Avropa çempionu güləşçimiz məhkəmə zalından azadlığa buraxıldı

12:23 28 Fevral 2018

Bakı Ağır Cinaytlər Məhkəməsində yunan-roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, Avropa çempionu Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, son sözlə çıxış edən Avropa çempionu əməlindən peşman olduğunu deyib:

 

"Mən vətənimin bayrağını hər zaman zirvələrdə tutmuşam. Aprel döyüşlərində şücaətlə döyüşmüşəm. Hərbi hissədən arayış ala bilərsiz, həmin döyüşlər zamanı baş kəşfiyyatçı olmuşam. Bunları nəzərə almağınızı istəyirəm".

 

Prosesdə hökm elan edilib. Hakimlər kollegiyasının hökmünə əsasən, Tuncay Vəzirzadənin barəsində üç il azadlıqdan məhrumetmə ilə bağlı qərar çıxarılıb. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və təyin olunmuş cəza şərti hesab edilərək, müttəhim məhkəmə zalından azadlığa buraxılıb.

 

İttiham aktına görə, Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəminində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan Həziyevin həyatını xilas etmək mümkün olub.

 

Qeyd edək ki, Vəzirzadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub.


Digər xəbərlər

Xəbər xətti