"Maddi tərəfi düşünsəydim, çoxdan başqa komandaya keçmişdim" - MÜSAHİBƏ

18:38 28 Dekabr 2017

Yüksək Liqada iki dövrə başa çatıb və komandalar fasiləyə yollanıb. Turnir cədvəlinə “Araz” başçılıq etsə də, bombardirlərin yarışında debütant “Marafon Futsal”ın kapitanı Renat Sultanov liderdi. Onun xüsusilə də “Neftçi” ilə dueldə vurduğu qol baxımlı alındı. 

 

Sportarena.az xəbər verir ki, buna görə, AFF-nın rəsmi "facebook" səhifəsi hücumçu ilə söhbətləşmək qərarına gəlib. Həmin müsahibəni təqdm edirik.

 

- 2017-ci ilə “Neftçi”ylə oyunla yekun vurdunuz. Birinci dövrədə məğlub olduğunuz rəqibdən revanş aldığınızı demək olarmı?

- Bəli, revanş aldıq. Düzdü, həmin oyunda itirdiyimiz 3 xalı bizə qaytarmadılar. Ancaq bu qələbə ilə bildirdik ki, həmin vaxt hesab oyuna görə olmamışdı. Sadəcə olaraq, onlar əks-hücumlarda bizi yaxaladılar və qollar vurdular. Bu dəfə 2-ci dövrənin son oyunu idi, fikirləşdik ki, meydana final qarşılaşması kimi çıxaq. Üstəlik, yenilginin də əvəzini çıxmalıydıq. Turnir cədvəlindəki mövqeyimizi də möhkəmləndirmək üçün qələbəyə ehtiyacımız var idi. Buna nail olduq.

 

- Qış fasiləsinə ikinci pillədə yollandınız. Debütant üçün bu nəticəni necə dəyərləndirirsən?

- Yüksək Liqada birinci ilini keçirən komanda üçün super nəticədi. Digər rəqiblərimizlə xal fərqi kifayət qədərdi. Ancaq arxayınlaşmaq olmaz. Qış fasiləsindən sonra daha çətin olacaq. İndi komandalar bir-birini daha yaxşı və yaxından tanıyırlar. Futzaldı, çox şey dəyişə bilər. Heç kim sensasiyaların olmayacağına təminat vermir.

 

- Arxada qalan 2 dövrə ilə bağlı hansı məqamları qeyd edə bilərsən?

- Qeyd edəcəyim ilk məqam çempionatın həqiqətən də maraqlı keçməsi ilə bağlıdı. İstənilən komanda rəqibinə qarşı sona qədər mübarizə aparır. Əvvəllər çempionat haqda danışanda deyirdik ki, “Araz”ı çıxmaq şərti ilə, amma indi bu ifadəni işlətmirik. Elə “Araz” da rəqiblər sırasındadı. Biz onlarla hər iki oyunda sona yaxın buraxdığımız qollarla yenildik. Ancaq “Neftçi” son saniyələrdə vurduğu qolla heç-heçə etdi. Bu amil digər komandalar üçün də keçərlidi. Yəni “Araz”dan da xal almaq mümkündü. Digər məqam medianın marağının artmasıdı. Sosial şəbəkədə olsa belə, federasiyanın rəsmi məlumat mənbəyi var. Ən azı nəticələr və turun vaxtı ilə bağlı isə əksər saytlarda mütəmadi məlumatlar işıqlandırılır, müsahibələr yerləşdirilir. "CBC Sport" isə hər turun mərkəzi qarşılaşmasını canlı yayımlayır, digər televiziya kanalları da hərdən gəlib oyunlardan fraqmentlər çəkirlər. Təbii ki, çempionat iştirakçısı kimi bu məqamlar bizi sevindirir, həm də məsuliyyətimizi artırır.

 

- Sənin üçün özəl məqamlardan biri də bombardirlər yarışına başçılıq etməyindi. Başlanğıcda bu qədər qol vuracağını düşünürdün?

- Hansısa oyuna çıxanda mütləq qol vuracağım haqda düşünməmişəm. Çünki bu düşüncə ilə meydana çıxan zaman oyunum alınmır. Əsas komandanın qələbəsi, yaxşı nəticə qazanmasıdır. Bombardir olacağım haqda düşünməmişdim, ancaq qollar vurduqca bu istək yaranır. Bura qədər belə gəlmişiksə, davamını da gətirmək üçün çalışacağıq. Əlbəttə, istəyirəm bütün oyunlarda qol vurum. Cari mövsümdə yalnız “Araz”a qol vura bilməmişəm. Qalan komandalarla oyunlarda fərqlənmişəm. “Araz”a da əvvəlki illərdə qol vurmuşam.

 

- Bu 16 qoldan hansı daha baxımlı alınıb?

- “Neftçi” ilə oyunda vurduğum birinci qol həqiqətən də baxımlı alındı. Ancaq heç birini bu cür seçmək istəmirəm. Hamısı mənim üçün baxımlı, əzizdi. Çünki hər birini əziyyət çəkərək vururam. Əlbəttə, komanda yoldaşlarımın da köməyini dana bilmərəm. Fərdi ustalığa üstünlük verməmişəm. Onlara da təşəkkür edirəm ki, bu işdə kömək edirlər.

 

- Qışdan sonra necə olacaq?

- İndidən danışmaq tezdi, çünki başqa komandalardan təklif almışam. İlk növbədə öz komandamla danışacam. Daha doğrusu, komandamın şərtlərinə baxacam, bəlkə məni “Marafon Futsal”da saxlamayacaqlar?

 

- “Marafon Futsal”la müqavilən başa çatıb?

- Müqaviləm davam edir. Sadəcə, Yüksək Liqanın başqa komandalarından təkliflər var. İndi bu haqda ətraflı danışmaq istəmirəm.

 

- Yəqin ki, təklifin maddi tərəfini əsas götürəcəksən?

- Elə deməzdim. Maddi tərəfini düşünsəydim, çoxdan başqa komandaya keçmişdim. Çünki burda aldığımın ikiqatını təklif eləyənlər var. Bu gün komandamızda əla ab-hava, birlik, dostluq mühiti var. Ayrılmağım üçün səbəb yoxdu, inşallah, bu birliyimiz sona qədər davam edər.


Xəbər xətti