Vitali Borisov: "Oyunu 6-7 nəfərlə keçirdilər, İspaniya kimi rəqibin təzyiqinə dözdülər"

17:18 1 Fevral 2018

Futzal üzrə milli komandamız Avropa çempionatının final mərhələsində ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək.

 

Sportarena.az xəbər verir ki, buna qədər isə Fransa millisi dünən İspaniya ilə üz-üzə gəlib və yarışın növbəti sürprizinə imza atıb. Oyunu tribunadan izləyən millimizin təcrübəli üzvlərinin düşüncələrini Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

 

Vitali Borisov: “Oyunu canlı izlədik. Fransa yaxşı təşkilatlanmış komandadı. Oyun ərzində hesabda geri düşmədilər, üstünlüklərini sona yaxın əldən verdilər. Fərdi qabiliyyətlərinə görə seçilirlər, fiziki baxımdan isə çox güclüdürlər. Bizi çətin oyun gözləyir. Ümumiyyətlə, Avropa çempionatının final mərhələsində asan oyun olmur. Meydana çıxanda heç nəyə düşünməməli, sona qədər mübarizə aparmalı, qələbə qazanmalıyıq. Təbii ki, diqqət etməli olduğumuz məqamlar var. Xüsusilə də rəqibin atletik cəhətdən seçildiyini, əksər oyunçularının boy-buxunlu olduqlarını unutmamalıyıq. Oyunu 6-7 nəfərlə keçirdilər, buna baxmayaraq, İspaniya kimi rəqibin təzyiqinə dözdülər. Çox soyuqqanlıdırlar, öz oyunlarını nümayiş etdirirlər. Bu sadaladıqlarıma baxmayaraq, özümüzə inanmalı, oyunumuz göstərməliyik. İspaniyanın da zəif çıxış etdiyini deməzdim. Onlar ənənəvi oyunlarını göstərməyə çalışırlar, qol epizodları da yaratdılar. Sadəcə, fransızlar onların tam rahat hərəkət etməsinə, istədiklərini reallaşdırmasına imkan vermirlər”.

 

Emin Kürdov: “İki gündü Avropa çempionatının oyunlarını canlı izləyirik. Artıq görünən odur ki, hər kəs futzal oynamağı bacarır. Heç kim final mərhələsinə turist kimi gəlməyib. Fransa oyunu əsasən müdafidədən qurdu, rəqibin səhv etməsini gözlədi ki, bundan maksimum yararlandı. İspaniya ilə matçda bunun şahidi olduq. Kifayət qədər güclü rəqibdirlər. Avropa çempionatına iddialı gəliblər. Yaxşı hazırlıq keçiblər ki, İspaniya kimi güclü rəqibdən çəkinmədilər, əksinə, debüt ilində ilk matçını xalla qapadılar. Yəni layiqli mübarizə aparırlar. Qapıçı olduğuma görə, hücumçularının uzaq məsafədən təhlükəli zərbələr endirdiyini qeyd edə bilərəm. Kifayət qədər güclü hücumçuları var və “çərçivə”ni dəqiq görürlər. Abdessamad Mohammed, Landri Nqala təhlükəli hücumçulardır. Bizim üçün çətin qarşılaşma olacaq”.

 

Everton Kordoso “Qalo”: “Çox hazırlıqlı komandadı. Güclü rəqibə qarşı əla oyun göstərdilər. Son saniyəyə qədər mübarizədən qopmadılar. Oyun nizam-intizamına tam riayət etdilər. Bir sözlə, debütant olsalar da, çempionata güclü hazırlaşıblar. Bizi sabah çox çətin oyun gözləyir”


Digər xəbərlər

Xəbər xətti