“Qəbələ”nin Türkiyədə 5-ci, çexiyalılarla 2-ci sınağı

15:57 30 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. 


Sportarena.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində 5-ci qarşılaşmada rəqib Çexiya “Bohemians”ı olacaq. Bu, “qırmızı-qaralar”ın toplanışın ikinci mərhələsində 3-cü qarşılaşmasıdı. Praqa təmsilçisi ilə yanvarın 31-də baş tutacaq görüşədək “Qəbələ” Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1) və Rusiyanın “Arsenal” (3:3) klubları ilə üz-üzə gəlib.


Zəngin tarixə malik “Bohemians”ın əsası 1905-ci ildə qoyulub. Bu klubun ən məşhur yetirməsi dünya futboluna “Panenka penaltisi”ni bəxş edən Antonin Panenkadı. 1967-1981-ci illərdə bu komandada çıxış edən 70 yaşlı əfsanə hazırda peşəkar karyerasına başladığı klubun prezidentidi.


“Bohemians”ın ən böyük uğuru Çexoslovakiya dönəminə təsadüf edib. 1982-ci ildə kubokun finalında uduzan komanda 1982-1983-cü illər mövsümündə ölkə çempionu adına yiyələnib. Dəfələrlə avrokuboklarda çıxış edən Praqa təmsilçisi çempion olduğu mövsümdə UEFA kubokunda da tarixi nailiyyətə imza atıb. Klub tarixində ilk və sonuncu dəfə yarımfinala yüksəlib.


Çexiya müstəqillik əldə edəndən sonra “Bohemians”ın uğursuz günləri başlayıb. Liqalar arasında var-gəl edən klub avrokuboklara da həsrət qalıb. Tez-tez sahibini dəyişən klub yüzilliyini qeyd etdiyi 2005-ci ildə borclardan qurtula bilmədiyindən müflis elan olunub. Komandanın azarkeşləri pul yığaraq “Bohemians”ı yenidən bərpa ediblər. Aşağı liqada oynamaq lisenziyasını da fanatlar alıb. Cəmi 2,5 ilə yüksək liqaya qədər irəliləyən klub 2007-ci ildən sonrakı qısa dövrdə dəfələrlə elitanı tərk edib və geri qayıdıb. Praqalılar ötən mövsümü 13-cü pillədə başa vurublar. Cari mövsümün ilk yarısında 16 oyunda 22 xal toplayan “Bohemians” 7-ci yerdə qərarlaşıb və avrokuboklar uğrunda mübarizədən qopmamağa çalışır.


Bu, “Qəbələ”nin yoxlama oyunlarında çexiyalılarla 2-ci dueli olacaq. Komanda 2012-ci ilin yayında “Karvina” ilə (0:1) qarşılaşıb. 


Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Gloria Sports Arena”da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti