"Qəbələ" ilə "Neftçi"nin 42-ci dueli

11:03 1 Mart 2018

Bu həftə Topaz Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, martın 4-də “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionundakı qarşılaşma rəqiblər arasında 42-ci duel olacaq. İlk dəfə 2006-cı ildə görüşən komandalar indiyədək 41 dəfə üz-üzə gəlib. Bu matçların 38-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib.

 

Əvvəlki oyunlarda həm “Qəbələ”, həm də “Neftçi” 15 dəfə qalib gəlib. Digər 11 qarşılaşma sülhlə başa çatıb. “Qırmızı-qaralar” top fərqində üstünlüyə malikdi. 53 qol vuran “Qəbələ” 51 top buraxıb.

 

Baş tutan 41 oyunda “Qəbələ”nin ən məhsuldar futbolçuları Dodo və hazırda çempionatın ən yaxşı bombardiri olan Baqali Dabodu. Onlar paytaxt təmsilçisi ilə görüşlərdə hərəyə 4 qol vurublar. Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan və Ruslan Qurbanov hərəyə 3 dəfə rəqibi məyus edib. Maraqlıdı ki, sonuncu ümumilikdə 5 dəfə bu duellərdə fərqlənib. O, iki dəfə “Neftçi”, üç dəfə “Qəbələ”nin oyunçusu kimi qol sevinci yaşayıb. Daha bir məqamı qeyd edək ki, Stiven Monroz və Baqali Dabo son iki oyunda – cari mövsümün matçlarında meydanı qolsuz tərk etməyib.

 

Ölkə kuboku çərçivəsində keçirilən bütün qarşılaşmaların əsas və əlavə vaxtında eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Klublar hərəyə 15 dəfə Premyer Liqada qalib gəlibsə, 8 matçda sülhlə barışıblar. Premyer Liqada “qırmızı-qaralar” 50, “ağ-qaralar” 48 qol vurub.

 

“Qəbələ” ev oyunlarında 7 qələbə qazanıb, 8 dəfə məğlub olub. Digər 5 görüş heç-heçə nəticələnib. Öz meydanında 25 top vuran “Qəbələ” 26-nı buraxıb.


Digər xəbərlər

Xəbər xətti