Bolinya: "Özümü qəhrəman hesab etmirəm" - MÜSAHİBƏ

12:49 3 Fevral 2018

Avropa çempionatının final mərhələsində ilk oyununu keçirən və Fransanı 5:3 hesabı ilə məğlub edən futzal üzrə milli komandamızın heyətində het-trik etmiş Thaqo Telez (Bolinya) qarşılaşmadan sonra Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 

Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Meydana çıxanda həyəcan, təzyiq var idi?
- Fransa - İspaniya oyununun nəticəsi hiss olunurdu. Ancaq biz özümüzə inanırdıq. Çox çətin oyun oldu. Bunu əvvəlcədən bilirdik. Onlar ispanlara qarşı oyunda yaxşı nəticə əldə etmişdilər. Bizim komanda da yaxşı hazırlıq keçmişdi. Buna görə də əla nəticə qazandıq. Artıq 1/4 finala vəsiqə qazanmışıq. Yenə deyirəm, ağır zəhmətin nəticəsində bunu əldə etdik. İşimizi davam etdirəcəyik ki, bu nəticənin davamını gətirək.

 

- Het-trik etdin. Hansı ki, hesabda geri düşmüşdük və vurduğun qollarla demək olar, oyunun taleyini böyük ölcüdə həll etdin. Özünü oyunun qəhrəmanı hesab edirsənmi?
- Hər zamankı kimi hazırlaşmışdım və Allahın köməyi ilə bu qolları vurdum. Bunu mən təkbaşına etmədim. Komanda yoldaşlarımın köməyi olmasaydı, nə edə bilərdim ki? Biz komandayıq və kollektiv şəkildə bu qələbəni qazandıq. Vacib olan komandanın qələbə qazanmasıdı. Bu uğurda payımız varsa, sevinməyə haqqımız çatır. Fərqi yoxdu, başqa komanda yoldaşım da 3 qol vura bilərdi. Bizi yekunda tablodakı nəticə maraqlandırır. Yenə deyirəm, komanda yoldaşlarım kömək etməsə, bu qolları vura bilmərəm. Ona görə də özümü qəhrəman hesab etmirəm. Bu hamımızın nəticəsi, qazancıdı.

 

- İkinci hissənin əvvəlində rəqib hesabı lehinə çevirəndə bir anlıq nə düşündün?
- Oyunun gedişində belə hallar olur. Başlayan kimi beşinci saniyədə qol buraxmaq ağırdı. Ancaq bir-birimizə sakit olmağı, toparlanmağı dedik. Alesio da kənarda müdaxilələr etdi. Vacib olan məqam özünəinamdı ki, bu da bizdə var idi.

 

- Növbəti rəqib İspaniya olacaq. Son çempionla dueldə qrup liderliyini qorumaq mümkün olacaqmı?
- Çox çətin oyun olacaq. Onlar yenə çempionluğa namizəddilər. Birinci oyunda xallar itiriblər. Çalışacaqlar onu bizimlə oyunda bərpa etsinlər. Hər iki komanda üçün ağır oyun olacaq. İspaniya bütün dünyada ən güclülüərdəndi. Bizim komanda da sayılıb-seçilənlərdəndi.


Xəbər xətti