Renat Dadaşovdan növbəti intizamsızlıq

15:21 4 Yanvar 2018

Almaniyanın "Ayntraxt” klubunun direktoru Fredi Bobiç Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovu tənqid edib.

 

Sportarena.az xəbər verir ki, 46 yaşlı funksioner "Bild”ə açıqlamasında 18 yaşlı hücumçunun nizam-intizamından narazı qaldıqlarını söyləyib. Bobiç bildirib ki, fasilə dönəmində proqrama əməl etmədiyi üçün Dadaşovun fiziki durumu zəifləyib. O, yığma üzvünün peşəkar davranmadığını vurğulayıb: 

 

“Peşəkar müqavilə çox yaxşı və xoşdu. Lakin ona əməl etmək lazımdı. Bu sözləşməni imzalayan futbolçu peşəkar davranmalıdı. Dadaşov isə qış fasiləsindən sonra komandaya artıq çəki ilə qayıdıb”.

 

Gənc futbolçu cari mövsümdə "Ayntraxt”ın U-19 komandasının heyətində keçirdiyi 9 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Lakin mövsümün ilk yarısındakı oyunların birində qırmızı vərəqə alan Dadaşov 3 oyunluq cəzalanıb. Hazırda onun 3-cü Liqada çıxış edən "Halleşer”ə icarəyə veriləcəyinə dair xəbərlər yayılıb. Lakin Bobiç bu barədə heç nə eşitmədiyini söyləyib:

 

"Halleşer”in marağı barədə məlumatsızam. Əsas odu ki, Renatı asanlıqla əldən verməyək. Onun qeyri-adi keyfiyyətləri var”.

 

Qeyd edək ki, Renat Dadaşov "Ayntaxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına aparılmayıb ("Report").


Xəbər xətti