U-15 Liqası: Gəncəlidən Gəncə komandasına zərbə

Sportarena.az      20 Fevral 2018, 12:54

Həftəsonu “Boulevard U-15 Liqası"nda 18-ci turun oyunları keçirildi. Sumqayıt təmsilçisi İOEUGİM-nin buraxdığı turda 7 oyunun 4-ü şənbə, 3-ü isə bazar gününə təyin olunmuşdu. Şənbə günü keçirilən oyunlardan başlayaq. Hər 4 oyun gərginliyi və baxımlılığı ilə yadda qaldı. Təsadüfi deyil ki, bütün oyunlarda tərəflərdən biri digərini cəmi 1  topla üstələdi.

 

Bazar günkü 3 oyunun hamısı əyalətdə keçirildi. Masallı, Zaqatala və Tovuzdakı oyunların hamısında favorit qismində qonaqlar idi...

 

17 fevral (şənbə)

“Zirə" - “Neftçi" 3:2

 

Turun mərkəzi, eyni zamanda açılış oyununda “Zirə" “Neftçi"ni qəbul etdi. Oyunu maraqlı edən rəqiblərin 3-4-cü yerləri bölüşdürməsi və aralarında cəmi 1 xal fərqin olması idi. Ötən tur “Neftçi" İK İB-ə 0:1 hesabı ilə məğlub olan “Zirə"yə yerini qorumaq, əsas rəqiblərdən birindən aralanmaq və psixoloji baxımdan özünə gəlmək üçün bu oyunda qalib gəlmək vacib idi. “Neftçi" isə 6 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirmək, eyni zamanda rəqibin “yerini ələ keçirmək" üçün oyundan 3 xalla ayrılmalı idi.

 

Matç meydan sahiblərinin üstünlüyü ilə başladı. Artıq, 6-cı dəqiqədə onların bu üstünlüyü hesabda da əks olundu. Mahmud Ağayevin sol cinah reydindən sonra qapı qarşısına ötürdüyü topu Məhəmməd Səfərov qapıdan keçirdi. Vurulan qoldan sonra da üstünlüyü əldə saxlamağa çalışan “Zirə" daha bir epizodda Məhəmmədlə qola yaxın oldu. İlk hissədə başqa qol vurulmadı və Cəfər Hüseynovun yetirmələri fasiləyə hesabda öndə yollandılar.

 

Fasilədən sonra oyunun ssenarisi qəfildən dəyişdi. 38-ci dəqiqədə rəqibi əks-hücumda yaxalayan “Neftçi" hesabı bərabərləşdirdi. Altay Abdulkərimovdan ötürmə alan Nihad Cəfərovun fərqlənməsinə qapıçı Ümid İbrahimov mane ola bilmədi. Buraxılan qoldan sonra irəli atılan “Zirə" 7 dəqiqə sonra qapısında daha bir qol gördü. Bu dəfə Altay özü fərqləndi. Ona məhsuldar ötürməni isə Cavanşir Şahbaz etdi.

 

Buraxılan 2 qoldan sonra toparlanmağı bacaran meydan sahibləri rəqib üzərində təzyiqi artırmaqla 60-cı dəqiqədə hesabı bərabərləşdirdilər. Məhəmməd Səfərovun sağ cinahdan etdiyi ötürməni Mirzəbəy Şahbazov məntiqi sonluqla tamamladı. Oyunun heç-heçə başa çatacağı gözlənilən anda Zaur Seyidovun komandası son dəqiqə qolu ilə üzüldü. Qapıçı ilə üzbəüz qalan Nurəli Nurəliyev “Zirə"nin qələbə topunu vura bildi. Yeri gəlmişkən, bundan 2 dəqiqə əvvəl qonaqlar azlıqda qalmışdılar. Belə ki, Gülağa Əsədovun ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Mirzəbəy Şahbazovu “Neftçi"nin qolkiperi Polad Mirzəyev kobudluqla qarşılamış və qarşısında qırmızı vərəqə görmüşdü.

 

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Zirə" gələn tur daha bir “qorxulu" rəqiblə  - “Qarabağ"la səfərdə görüşəcək. “Neftçi" isə İsgəndər Cavadov BFA ilə oyunda “Zirə"dən aldığı məğlubiyyəti unutmasa...

 

“Sumqayıt" - “Qəbələ" 1:2

 

Sumqayıtda keçirilən oyunda “Sumqayıt"ın qonağı çempionatın lideri idi. Oyunun favoriti qonaqlar olsalar da, 2018-ci ildə keçirdiyi 3 oyunun hamısında meydanı sülhlə tərk edən “Sumqayıt"ın bu oyunda “Qəbələ"ni büdrətməsi ehtimalı az deyildi.

 

Qonaqların ərazi üstünlüyü şəraitində keçən oyunda hesab 21-ci dəqiqədə açıldı. “Sumqayıt"ın mərkəz müdafiəçisi Araz Hüseynovun səhvindən sonra topu ələ keçirən Ümid Həmzəyev şansını boşa vermədi. Daha bir neçə epizodda komandalar hesabı dəyişməyə yaxın olsalar da, birinci hissədə başqa qol vurulmadı. Onlardan sumqayıtlı İlkin İbrahimovun əlinə düşən fürsəti qaçırması daha yaddaqalan oldu. O, cinah ötürməsindən sonra başla boş qapını dəqiq nişan ala bilmədi.

 

53-cü dəqiqədə “Qəbələ” hesab arasındakı fərqi 2-ə çatdırdı. Xəyal Səmədovun cinah ötürməsindən sonra İxtiyar Nəbiyev sumqayıtlıları ikinci dəfə məyus etdi. Bundan sonra qələbəni qorumaqla məşğul olan Rakif Əliyevin yetirmələri matçın başa çatmasına 5 dəqiqə qalmış qapılarında kuryoz qol gördülər. “Sumqayıt"lı Fərid Poladovun cərimə zərbəsindən qapı önünə göndərdiyi topu “Qəbələ"li Vüsal Mirzəzadə tərs toxunuşla öz qapılarından keçirdi və avtoqol müəllifi oldu. Qalan dəqiqələrdə bir daha səhv etməyən “Qəbələ" aktivinə növbəti 3 xalı yazdırdı.

 

Gələn həftə “Sumqayıt"ı çətin oyun gözləyir. Mehman Yunusovun komandası “Səbail"lə matçda yeni ildə ilk qələbəsini qazanmaq üçün meydana çıxacaq.  “Zaqatala"nı qəbul edəcək “Qəbələ"nin 3 xal götürəcəyi isə gün kimi aydındır. Sadəcə, liderin hansı hesabla qalib gələcəyi sual olaraq qalır.

 

“Keşlə" - “Kəpəz" 3:2

 

Rəqiblərin birinci dövrədəki oyununda “Kəpəz" son dəqiqə qoluna sevinmiş və 2:1 hesabı ilə qələbə qazanmışdı. Bu üzdən oyun “Keşlə" üçün həm də revanş xarakteri daşıyırdı. Matçı özəl edən məqamlardan biri də “Keşlə"nin məşqçisi Xəyal Mustafayevin əslən gəncəli olması idi. Başqa sözlə, gəncəlinin komandası Gəncə komandasına qarşı oynayırdı.

 

Qarşılaşma “Keşlə"nin üstünlüyü ilə başladı. Əsasən cinahlardan hücumlara üstünlük verən meydan sahibləri hesabı bu taktika ilə açdılar. 11-ci dəqiqədə Əli Tağıyev Qurban Səfərovun “başını tapdı". 2004-cü il təvəllüdlü Qurban 2 metrlik məsafədən büdrəmədi. Bundan bir neçə dəqiqə sonra “Keşlə" 2-ci qolu vura bilərdi. Gəl ki, Emil Nəbiyevin yaxın məsafədən vurduğu top qapı tirində “partladı". Rəqibi əks-hücumda yaxalamaq istəyən “Kəpəz" hissənin sonlarına yaxın hesabı bərabərləşdirə bilərdi. Lakin Nihat Fərəcinin vurduğu topu Azər Fərmanov əla reaksiya ilə qapıdan kənara göndərdi.

 

İkinci hissənin əvvəli də meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Onlar bu üstünlükdən 2 dəfə istifadə etdilər. 42-ci dəqiqədə Əbil Əbilovun ötürməsindən sonra Qurban boş qapını nişan almaqla komandasının və özünün ikinci qolunu vurdu. Burdan 3-4 dəqiqə sonra Vaqif Həsənovdan gözəl ötürmə alan Əli Tağıyev uzaq küncü dəqiq nişan almaqla hesabı 3:0 etdi. Cəmi 2 dəqiqə sonra Əli oyunun taleyini böyük ölçüdə həll edə bilərdi. Lakin o, rəqib müdafiəçi və qapıçısının səhvindən istifadə edə bilmədi və vurduğu top qapı dirəyini “yalayaraq" meydandan çıxdı.

 

“Kəpəz"in məğlubiyyətlə barışdığı hesab edilən anda... İlham Səmədovun yetirmələri 54 və 58-ci dəqiqələrdə 2 top vurmaqla oyunun intriqasını bərpa etdilər. Hər iki qol Ümid Səmədovun cərimə zərbəsindən sonra cərimə meydançasına etdiyi asmadan sonra başla vuruldu. Birinci halda Cavad Kərimov, ikinci halda isə Ayxan Qoşqarov meydan sahiblərini cəzalandırdı. Qonaqlar qalan 12 dəqiqədə nə qədər çalışsalar da, hesabı bərabərləşdirmək onlara müvəffəq olmadı.

 

Növbəti tur “Kəpəz"i nisbətən asan oyun gözləyir. Gəncə təmsilçisi bu tur istirahət etmiş

 

İOEUGİM-i qəbul edəcək. “Keşlə"sə son vaxtlar özünə gələn “Neftçi" İK İB-nin qonağı olacaq. O komandanın ki, Ramin Babayevin gəlişindən sonra yüksəlişdədi. Ötən il keçirilən 14 tur ərzində qələbə üzünə həsrət qalan və cəmi 1 oyunda 2 qol vuran “Neftçi" İK İB bu il keçirdiyi 4 oyunun heç birində məğlub olmayıb - 2 heç-heçə, 2 qələbə.

 

İsgəndər Cavadov BFA - “Neftçi" İK İB 0:1

 

Oyunda istənilən nəticənin qeydə alınması mümkün idi. Oyun ərzində meydan sahibləri Məhəmməd Məhəmmədovun, qonaqlar isə İlkin Əliyev və Anar Həsənovun ifasında rəqib qapısına təhlükəli həmlələr etsələr də, matçda cəmi 1 qol qeydə alındı. 61-ci dəqiqə Rəvan Əkbərovdan ötürmə alan İlqar Kazımov uzaq məsafədən “doqquzluğ"u dəqiq nişan almaqla gözəl qol vurdu. Meydan sahiblərinin qapıçısı Əli Allahverdiyevin İlqarın zərbəsini zərərsizləşdirməyə gücü çatmadı.

 

Gələn həftə Qəhrəman Əliyevin komandası daha təhlükəli rəqiblə qarşılaşacaq, özü də səfərdə. Söhbət “Neftçi"dən gedir. Eyni sözlər “Neftçi" İK İB-ə də aiddir. Bu komanda 7 oyundur məğlub olmayan və bu oyunların 6-da qələbə qazanan “Keşlə"ni qəbul edəcək. Ramin Babayevin komandası “Keşlə"ni büdrətməklə yüksəlişdə olduğunu sübut etməyə çalışacaq.

 

“Viləş" - “Vətən" 0:5

 

Turun ən böyükhesablı nəticəsi Masallıda, Anatoli Banişevski adına stadionun palçıqlı meydanında qeydə alındı. Güclü yağışın pis vəziyyətə saldığı qazon komandaların baxımlı futbol sərgiləməsinə mane olsa da, çempionluğa iddialı “Vətən" ilk dövrədə olduğu kimi (8:0) bu dəfə də “Viləş"in qapısını “top atəşinə” tutdu.

 

Oyunda hesab gözləndiyinin əksinə olaraq bir qədər gec, 20-ci dəqiqədə açıldı. Şahin Kərimlidən ötürmə alan çempionatın bombardiri Elvin Abdullayev fərqləndi və birincilikdə 17-ci qolunu vurdu. “Vətən"in növbəti qolu 12 dəqiqə sonra gəldi. Künc zərbəsindən sonra qapı önünə ötürülən topu Bəhruz Tanrıverdiyev bir toxunuşla Emil Əzizlinin önünə atdı. Emil qol fürsətindən maksimum yararlandı. Qonaqların üstünlüyü şəraitində keçən oyunun birinci hissəsi bu hesabla başa çatdı.

 

Fasilədən sonra da matçın ssenarisi dəyişmədi. Topa daha çox nəzarət edən “Vətən" 40-cı dəqiqədə Şahin Kərimli və 52-ci dəqiqədə Bəhruz Tanrıverdiyev ilə daha 2 qol vurdu. Yekun nəticəni müəyyənləşdirən qol isə matçın başa çatmasına 3 dəqiqə qalmış kuryoz qolla gerçəkləşdi. Elvin Abdullayevin sağ cinahdan qapı önünə etdiyi asma qapıya doğru getdi. “Viləş"in qapıçısının çıxışdakı səhvi üzündən top tora daxil oldu.

 

Daha çox öz qapısını qorumaqla məşğul olan meyan sahibləri də zaman-zaman rəqib qapısına doğru təhlükəli həmlələr etdilər. Belə həmlələr zamanı Orxan Quliyev, Mirsəlim İsayev və Samir Əliyev yüz faizli olmasa da, qol epizodlarından yararlana bilməyiblər.

 

Maraqlı fakt - “Viləş" hələ də ev oyunlarında qalib gələ bilməyib. 11-ci turda “Kəpəz"lə edilən 1:1-lik heç-heçədən savayı bütün oyunlarda məğlub olub. Masallı təmsilçisi mənfi tendensiyaya növbəti tur “Turan"la oyunda son qoya bilər. Bu komandaların 1-ci dövrədəki oyununda masallılılar Tovuzda 4:2 hesabı ilə qalib gəlmişdilər. İlqar Mənsimovun komandasına gəlincə, 15 komandalı birincilikdə gələn həftə istirahət etmək növbəsi “Vətən"indir.

 

“Zaqatala" - “Qarabağ" 2:4

 

Gözləndiyi kimi 5 turdur məğlubiyyət üzü görməyən “Qarabağ" bu dəfə autsayder üzərində qələbə qazandı. Oyunda erkən qol vuruldu. 2-ci dəqiqədə sağ cinahdan irəliləyən Fərid Nəsirli cərimə meydançasına daxil olaraq Nəriman Axundzadə ilə “stenka" oynadı və qapıçı ilə üzbəüz vəziyyətdə “Qarabağ"ı hesabda irəli çıxardı. Buraxılan qoldan sonra bərabər səviyyədə keçən oyunda tərəflərdən hər biri bir neçə epizodda qol vurmaq imkanı qazandılar. Meydan sahiblərindən Zakir Əzizov, qonaqlardan isə Fidayə Əzizli, Bəhram Köçərli və Ziyatay Niyazlı əllərinə düşən fürsətdən istifadə edə bilmədilər. Xüsusilə, Zakirin ifasında cərimə zərbəsi daha yaddaqalan oldu. Onun fərqlənməsinə qapı tiri mane oldu.

 

İkinci hissə də birinciyə oxşar tərzdə başladı. Belə ki, 5-ci dəqiqədə “Qarabağ" qol vurdu. Fərid Nəsirlidən ötürmə alan Mirmövsün Caniyev Ceyhun Zurabovun komandasını 2-ci dəfə məyus etdi. Bundan özünü itirməyən zaqatalalılar 5 dəqiqə sonra buraxdıqları toplardan birinin əvəzinə çıxdılar. Zakir Əzizova qarşı edilən qayda pozuntusundan sonra Fərda Qurbanov cərimə zərbəsindən gözəl qol vurdu. Amma “Qarabağ" 2 dəqiqə sonra fərqi yenidən ikiyə çatdırdı. Bu dəfə Etibar Həsənovun müdafiəçilərin arxasına göndərdiyi topa hamıdan tez Mirmövsüm çatdı və qapıçı ilə təkbətək mübarizədən qalib ayrıldı.

 

25-ci dəqiqədə “Zaqatala" Vüqar Məmmədlinin (ötürmə Ümid Hüseynov) ifasında hesab arasındakı fərqi minimuma endirsə də, matçın son dəqiqələrində yenə də Etibardan oxşar ötürmə alan Mirmövsüm Caniyev “het-trik" edərək komandasının qələbəsində böyük pay sahibi oldu.

 

"Zaqatala"nın bu oyunda 3 əsas müdafiəçisinin - Ramazan Soltanov, Qurbanəli Qurbanov və Denis Əsədullayevin xəstəlik üzündən oynamadığını qeyd etmək lazımdır. Məhz müdafiədəki boşluqlar üzündən məğlub olan “Zaqatala" növbəti tur olduqca çətin rəqiblə oynayacaq. Əyalət təmsilçisi “Qəbələ"nin qonağı olacaq. “Qarabağ"ı da asan oyun gözləmir. Asif Əlizadənin komandası qeyri-stabil çıxışı ilə yadda qalan və 3-cü pillədə qərarlaşan “Zirə"ni qəbul edəcək.

 

“Turan" - “Səbail" 0:3

 

8 oyundur məğlub olan, son 6 oyununda qol vura bilməyən “Turan" bu dəfə Tovuzda “Səbail"ə quru hesabla uduzdu. Əslində, oyunboyu ərazi üstünlüyünə malik olan qonaqların qələbə qazanacağı gözlənilən idi. Son vaxtlar yüksəlişdə olan “Səbail" proqnozları doğrultdu. Güclü yağış altında keçən matçda hesab 22-ci dəqiqədə açıldı. Rauf Nağıyevdən ötürmə alan Rauf Ağahüseynov fərqləndi. Buna kimi “Turan"ın futbolçusu Elnar Hüseynov 2 dəfə fərqlənmək imkanını əldən vermişdi. Vurulan qoldan sonra oyuna nəzarəti əlində saxlayan “Səbail" daha bir neçə epizodda qola yaxın oldu. Onlardan birində Arif Məmmədov qapıçını keçsə də, boş qapıya düşə bilmədi. Digər epizodda isə Vəli Səmədovun zərbəsini “Turan"ın qolkiperi çətinliklə də olsa, dəf edə bildi.

 

Fasilədən sonra da ərazi üstünlüyünə sahib olan bakılılar meydan sahiblərini daha 2 dəfə məyus etdilər. 57-ci dəqiqədə Vəlidən ara ötürməsi alan Arif şansını boşa vermədi. 5 dəqiqə sonra bu dəfə Nihat Abbasovdan ötürmə alan Arif daha bir qol vurdu.

 

“Turan"ın baş məşqçisi Kamal Ələkbərov komandasının son vaxtlar inamsız çıxışını qış fasiləsində bir neçə aparıcı futbolçunun kollektivi tərk etməsində və qalan futbolçuların zəif çıxışında görür. Onun sözlərinə görə, komandada çatışmazlıqlar çoxdur və onları aradan qaldırmaq 1-2 günün işi deyil. “Turan"ı növbəti tur Masallı səfəri gözləyir. Bəlkə Masallıda pis ənənəyə son qomaq mümkün oldu.

 

Xaqani Məmmədovun komandası isə evdə “Sumqayıt"la qarşılaşacaq. “Eyni çəki”yə malik 2 komandadan hansının qalib gələcəyini söyləmək çətindir.

 

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 18 qol, Alı Alı («Sumqayıt»), Mehrac Baxşəliyev («Qəbələ») – 14 qol.

 

U-15 Liqasında 19-cu turun oyunları fevralın 24-25-də keçiriləcək: “Viləş" - “Turan", “Səbail" - “Sumqayıt", “Qəbələ" - “Zaqatala", “Qarabağ" - “Zirə", “Neftçi" - İsgəndər Cavadov BFA, “Neftçi" İK İB - Keşlə", “Kəpəz" - İOEUGİM.

 

Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin