“Qəbələ” ilə “Zirə”nin 13-cü dueli

10:15 16 Fevral 2018

Bu həftə Topaz Premyer Liqasında 16-cı turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Qəbələdə baş tutacaq. Turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşan “Qəbələ” və “Zirə” mövsümdə 3-cü dəfə üz-üzə gələcək. Bu matç “qırmızı-qaralar”ın 2018-ci ildəki ilk ev oyunu olacaq.

 

İki komanda arasında duellərə gəlincə, ilk dəfə 2015-ci ildə qarşılaşan rəqiblər indiyədək 12 dəfə münasibətlərini aydınlaşdırıb. Həmin qarşılaşmalarda “Qəbələ” daha çox – 5 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyibsə, 3 dəfə “Zirə” qalib gəlib. 30 qolun vurulduğu matçlarda daha məhsuldar olan “qırmızı-qaralar” 19, rəqibi 11 dəfə fərqlənib. “Qəbələ”nin qollarını 12 futbolçu rəqib qapısından keçirib. Bu duellərdə ən məhsuldar oyunçu Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə son 10 matçda “Qəbələ” meydanı qol vurmadan tərk etməyib.

 

Keçirilən 12 oyundan 10-u çempionat, 2-si kubok çərçivəsində baş tutub. 4 heç-heçənin qeydə alındığı Premyer Liqada komandalar hərəyə 3 qələbə qazanıb. Top fərqində üstün olan “Qəbələ” 12 qol vurub, 9-nu buraxıb. “Zirə”ni ümumilikdə 7-ci dəfə qəbul edəcək “qırmızı-qaralar” öz meydanında 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. 9 top vuran “Qəbələ” futbolçuları 5 qol buraxıb.

 

Xatırladaq ki, “Qəbələ” - “Zirə” oyunu fevralın 17-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.


Xəbər xətti