"Kəpəz"in qazon yalanı üzə çıxdı - AÇIQLAMA + FOTO

15:31 19 Fevral 2018

Son günlərin əsas müzakirə mövzusu Gəncə şəhər stadionundakı qazonun rəngini dəyişməsidi.

 

Sportarena.az xəbər verir ki, yayda döşənən, üstündən 5-6 ay keçməsinə baxmayaraq, saralan örtüyün bu hala düşməsinin mütləq ki, səbəbi, səbəbkarları var.

 

Klub rəsmilərindən mətbuat katibi Azad Mustafayev və icraçı direktor Elnur Camalxanovla söhbətdə məsələyə aydınlıq gətirmək istəyərkən, eyni cavab almışdıq: fəsillə bağlıdı. Soruşanda ki, bəs Qəbələdəki meydanlar niyə saralmır? Cavab qısa olmuşdu: orda qazonun altında isitmə sistemi var.


Təbii, biz ot mütəxəssisi deyilik. Ona görə də dərinə gedib, ortaya sübut-dəlillər qoymaq çətinləşir. Amma bu işin bizə yaxşı tanış olan ustaları var ki, onları aldatmaq, istəsən də, mümkün deyil. Belələrindən biri də Azərbaycanda onlarla meydan salmaqla tanınan “Dynamic Resources” şirkətinin rəhbəri Dmitri Bratanovdu. Odu ki, bolqar mütəxəssisə zəng vurub, “Gəncədəki meydanın saralması fəsillə, yaxud isitmə sisteminin olmaması ilə bağlıdı” sualına cavab tapmağa çalışdıq. Buyurun, bu da sizə saçlarını bu sahədə ağartmış şəxsin cavabı:

 

“Əvvəla, orda olmamışam, vəziyyətlə yaxından tanış deyiləm. Amma dediklərinizə əsasən belə başa düşdüm ki, qazon tam saralıb. Elədisə, bunun fəsillə yaxından-uzaqdan əlaqəsi yoxdu. Azərbaycanda qış olur məgər? Bakıdan fevralın 13-də qayıtmışam, işlərimlə bağlı 10 gün orda oldum. Sizi inandırım, havalar bizdəkindən isti keçir. Belədə hansı qış fəslindən söhbət gedə bilər? Dost-tanışla danışıram, bu il havaların mənfiyə düşmədiyini deyirlər. Onlar deməsələr də, mən özüm işin içindəyəm. Azərbaycanı qarış-qarış gəzmişəm. Şəki, Qusar, Zaqatala, Tovuz, lap elə Gəncə olsun – hamısında olmuşam, hava şəraitini görmüşəm. Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin? Qısası, otun saralmasının fəsillə bağlılığı yoxdu. İstilik sistemi bilirsiz nə vaxt lazım olur? Dayanmadan qar yağanda, yaxud havalar şaxtalı keçəndə, yəni meydan buz bağlayanda. Bax, onda qarı, buzu əritmək üçün isitmə sistemi köməyə gəlir. Problem nədədi, kimdədi? İşin içində olmamışam, hansı məhsullardan – qum, toxum, qulluq vasitələri, suvarma sistemi – istifadə etdiklərini bilmirəm. Aqrokimyəvi işlər düzgün aparılıbsa, Gəncədə belə problem olmamalıdı. Mütəxəssislər, üzr istəyirəm, bilməlidilər ki, həmin otu inəklərin doyması üçün yox, idmançıların üstündə qaçması üçün əkirlər. Yəni kökü o dərəcədə möhkəm, qumu da ona uyğun olmalıdı. Nə isə, saatlarla bu haqda danışa bilərəm. Siz mənə meydanın vəziyyətini əks etdirən 2-3 şəkil göndərin, mən sizə həmin şəkillərə uyğun konkret cavab verim”.

 

 

Belə də etdik. Bratanova 2 şəkil göndərib, cavabını gözlədik. Çox keçmədən cavab gəldi:

 

“Şəkillərə mütəxəssis yoldaşımla baxıb xeyli güldük. Orda heç bir soyuqdan, donvurmadan söhbət gedə bilməz. Otu don vurubsa, onun uzunluğu 7-8 santimetr olmamalıdı. Amma şəkillərdən gördüyüm qədər otun boyu qənaətbəxşdi. Belə deyim, qazon “yaşayır”, amma “xəstələnib”. İstilik sistemi sözünü isə, ümumiyyətlə, dilinizə gətirməyin. Otun saralmasının iki səbəbi var: ya düzgün sort ot seçilməyib, ya da havalar soyumağa başlayanda, yəni noyabr-dekabr aylarında düzgün qulluq olunmayıb. Bunun başqa səbəbi ola bilməz. Günahı təbiətin, soyuq havaların üstünə atmaq yersizdi. İndiki vəziyyətdə analiz götürülməli, problemin ciddiliyinə baxılmalıdı. Hardasa 1-1,5 aya otu “sağaltmaq” mümkündü”. ("Futbol plus" qəzeti)


Digər xəbərlər

Xəbər xətti