"2017-ci il "Qarabağ"ın ÇL-in qrup mərhələsinə yüksəlməsi hadisəsiylə yaddaşıma yazıldı" - SORĞU

10:15 31 Dekabr 2017

Bu gün təqvimdə 31 dekabrdır. Budur, artıq 2017-ci ili tamamlayırıq. Bir neçə saatdan sonra daha bir marafonun sonuna gələcəyik. Amma hər son bir başlanğıcdı. 2017-ci ili bir də yaşamaq imkan olmasa belə, yaddaşımızdan silinməyəcək.

 

Arxada qoyduğumuz illər bir-birindən fərqlənir. 2017-ci il də bizə fərqli, bəzənsə heç vaxt yaşamadığımız hissləri yaşatdı. İdman baxımından Azərbaycan üçün kifayət qədər məhsuldar il oldu. Ölkəmizin IV İslam oyunlarına ev sahiblik etməsi və medal sıralamasında komandamızın lider olması, güləşçimiz Hacı Əliyevin, boksçumuz Məhəmmədrəsul Məcidovun üçüncü dəfə dünya çempionu olmas diqqət çəkən uğurlardan biri idi. Şahmat üzrə kişilərdən ibarət milli komandamızın üçüncü dəfə Avropa çempionu olması da ilin unudulmaz hadisələrdən idi. İdmançılarımız adətləri üzər bu ili də kifayət qədər məhsuldar keçirdilər.

 

Amma bir zəfər xüsusilə seçildi. Bütün Azərbaycan və azərbaycanlılar bu tarixi uğurun qüruru ilə yaşadılar və hələ də yaşayırlar. Söhbət "Qarabağ"ın ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından gedir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qitənin bir nömrəli klub turnirində təkcə iştirakla kifayətlənmədi. Azərbaycan çempionu sərgilədiyi oyunla hər kəsi özünə və Azərbaycan futboluna hörmətlə yanaşmağa məcbur etdi. 

 

İlin sonuna çatdığımızı nəzərə alıb, idman mətbuatının önəmli simaları ilə əlaqə saxladıq. Onların 2017-ci il ilə bağlı fikirlərini öyrəndik. Mediamızın nümayəndələri yeni ilin əsas qəhrəmanları olan - Şaxta baba və Qar qızdan qarşıdan gələn 2018-ci il üçün nələr istəyərdilər?

 

 

Elşən Məmmədov (Sportnet.az saytının baş redaktoru): "Bu il şübhəsiz ki, Azərbaycan klubunun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlamətdar oldu. "Qarabağ" artıq neçə ildir kandarından qayıtdığı Avropanın ən nüfuzlu klub turnirinin qruplarına qalmağı, nəhayət, bacardı. Komandanın qrupda əzmkar mübarizəsi, Azərbaycan futbolu tarixində ilk dəfə 70 min tamaşaçı önündə oynaması, Bakı Olimpiya Stadionunda yaşanan möhtəşəm anlar hələ uzun müddət yaddaşlarda qalacaq. Dediyiniz şəxslərdən isə bu uğurun davamını gətirməkdə klublarımıza yardımçı olmalarını diləyirəm".

 

 

Elçin Cəlilov (Futbolpress.az saytının baş redaktoru): "2017-ci il "Qarabağ"ın ÇL-in qrup mərhələsinə yüksəlməsi hadisəsiylə yaddaşıma yazıldı. İkinci böyük hadisə Qurban Qurbanovun millinin baş məşqçisi təyin olunmasıdır. Bu qərardan çox, ona 6 illik vaxt və bütün yaş qruplarına nəzarət - vahid mexanizm yaratmaq səlahiyyətinin verilməsi.

 

Bu qərarlar gələcəyə ümidlə baxmağımıza səbəb oldu. Ən azı, hörmətsizlik mühitindən qismən qurtulacağıq. Ciddilik gələcək sahəmizə. İşimizi daha həvəslə görməyə səbəb olacaq. Çünki bu "drujina" ciddi medianın yazdıqlarına önəm verir, diqqətlə izləyir və yazılanlara əməl etməyə çalışırlar. Belədə şəxsən mən qat-qat daha yaxşı, ciddi yazmağa can atıram. 

 

Şəxsi həyatda da bu ili son illər arasında ən uğurlu sayıram. Digər illərin də xətrinə dəymək istəmirəm. Əzizlərin yanındasansa və istədiyin işlə azad şəkildə məşğul olursansa, məmnuniyyət hissin olmalıdır. 

 

Mən Şaxta baba və Qar qızdan bir az öz üzərində çalışmasını, rebrendinq keçməsini arzulayıram. Onlar çox bayağılaşıblar. Belə olmaz. Çox Şaxta Babanın taxma saqqaldan istifadə elədiyi aydın görünür. Bu qədər səhlənkar yanaşmaq olmaz. Qar qızı da dodaqlarından başqa yanağına da qızartı sürtsün. Yoxsa soyuq hava elementinə oxşamırlar. Professional makiyajla Qar qız olmur.

 

Uğurlar və hamıya xoş, sağlam ömür arzulayıram"!

 

 

Elnur Həmidov: "Komanda.az saytının əməkdaşı və İAM-ın sorğusuna əsasən, 2017-ci ilin ən yaxşı jurnalisti): "2017-ci il təkcə mənim üçün yox, bütün futbol ictimaiyyəti üçün “Qarabağ”ın ölkə futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlamətdar oldu. Bu, futbolda yüksələ biləcəyimiz hələ ki, ən yüksək zirvədi. Təəssüf doğuran məqam kimi isə millimizin DÇ-2018-in seçmə mərhələsindəki çıxışını göstərmək olar. Millimiz bu il keçirdiyi 6 rəsmi oyunun 5-də uduzaraq, nüfuzlu yarışların final mərhələsində iştirak bir yana, hətta bu barədə düşünməyin belə bizim üçün hələ çox tez olduğunu sübut etdi. 

 

Bu gün futbolumuzun problemləri o qədərdi ki... Şaxta Baba doğrudan mövcud olsa belə, bu problemlər onun kiçik hədiyyələri ilə düzələn məsələ deyil. Yeni ildə çempionatımızı daha maraqlı, klublarımızı daha peşəkar, hakimlərimizi daha ədalətli, azarkeşlərimizi isə daha fəal görmək istərdim".

 

 

Araz Əhmədov: (Sportfm.az saytının baş redaktoru və Media Komitəsinin sədr müavini): "2017-ci il yüz minlərlə azərbaycanlı futbolsevər üçün ilk dəfə doğma komandamızın Çempionlar Liqasında iştirakı ilə yadda qaldı. Bakıda bu mötəbər turnirin himninin sədalarını eşitdim. Övladım ali məktəbə qəbul oldu.

 

2018-ci ildə Şaxta baba və Qar qızdan ilk istəyim düşmən tərəfindən işğal olunan torpaqlarımızın geri qaytarılmasıdır. Futbol üzrə yığma komandamız üçün də uğurlu il olmasını istərdim".

 

 

Rustəm Piriyev (Extratime.az saytının redaktoru və Media Komitəsinin idarə heyətinin üzvü): "2017-ci ilin idman yekunlarından danışsaq, təbii ki, o, bir sıra vacib turnirlərlə, qələbələr və yeniliklərlə yadda qaldı. Bakida keçirilən İslam Həmrəyliyi oyunlarını, Formula-1 yarışını, Çempionlar Liqasının qrup mərhələ oyunlarını xususi qeyd ederdim. İdmançılarımızın beynəlxalq arenada çıxışı da bizi sevindirdi, yəni qələbələr bizə  lazım idi. Bu sirada kişilərdən ibarət şahmat yığmamızın 3-cü dəfə Avropa çempionluğunu qazanması da böyük hadisə oldu. Təbii ki, məyus məqamlar da çox oldu. Xüsusilə futbolumuzun zəif inkişafı, gimnastlarımızın beynəlxalq yarışlarda uğursuz çıxışı qeyd olunmalıdır. Gimnastika haqqında danışanda, federasiyamızın baş katibi Fərid Qayıbovun Avropa Gimnastika Federasiyasının prezidenti seçilməsi böyük və önəmli hadisə kimi qeyd oluna bilər.

 

Gələn ildən gözləntilərim böyükdür. Xüsusilə, futbol yığmamızdan. Yeni baş məşqçinin rəhbərliyi altında uğurlu çıxış, boks və güləş yığmalarımızdan, voleybol klublarından böyük nailiyyətlər gözləyirəm. Şaxta baba və Qar qızından da idmanımıza stabillik və yeni uğurlar istəyirəm. Təki hər şey planlaşdırdığımız kimi olsun".

 

Bu sorğumuzun idman mediası ilə bağlı hissəsidir. İkinci hissədə isə futbol ictimaiyyətinin eyni suallara verdikləri cavablarla tanış edəcəyik.


Xəbər xətti