamran Ağayevə də mesajdır?
- Xeyr. Niyə? Ümumi deyirəm. Hər futbolçu ilə yaxından maraqlanacam. Bu məsələdə ciddi olacam. Kollektiv şəkildə birlik olmalıdır. Bu, yığma komandadır. Bəzən üzdə hər şey qaydasında görünür. Müsahibələrdə, açıqlamalarda vətənpərvər kimi görünür, amma eşidirsən ki, tam fərqli sözlərdir. Tam diqqət yetirəcəyik. Komandanı formalaşdırmaq üçün 1-2 ilə ehtiyac olacaq. 10-15 futbolçu olsun, amma məsuliyyətli, ürəkli və ciddi şəkildə işinə yanaşsın.

- Bir zamanlar Türkiyədə də belə metod var idi. Hətta 2002-ci ildə də dünya çempionatında 3-cü yeri tutmuşdular.
- Türkiyədən fərqliyik. Qardaş ölkədə 80 milyon insan yaşayır. Orda futbolçu tapmaq daha asandır, bizdə isə çətindir. Biz daha fərqli baxacağıq. Bu işləri etməsək, futbolçu formalaşdırmaq çətin olacaq. Şenol Günəşlə belə söhbətim olmayıb. Məşqçi kimi öz prinsiplərim olacaq.

- Yığmanın toplanışdakı rəqibləri bəllidi?
- Xeyr, heç nə məlum deyil.


Digər xəbərlər

Xəbər xətti