Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi - FOTOLAR

12:25 15 Dekabr 2017

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.  

Sportarena.az xəbər verir ki, çempionatın aşılış mərasimi idmançıların paradı ilə başlayıb.  Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib ki, güləşin inkişafı bu kimi yarışlardan başlayır. Natiq əmin olduğunu deyib ki, bu çempionatın qalib və mükafatçıları yığma komandanın üzvü kimi gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda məsuliyyətlə təmsil edəcək. 

Daha sonar çıxış edən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov vurğulayıb ki, güləşçilər daima ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan ruhlanaraq yüksək nailiyyətlər qazanır, xalqımızı sevindirir. 

“Güləşçilərimiz ötən il Rio Yay Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc medal qazanaraq güləş tariximizdə yeni bir səhifə yazdılar. Bu il isə sərbəst güləşçimiz Hacı Əliyev 3 qat Dünya çempionu oldu. Bütün bunlar çox böyük nailiyyətlərdir.”

Qarşıda güləşçiləri Qitə və Dünya çempionatları, 2020-ci ildə isə Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının gözlədiyini bildirən Sahib Ələkbərov bu mötəbər yarışlarda böyük nəticələr əldə etmək üçün idmançıların mütəmadi olaraq turnirlərə qatılmaqla təcrübə toplamalarının və gələcək böyük yarışlara hazırlaşmalarının vacibliyinə diqqət çəkib. 

Natiq bildirib ki, bu gün beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəltmək, himnimizi səsləndirmək hər bir Azərbaycan idmançısının əsas hədəfi olmalıdır. 

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Parad iştirakçıları xalçanı tərk etdikdən sonra yarışlar davam edib. İlk yarış günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 90 pəhləvan mübarizə aparıb. 

Məlumat üçün bildirək ki, Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar. 

 


Xəbər xətti