"Araz" istirahət etdi, "Marafon" xal fərqini azaltdı - LAYİHƏ

23:51 28 Fevral 2018

Sportarena.az saytı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi "Futzal üzrə liqaların işıqlandırılması, uşaq futzal məktəblərinin yoxluğu, real durum və problemlər" mövzusunda layihənin icrasını davam etdirir.

 

Layihə çərçivəsində dördüncü yazımızda futzal üzrə Yüksək Liqanın 17-cı turunun nəticələri, diqqət çəkən məqamlar və hadisələrlə sizi tanış edəcəyik. Eyni zamanda, 18-ci turda baş tutacaq qarşılaşmalar barədə məlumat verəcəyik.

 

Fevralın 24-də Bakı İdman Sarayında Yüksək Liqanın 17-ci turunun 2 oyunu baş tutdu. Əslində, hər tur olduğu kimi bu dəfə də 3 qarşılaşma keçirilməli idi. “FK.İD.Futsal” - “Neftçi” görüşü birincilərin bir neçə oyunçusunun səhhətində problemin yaranmasına görə qeyri-müəyyən vaxta təxirə salınıb. Turnir cədvəlinin lideri "Araz" isə reqlamentlə uyğun olaraq bu tur istirahət edib.

 

 

"Xəmsə" son pilləni tərk edə bilməyəcək?

 

Turun ilk qarşılaşmasında autsayderlər üz-üzə gəldi. 6-cı sırada qərarlaşan "Yasamal" sonuncu pillənin sahibi "Xəmsə"ni sınağa çəkirdi. Bu görüş hər iki tərəfin xal qazanması üçün əla fürsət idi. "Yasamal" bu imkandan maksimum istifadə etdi. İlk hissədə rəqibini 8:0 hesabı ilə üstəyən yasamallılar ikinci yarıda "Xəmsə"nin ciddi müqaviməti ilə üzləşsələr də. qələbəni əldən verməyib - 12:6. Bu qarşılaşmada "Yasamal"ın kapitanı Mortoza Cahandost rəqib qapıçısını 7 dəfə məyus etməklə yanaşı, komandasının qələbəsində pay sahibi olub.

 

“Yasamal” - “Xəmsə” 12:6
Qollar: Mortoza Cahandost, 3:10; 5:40; 16:55; 17:16; 17:55 (10 m); 27:11; 35:50. Vladislav Vorobyov, 5:20. Sadiq Cavid, 8:50; 11:42; 25:39. Mohsin Hayatbini, 39:04 - Əli Həsənov, 31:18. Samir Əmirov, 33:17; 34:20 (10 m); 38:27 (10 m). Yamin Ağakərimov, 33:50. Əli Əlizadə, 36:40.

 

 

"Marafon" "Araz"a bir addım da yaxınlaşdı

 

Turun digər matçını mərkəzi görüş adlandırmaq olar. Belə ki, yüksək yerlər uğrunda mübarizə aparan iki komanda - “Marafon Futsal” və EKOL bir-biri ilə qarşılaşırdılar. "Marafon Futsal" Yüksək Liqanın debütantı olsa da, çempionluq yarışında "Araz"a problem yaratmaq gücündə olan yeganə komandadır desək, yanılmarıq. EKOL-un da riyazi cəhətdən çempionluq şansları qalsa da, nəzəri cəhətdən bu real görünmür. Çünki "Araz"la bu komanda arasında 17 xallıq fərq var. Ən yaxşı halda EKOL ikinci sıra uğrunda mübarizə apara bilərdi. Ancaq bu görüşdən sonra gümüş medal şansları da xeyli azaldı. Çünki "Marafon" təcrübəli rəqibi ilə görüşdən inamlı qələbə ilə ayrıldı. Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən görüşün vacibliyi elə ilk dəqiqələrdən özünü göstərdi. Belə ki, 2-ci dəqiqədə Namiq Məmmədkərimova ilə Seymur Məmmədova qırmızı vərəqə alıblar. Buna səbəb sözügedən futbolçuların bir-birinə nalayiq ifadələrin işlətməsi oldu. Onların bu hərəkəti qarşılaşmanın baş hakimi Elçin Məmmədovun diqqətindən yayınmayıb və nəticədə futzalçılar matçı gözlənildiyindən də erkən başa vurdular.

 

 

Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, "Marafon Futzal" rəqibindən fərqli olaraq əldə etdiyi imkanları qola çevirməyi bacarıb. İlk hissəni 3:1 hesabı ilə öndə tamamlayan debütant üstünlüyünü qorumağı bacarıb. Yekunda 5:2 hesabı ilə qələbə qazanan "Marafon Futzal" həm lider "Araz"la xal fərqini 4-ə endirib, həm də EKOL daha da uzaqlaşıb.

 

“Marafon Futsal” - EKOL 5:2
Qol: Elyas Barati, 13:06; 13:22. İlkin Hacıyev, 19:59. Omid Talebi, 34:50. İbrahim Zeynalov, 38:43 - Radik Əhmədov, 16:43; 39:33.
Qırmızı vərəqələr: Seymur Məmmədov, 1:22 - Namiq Məmmədkərimov, 1:22.

 

Bürünc medal şansı öz əlində olan "Neftçi"

 

Bu nəticələrdən sonra turnir cədvəlində hər hansı dəyişiklik baş verməyib. Belə ki, bu tur oyun keçirməyən "Araz" əvvəlki tək liderdi. Son illərin çempionu hazırda 14 oyundan 40 xalla zirvədə qərarlaşıb. Joze Alesio da Silvanın rəhbərliyi etdiyi komandanı "Marafon Futzal" izləyir. 15 oyun keçirən debütant liderdən 4 xal geri qalır. 15 oyundan 23 xal toplayan EKOL isə ilk üçlüyü qapayır.

 

Başqa bir debütant iFK.İD.Futsal komandası 14 oyundan sonra 16 xal toplamaqla dördüncüdür. Beşinci pillənin sakini olan "Neftçi"nin vəziyyəti isə tam fərqlidir. Ehtiyatda bir neçə təxirə salınmış oyunu "ağ-qaralar" cəmi 12 oyun keçirib və aktivində 15 xal var. Komanda müxtəlif səbəblərdən təxirə salınmış görüşlərində qələbələr qazanarsa, 3-cü sıraya qədər yüksələ bilər.

 

Altıncı pillənin daimi sakininə çevrilən "Yasamal" 14 oyundan sonra 9 xal toplayıb. Bu komanda sonuncu "Xəmsə"dən başqa (3 görüşdə, 3 qələbə) heç bir rəqibindən xal qopar bilməyib. Sonuncu pillənin sahibi isə qeyd etdiyimiz kimi "Xəmsədir. Bu komanda cəmi 2 xal toplayıb. "Xəmsə" məhz 17-ci turda "Yasamal"a məğlub olmaqla zirzəmidən çıxmaq şanslarını çətinə saldı.

 

 

Sultanov liderliyi əldən verəcək?

 

Bombardirlərin yarışında ciddi dəyişikliklər olub. 20 qolla birinci olan Renat Sultanov mövqeyini əldən verməsə də, "Yasamal" - "Xəmsə" görüşündə 7 dəfə fərqlənən birincilərin oyunçusu Mortoza Cahandost 18 qolla ikinci sıraya yüksəlib. Həmin oyunda "Xəmsə"nin heyətində het-trik edən Samir Əmirov isə qollarını sayını 16-a çatdırmaqla yanaşı, üçüncü pilləyə də yüksəlib. İlk beşliyi isə "Araz"ın iki futzalçısı - Telez Thiaqo (15 qol) və Eduardo Borges (12 qol) qapayır.

 

Lider debütanta qarşı

 

Artıq 18-ci turun oyun cədvəli də məlumdur. Sabah - martın 1-də 3 oyun keçiriləcək. Günün ilk matçında "Neftçi" autsayder "Xəmsə"ni qəbul edəcək. Daha sonra meydana "Marafon Futsal" və "Yasamal" komandaları çıxacaq. Günün sonuncu qarşılaşmasında isə debütant “FK.İD.Futsal” lider “Araz” qarşısında imtahan verəcək. Digər oyunların iştirakçısı olan komandaların mövqelərini və durumlarını nəzərə alsaq, bu görüşü turun mərkəzi oyunu da adlandıra bilərik.

 

“Neftçi” - “Xəmsə”
Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Kənan Məlikov
Hakim-inspektor: Arif Ağayev
1 mart. Bakı İdman Sarayı. Saat 12:30

 

“Marafon Futsal” - “Yasamal”
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov
Hakim-inspektor: Ədilxan Hünbətov
1 mart. Bakı İdman Sarayı. Saat 14:30

 

“FK.İD.Futsal” - “Araz”
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Yusif Nurullayev
Hakim-inspektor: Ağarza Rzayev
1 mart. Bakı İdman Sarayı. Saat 16:00

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.



Digər xəbərlər

Xəbər xətti