Yunis Hüseynov Vinçesterlə Zərgərovu nə qədər cərimələyib? - ÖZƏL

13:54 27 Fevral 2018

"Kəpəz"in iki futbolçusu - Samir Zərgərov və Şadon Vinçester arasında Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyundan öncə məşqlərdən birində mübahisə düşüb.

 

Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov baş vermiş hadisəyə görə futbolçuları cərimələyib. Hətta Vinçesterin adı "Qarabağ"la oyunun sifariş ərizəsinə salınmayıb.

 

Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında trinidad və tobaqolu hücumçunun oynamamasına səbəb kimi futbolçunun soyuqdəyməsinin olduğunu göstərib.

 

 

Əldə etdiyimiz məlumata görə, Yunis Hüseynov klubun daxili nizam-intizam qaydalarına uyğun olaraq hər iki futbolçunu cərimələyib. Futbolçular bu hadisəyə görə məvaciblərinin 25 faizini itirməli olublar. Bu kimi halların bir daha baş verməməsi ilə bağlı çalışdırıcı komandaya xəbərdarlıq edib. Eyni tipli hadisələr təkrar olunarsa, futbolçulara daha ağır cəzalar veriləcək.

 

Əldə etdiyimiz informasiya ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi xəbəri təsdiqləsə də, cəzanın məbləği barədə açıqlama vermək istəmədi:

 

"Futbolçulara cərimə kəsildiyi düzdür. Amma məbləği sizə bildirə bilməyəcəm. Bu klubun daxili işidir".


Digər xəbərlər

Xəbər xətti