"Kimlərisə hər tur böyük hesabla məğlub etmək maraqlı deyil" - LAYİHƏ

07:05 18 Fevral 2018

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində ikinci yazımızda "İtaldizayn" klubu barədə məlumat verməyə çalışdıq. 2015-ci ildə eyniadlı şirkət tərəfindən yaradılan klub futzalımızda önəmli yerlərdən biri tutur. "İtaldizayn"ın iki komandası iki müxtəlif liqada - Yüksək və Birinci liqalarda mübarizə aparır. Bu, klub adına önəmli və bir o qədərdə vacib məqamdır. Çünki ikinci komandada çıxış edən gənc futzalçılar və böyük futbolda özünə yer tapa bilməyən oyunçular burada oynamaqla əsas komandaya yüksəlmək imkanı əldə edirlər.

 

Əsas komandanın üzvünə çevrilmək isə heç də asan deyil. Çünki bu komanda yüksək yerlər uğrunda mübarizə aparır. Klubun əsas strategiyası isə yerli futbolçuların xidmətindən yararlanmaq və onları milli komandaya qazandırmaqdı. Klub rəhbərliyi və məşqçi heyəti bu baxımdan səbrli mövqe tutub.

 

Yüksək Liqada mübarizə aparan əsas komanda dördüncü pillədə qərarlaşıb. Aktivində 15 xal olan "İtaldizayn" lider "Araz"dan 22, ikinci pillənin sahibi "Marafon"dan 15 xal geri qalsa da, üçüncü pillədəki EKOL ilə xal fərqi 7-ə bərabərdir. Komanda böyük ehtimalla sonuncularla bürünc medal uğrunda mübarizə aparacaq. B İkinci komanda isə 14 komandanın mübarizə apardığı Birinci liqada altıncı pillədə qərarlaşıb. Bununla belə komanda liderdən cəmi 6 xal geri qalır. Bu o deməkdi ki, "İtaldizayn" daha yüksək pillələrdə qərarlaşa bilər. Bunun üçün komandanın əla şansı var.

 

 

Bütün bu məqamları nəzərə alaraq "İtaldizayn"ın düşərgəsinə yollandıq. Əsas məqsədimiz klubun strategiyası və qarşısına qoyulan məqsədlərlə yaxından tanış olmaq idi. Komandanın düşərgəsinə məşq vaxtı yollanmışdıq. Fürsət yaranan kimi komandanın baş məşqçisi Rafael Əbilovla söhbətləşdik. O, bizimlə söhbətə klub və komanda barədə məlumat verməklə başladı:

 

- Klubumuz 2015-cü ildə "İtaldizayn" şirkəti tərəfindən yaradılıb. Öncə Həvəskarlar Liqasından mübarizəyə qoşulduq. İlk vaxtlar heyətimizdə şirkətin işçiləri çıxış edirdi. Daha sonra peşakar futzalçılar və futbolçuları cəlb etməyə başladıq. Həvəskarlar Liqasından sonra ikinci dəstədə, sonrakı mövsüm birinci dəstədə iştirak etdik. Artıq 2 ildir ki, 2 komandamız var. Biz İkinci dəstədə mübarizə aparan həmin komanda Həvəskarlar Liqasında çıxış etdirdi. İndi biz Yüksək Liqadayıq, həmin komanda Birinci liqada mübarizə aparır.

 

- Həvəskarlar Liqasından mübarizə başlayıb, pillə-pillə yüksəlmisiz. Yüksək Liqada ilk mösümünüzü keçirirsiz. Qarşınıza budan sonra üçün qoyulan məqsəd nədir?
- Ardıcıllıqdan görsənir ki, biz yüksək hədəflər uğrunda mübarizə aparırıq. İstəyimiz budur. Bu yöndə işlər də gedir. Yavaş-yavaş, öyrənə-öyrənə, bildiklərimizdən istifadə edərək irəliyə addımlayırıq.

 

- Futzalçılarınız verdiyiniz tapşırıqları yerinə yetirirlərmi? Turnir cədvəlindəki mövqeyiniz sizi qane edirmi?
- Tam qane etmir. Orta qiymətləndirə bilərik. İstədiyimi hələ almamışam. Zəif çıxış etdiyimizi də deyə bilmərəm. Amma bundan da yaxşı çıxış edə bilərik.

 

- Çatışmayan nədir?
- Biz yerli futzalçılara üstünlük veririk. Legionerlərdən istifadə etmirik. Bizim ən yaralı yerimiz zədələrdi. Zədələr bizə öz gücümüzlə çıxış etməyə imkan vermir. İdmandı belə şeylər olur. Amma zədələr elə vaxtlarda olur ki... Məsələn, hansısa futzalçı bütün məşqlərdə iştirak edir. Oyun günü məlum olur ki, zədəlidir, oynaya bilməz. Bütün planlar alt-üst olur. Bu, başımıza neçə dəfə gəlib.

 

 

- Komandanızda gənc futzalçılarla yanaşı veteran futzalçılar da var. Gənclərlə yaşlılar tandem təşkil edirlərmi?
- Onlar tandem təşkil etməsələr də, veteran futzalçılar həmişə lazımdır. Gənclər onlardan çox şey öyrənir. Ağatahir Əzimov, Rəcəb Fərəczadə kimi veteranlarımız milli komanda oynayıblar, təcrübələləri çoxdur. Cavanlara onların təcrübəsi mütləq lazımdır. Bu, biz məşqçilərin və rəhbərliyin fikridir.

 

- Digər klublar leginerlərin gətirilməsini köməkçi funksiyası, və rəqabət artıran məqam kimi görürlər. Sizdə isə vəziyyət tamam fərqlidir, legionerlərdən istifadə etmirsiz. Bu maliyyə ilə əlaqəlidir, yox bunu düzgün hesab etmirsiz?
- Xeyr, biz legionerlərin transferinə müsbət yanaşırıq. Çempionatın marağını və səviyyəsini artırır. Bu, bizim öz fikrimizdir. Ola bilsin ki, növbəti mövsümdən legionerlərin xidmətindən istifadə edək. Ancaq bu mövsüm üçün planımız hələ ki belədir. Legionerlərin gəlişi çox müsbət məqamdır.

 

- Bu, maliyyə bağlı deyil ki?
- Xeyr, maliyyə ilə bağlı deyil.

 

- Çempionatda özünüzə rəqib gördüyünüz komandalar hansılardı? Kİ, onlarla oyunların abu-havası daha möhtəşəm olur, hazırlıq, məsuliyyət fərqli olur?
- Xeyr, elə komanda yoxdur. Mən hamısın deyərdim. Lider olduğuna görə əsas diqqətlər "Araz"la oyuna yönəlir. Ancaq bu mövsüm maraqlı oyunlarımız çox olur. Çempionatda zəif komanda yoxdur.

 

- Çempionatda 7 komanda çıxış edir. Bu da fasilələrin çox olmasına səbəb olur. Bu vəziyyət sizi narahat edirmi? Nə kimi çıxıış yolları görürsüz?
- Bəli, azdır. Amma bir məqam da var ki, hər komandanı da çempionata gətirmək düzgün deyil. Yüksək liqada 15-16 komanda olsa, oyun sayı çox olar. Amma böyük hesablı qələbələrin sayı da çox olacaq. Kimlərisə hər tur 15:0, 16:0 hesabları ilə məğlub etmək də maraqlı deyil. Kefiyyətli 10-12 komanda olmalıdı. Bunun üzərində işləmək lazımdır.

 

- Artıq 2-3 klubumuz uşaq futzalına diqqət ayırmağa başlayıb. Sizin bu sarıdan nə kimi planlarınız var?
- Birinci liqada mübarizə aparan ikinci komandamızı məhz gənclərin yetişməsi üçün ayırmışıq. Böyük futboldan və digər yerlərdən tapdığımız futzalçıları həmin komandaya cəlb edib, futzalın sirrlərini öyrədirik. Amma fikrimiz var ki, 10 yaşlılardan ibarət futzal komandası yaradıq. Uşaq futzalı mütləq lazımdı.

 

Daha sonra "İtaldizayn"ın icraçı direktoru Əbdülqənir Məmmədovla klubun planları və gələcək uşaq futzalı ilə bağlı görüləcək işlərlə bağlı məlumat verdi. Məmmədov öncə "İtaldizayn"ın yaranmasından danışdı:

 

 

- İş adamı Elçin Zeynalov veteran futzalçı kimi mənə klubun yaradılması ilə bağlı müraciət etdi. Mən təklifi qəbul edib, işə başladım. 2015-ci ildə klubumuz Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Artıq 4 mövsümdür ki, fəaliyyət göstəririk. Həvəskarlar Liqasında mübarizəyə başladıq və hər il liqalarda irəli addımladıq. Klubmuzun prezidenti Elçin müəllimin amalı odur ki, milli komandada futzalçılarımız çıxış etsin. Bildiyiniz kimi, həm böyük futbolda, həm də futzalda yerli oyunçu tapmaq çox çətindir. Onları yetişdirmək lazımdır. Bu il futzal məktəbi yaratmaq fikrindəyik. 15-yaşlı uşaqları ora cəlb etmək fikrindəyik. Bizə futzalın nə olduğunu dərk edən uşaqlar lazımdır. 8-10 yaşlı uşaqları yetişdirə bilmərik. Birinci səbəb onların bu idman növünü dərk etməmələri, ikinci səbəb isə həmin yaş qrupları üzrə çempionatın olmamasıdır. Onlar kimlərlə oynayacaqlar? Məşqlə artıra bilməzlər. 2020-ci ilə kimi milli komandamızın beynəlxalq turnirləri yoxdur. 2020 və 2022-ci illərdə turnirlər olacaq. O vaxta kimi milli komanda üçün futzalçılar yetişdirə bilərik.

 

- Planlarınız yaxşıdır. Amma bir fikrinizlə razı deyiləm. Aşağı yaş qrupları üzrə - 8-10 yaşlı komandaların yaradılmaması ilə bağlı...
- Gəlin real danışaq, biz uşaqlardan komanda yaratdıq, "Marafon" və digəri yaratdı. 3 komanda ilə çempionatda iştirak etmək olarmı?

 

- Deyək ki, bu il sizin klub, "Marafon" və "Fənər" 8-10 yaşlı komanda yaratdı. Gələn il "Araz" və digərləri də belə komandalar yaradacaq və say artımı olacaq. 8-10 yaşlı uşaq futzalı dərk etməyə bilər, amma onun meydanı, topu hiss etməsi gələcəyi, fiziki göstəriciləri üçün yaxşı olar.
- Doğru deyirsiz. Mən sizinlə razıyam. Öncə əsas komandaya yaxın 15 yaşlı uşaqlardan ibarət komanda yaradaq, sonra digər aşağı yaş qruplarında say artımın görəriksə, biz də komanda yaradırıq. Məktəb mütləq olmalıdır. Uşaqlar məktəbsiz futzalı öyrənə bilməz. Götürək bizim yetişdiyimiz illəri, kütləvilik necə yarandı? Biz mini-futboldan - məhəllə futbolundan başladıq. Amma indiki uşaqlar məhəllə görmürlər. Hər klubun da öz zalı, şəraiti olmalıdır. İndiki uşaqlar tam fərqli idilər. Bizim dövrdə böyük futbolun məşqlərini burada tətbiq edirdik. Özümüz özümüzə şərait yaradırdıq. Amma indiki uşaqlar robot kimidilər. Ancaq verilən tapşırığı olduğu kimi yerinə yetirməyə çalışırlar.

 

- Komandanın üzvlərindən razısızmı?
- Açığın desəm, yox. Mən bu komandadan çox şey gözləyirdim. Büdcəsinə görə 4-5 komanda rəqabət apara bilir. Bu səbəbdən biz daha yaxşı yerdə olmalı idik. Mövsümün sonunda üçüncü olsaq, bunu yaxşı nəticə kimi qəbul edə bilərəm.

 

 

Rüfət Nadirli

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



Digər xəbərlər

Xəbər xətti