U-15 Liqası: Liderlərin duelində kim qalib gələcək?

15:34 2 Fevral 2018

Həftəsonu «Boulevard U-15 Liqası»nda 16-cı turun oyunları keçiriləcək. «Keşlə»nin buraxacağı turun mərkəzi qarşılaşması «Neftçi Baza»da keçiriləcək. 2-ci pillənin sahibi «Vətən» lider «Qəbələ»ni qəbul edəcək. Maraqla gözlənilən daha bir qarşılaşma «Zirə» ilə «Kəpəz» arasında keçiriləcək.

 

03 fevral (şənbə)

13:00 «Vətən» - «Qəbələ»

(«Neftçi Baza»)

 

İlk dövrənin 1-ci turunda bu komandalar arasında Qəbələdə keçirilən oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Xal itkisinin ardınca hər iki komanda qələbələri sıralamaqla çempionluğa iddialarını ortaya qoydular. Doğrudur, 8-ci turda «Vətən» «Zirə» ilə oyunda 2 xal itirdi. Amma «Qəbələ» ilə 2 xallıq fərq o qədər də böyük sayılmamalı idi. Bu ssenari ta ki 14-cü tura kimi davam etdi. Həmin turda «Vətən»in gözlənilmədən «Neftçi»yə, bir həftə sonra isə «Qarabağ»a uyğun olaraq 0:2 və 0:1 hesabı ilə məğlub olması İlqar Mənsimovun komandasının vəziyyətini qəlizləşdirdi. «Qəbələ» isə ilk turdakı heç-heçədən sonra ardıcıl 14 oyundur ki, qalib gəlir.

 

Bu oyunda «Vətən»in xal itirməsi komanda üçün çempionluq yolunda böyük zərbə olacaq. Üstəlik, «məktəblilər» 3-cü pilləyə yuvarlana bilərlər. Rakif Əliyevin komandası isə qalib gəlməklə 2-ci pillənin sahibindən 11 xal aralanacaq ki, bu da çempionatın başa çatmasına 14 tur qalmış çempionluq yolunda önəmli addım sayıla bilər.

 

13:00 «Vətən» - «Qarabağ»

(Zaqatala şəhər stadionu)

 

Liderlərin oyunu ilə eyni vaxtda Zaqatalada autsayderlər meydana çıxacaqlar. Hər iki komandanın aktivində qələbə olmadığını deməliyik. Rəqiblərdən hansınınsa bu pis ənənəi pozmaq üçün gözəl imkanı var. Hər iki komandanın qalib gəlmək şansı eynidir. «Zaqatala»nın aktivində cəmi 2 xal olmasına baxmayaraq, ev oyunlarında xoş təsir bağışlayır. Ceyhun Zurabovun komandasının heyətində bacarıqlı futbolçular var. Doğrudur, onlardan biri – Tofiq Vahabov artıq, «Qəbələ»yə keçib. Amma Tofiqin yerini dolduracaq futbolçular da yox deyil.

 

«Neftçi» İK İB-ə gəlincə, komanda qış fasiləsində yeni məşqçiyə tapşırılıb. Ramin Babayev yeni kollektivlə son turda «Sumqayıt»la çətin oyunda 1 xal götürməyi bacarıb. Lakin qolsuzluq seriyasını qıra bilməyib. 10 turdur ki, rəqib qapısına yol tapa bilməyən «Neftçi» İK İB «Zaqatala» ilə oyunda azından 1 antirekordu qırmağa borcludur.

 

14:00 «Sumqayıt» - «Neftçi»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

 

«Kapitalbank Arena»da üz-üzə gələcək rəqiblər bir-birilərinə layiqdirlər. Turnir cədvəlində qonşu olan bu iki komandanın qarşılaşmasının olduqca maraqlı keçəcəyini proqnozlaşdırmaq mümkündür. Kimin qalib gələcəyini deməksə, çətin. 3 oyundur ardıcıl qələbə qazanması «Neftçi»nin üstün tərəfidir. Yəni, futbolçularda özlərinə inam var. Bu fikri Mehman Yunusovun komandasına aid etmək olmaz. Komanda zaman-zaman qeyri-stabil çıxışı ilə yadda qalır. Başqa sözlə, zəif rəqiblərlə oyunda xal itirən «Sumqayıt», güclü komandaları büdrətməyi bacarır. Son turda «Neftçi» İK İB ilə heç-heçə və 10-cu turda «Zirə» üzərində səfər qələbəsi dediklərimizə sübutdur. Bu məntiqlə yanaşsaq, «Sumqayıt» güclü «Neftçi»ni devirməlidir. Qısası, oyunda tərəflərin birinin qalib gəlmək şansını 50/50-ə dəyərləndirərdik.

 

14:00 «Viləş» - «Səbail»

(Masallı şəhəri, Anatoli Banişevski adına stadion)

 

Oxşar fikri «Viləş» - «Səbail» matçı haqqında demək olar. Yəni, rəqiblər bir-birilərinə layiqdirlər. «Viləş»in Masallıdakı oyunlarda daha yaxşı oyun sərgilədiyi faktdır. Gəl ki, yaxşı oyun qələbə demək deyil. Komanda aktivindəki 2 qələbəni səfərdə qazanıb. Evdə isə 7 oyundan cəmi 1 xal götürə bilib. Cənub təmsilçisi pis ənənəyə «Səbail»lə oyunda son qoya bilər.

 

Qonaqlara gəlincə, Xaqani Məmmədovun komandası səfər oyunlarında zəif nəticələrlə yadda qalır. «Səbail» səfər oyunlarında cəmi 1 xal qazana bilib. Bum əqam və yol yorğunluğu bakılıların əleyhinə işləyən amillərdir. Ümidverici məqamlar komandanın qış hazırlığını yaxşı keçməsi, heyətin gücləndirilməsi və yoxlama oyunlarında yaxşı oyun sərgiləməsidir.

 

14:00 «Zirə» - «Kəpəz»

(Aviasiya Akademiyasının stadionu)

 

Bir ara «qara zolağ»a düşən «Zirə» deyəsən yavaş-yavaş özünə gəlir. Bu qarşılaşmada meydan amili və qış fasiləsində Cəfər Hüseynovun heyətə «əl gəzdirməsi» üstün tərəf kimi «Zirə»ni göstərməyə rəvac verir. Həm də «Kəpəz»in axırıncı turda «Zaqatala»nı qonaq qismində 4:0 hesabı ilə məğlub etməsinə rəğmən, İlham Səmədovun komandasının səfər oyunlarında nisbətən zəif nəticə göstərdiyini də bildirməliyik. «Zirə» - «Kəpəz» matçı həm də elə oyundur ki, bu matçda istənilən, tərəflərdən birinin hətta böyükhesablı qələbə qazanmasını da gözləmək olar. Kimin qalib gələcəyini, necə qalib gələcəyini 70 dəqiqənin tamamında biləcəyik.

 

15:30 İsgəndər Cavadov BFA – İOEUGİM

(«Bakı Baza»)

 

Turnir cədvəlinin sonlarında qərarlaşan komandalar üçün xal ehtiyatını artırmaq baxımından bu oyun olduqca vacibdir. Hər iki komandanın qalib gəlmək şansı var. Üstün tərəf kimi qonaqlar görünür. 15-ci turda «Zirə» ilə oyunda 1 top fərqi ilə məğlubiyyət, bundan bir tur əvvəl «Zaqatala» üzərində 4:2 hesablı qələbə Baba Əsgərovun komandasının qol vurmaq bacarığının olduğunu göstərir. Eyni sözləri müəyyən istisnalarla Qəhrəman Əliyevin komandasına da aid etmək olar. Son turda «Keşlə»yə 0:3 hesablı məğlubiyyətə baxmayaraq, meydan sahiblərinin heyətində bacarıqlı futbolçuların olduğunu bildirməliyik. Növbəti turda hər iki komandanın çətin rəqiblə qarşılaşacağını («Kəpəz» - İsgəndər Cavadov BFA, İOEUGİM – «Keşlə») nəzərə alsaq, bu oyunda futbolçuların həm də özünəinam hissini artıqmaq üçün qalib gəlmələri vacibdir.

 

04 fevral (bazar)

«Turan» - «Qarabağ»

(Tovuz şəhər stadionu)

 

5 turdur qələbə üzünə həsrət qalan «Turan» qələbəsizlik seriyasını «Qarabağ»la oyunda qırmağa çalışacaq. Əgər bu, baş verməsə, bu seriya 7 oyuna çata bilər. Çünki, növbəti tur Kamal Ələkbərovun komandasını çətin Qəbələ səfəri gözləyir ki, liderlə oyunda «Turan»ın azından xal almaq şansı çox aşağıdır. Bundan başqa tovuzlular 4 oyundur ki, evdə qələbə üzünə həsrətdirlər.

 

Rəqib isə yüksəlişdədir. 3 turdur məğlub olmayan «Qarabağ» axırıncı oyununda güclü «Vətən»i məğlub etməklə real gücünü ortaya qoyub. «Turan» - «Qarabağ» qarşılaşmasında cütün favoriti qonaqlardır. Onların bu gözləntini nə dərəcədə reallaşdıracağını oyundan sonra biləcəyik.

 

 

Bombardirlər: Alı Alı («Sumqayıt»), Mehrac Baxşəliyev («Qəbələ»)  – 14 qol, Elvin Abdullayev («Vətən») – 13 qol.

 

«Het-trik news» qəzetinin saytının layihəsi


Digər xəbərlər

Xəbər xətti