Klublararası dünya çempionatının yeni formatı necə olacaq? - İnfantino açıqladı

17:13 17 Fevral 2018

FİFA prezidenti Canni İnfantino İtaliyanın “La Qazetta dello Sport” nəşrinə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, dünyanın ali futbol qurumunun rəhbəri müsahibə zamanı klublararası dünya çempionatının (KDÇ) yeni formatı barədə danışıb. İnfantino turnirinin yeni formatının martın 15-16-da, Kolumbiyanın Boqota şəhərində keçiriləcək FİFA-nın növbəti iclasında müzakirə ediləcəyini deyib:

 

“Klublararası dünya çempionatını 4 ildən bir keçirəcəyik. Turnirdə 12-si Avropadan olmaqla, cəmi 24 komanda yarışacaq. Hərəsində 3 komanda olmaqla, cəmi 8 qrup olacaq. Qrup qalibləri 1/4 finala adlayacaq. Komanda sayı 8-ə endikdən sonra 1/4 final, yarımfinal və final oyunları keçiriləcək. İlk turniri 2021-ci ilin iyun ayında keçirməyi planlaşdırırıq. Bu turnirin Konfederasiyalar Kubokunun yerini tutacağını düşünürük”.

 

Xatırladaq ki, İnfantinonun dediklərinə əsasən, klublararası dünya çempionatı yeni formatda ilk dəfə 2021-ci ilin yayında, Qətərdə keçiriləcək.


Xəbər xətti