Sportarena.az
21 Yanvar 2018

Maksimovun “Tavriya”da ilk qolu və ya köhnə rəqiblərlə yeni mübarizə - YAZI

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keşlə” Yuri Maksimovla müqaviləni rəsmiləşdirdi. Əvvəllər “İnter” adlanan klubu çempionatın ikinci hissəsinə ukraynalı mütəxəssis hazırlaşdıracaq.

 

49 yaşlı məşqçi bir il çıxış etdiyi (1989-1990) “Tavriya”da Bakıya gəlib çıxa bilib. Həmin vaxt həm “Neftçi”, həm də Simferopol komandası SSRİ çempionatının I dəstəsində çıxış edirdi. 1990-cı il, oktyabrın 17-də Leninin adını daşıyan Respublika stadionunda Maksimov meydana çıxmasa da, oyunu kənardan izləyir və “Neftçi” “Tavriya” üzərində 2:1 hesabı ilə qələbə qazanır.

 

20 yanvar hadisələrindən sonra Bakıda futbol heç kimin yadına düşmürdü. Ayrı vaxt ağzına kimi dolu olan stadionda həmin matçı cəmi 3 000 azarkeş izləmişdi. Xalq Azadlıq hərəkatı haqda düşünməklə yanaşı, iqtisadi çətinlikdən də baş çıxarmağa çalışırdı. Təkcə futbol yox, incəsənət, musiqi sahəsi də iflic vəziyyətinə düşmüşdü. Kinoteatrların mebel salonu kimi işlədilməsinə start verilən vaxtlar idi.

 

“Neftçi”nin heyətində yalnız yerli fubol məktəbinin yetirmələri qalmışdı. Düzdür, start heyətində meydana çıxan Yuri Yesaulov sizi çaşdıra bilər. Ancaq 1962-ci ildə anadan olan əslən ukraynalı müdafiəçi karyerasına Azərbaycanda - “Xəzər Lənkəran”da başlayıb. O, sonrakı illərdə Bakının “Gənclik”, Sumqayıtın “Vosxod” və “Xəzər”, həmçinin “Neftçi”də çıxış etmişdi. “Ağ-qaralar”ın “Tavriya”nı 2:1 hesabı ilə məğlub etdiyi matçda Yesaulov sarı vərəqə almışdı. Komandamızın qollarını isə Arif Əsədovla penaltidən Vəli Qasımov vurmuşdu.

 

“Keşlə”nin yeni baş məşqçisi Maksimovun heç vaxt unutmadığı matç isə bundan beş ay öncə mayın 30-da keçirilib. Simferopolun “Lokomotiv” stadionunda 8200 tamaşaçının izlədiyi qarşılaşmada qapılara 4 qol vurulub – 2:2. Hesabı 3-cü dəqiqədə “Neftçi”nin həmin dövrdə ən sərrast hücumçularından olan Vəli Qasımov açıb. Amma 10 dəqiqə sonra “Tavriya” tarixinin 138 qolla 2-ci bombardiri olan Aleksandr Qaydaş hesaba tarazlıq gətirib. 23-cü dəqiqədə 21 yaşlı yarımmüdafiəçi Maksimov Simferopol komandasının heyətində ilk qolunu vurur. Həmin vaxt “Neftçi”nin qapısını hazırda “Qarabağ”ın qapıçılarla iş üzrə məşqçisi olan Elxan Həsənov qoruyurdu. Qış fasiləsindən sonra Maksimovun Həsənovun komandası ilə görüşmək imkanı olacaq. Həm də təkcə onunla yox... Simferopol səfərində Bakı klubunu məğlubiyyətdən qurtaran qolun müəllifi Samir Ələkbərov olur. Yesaulov bu oyunda da sarı vərəqə alır.

 

Qeyd edək ki, həmin oyuna qədər “Neftçi” turnir cədvəlində 20 komanda arasında 14-cü, “Tavriya” isə 17-ci yeri tuturdu. Maraqlıdır ki, 1990-cı il mövsümünü hər iki komanda qonşu pillələrdə başa vururlar. “Neftçi” və “Tavriya” 38 xalla 8-9-cu yerləri bölüşürlər.
Maksimovun 27 il öncə görüşdüyü rəqibləri yenə rəqib kimi qarşısına çıxacaqlar. 

 

Simferopolda 90 dəqiqə meydanda olan Tərlan Əhmədov hazırda “Neftçi”nin baş məşqçisidir. Hələ Maksimovu çempionatda Yunis Hüseynovun “Kəpəz”i də gözləyir. Gəncə klubunun baş məşqçisi də həmin vaxt “Nefçi”nin heyətində çıxış edirdi. Vidadi Rzayev isə Hüseynovun “Kəpəz”dəki köməkçilərindən biridir.

 

“Tavriya” – “Neftçi” 2:2
30 may, 1990-cı il. Simferopol, “Lokomotiv” stadionu. 8200 tamaşaçı
Hakim: Kartavtçev (Moskva).
“Tavriya”: Beloşapka, Turçinenko, Qaydaş, Smiqunov, Fokin, Volkov, Maksimov, İsayev (Dementyev), Poqorelov, Şeyxametov (Şemetyev).
“Neftçi”: Elxan Həsənov, Arzu Mirzəyev, Əsgər Abdullayev, Yuri Yesaulov, Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi Rzayev, Arif Əsədov, Vəli Qasımov, Samir Ələkbərov.
Qollar: Qasımov, 3 (0:1), Qaydaş, 13 (1:1), Maksimov, 23 (2:1), Ələkbərov, 65 (2:2).
Sarı vərəqələr: Yesaulov, Rzayev (hər ikisi “Neftçi”).

Tarix
26.12.17 [18:16]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Yanvar
20 Yanvar 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2018 Sportarena.az
Saytı hazırladı: Five studio