"Fiorentina"nın prezidenti: "Bu gün Astori ilə yeni müqavilə bağlayacaqdıq"

17:36 5 Mart 2018

“Fiorentina”nın prezidenti Andrea Della Valle dünən səhər həyatını itirən komandanın müdafiəçisi David Astori barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri İtaliya mətbuatına açıqlamasında mərhum futbolçu ilə ölümündən öncə yeni müqavilə ilə bağlı razılığa gəldiklərini, bazar ertəsi yeni anlaşma imzalamağa hazırlaşdıqlarını deyib:

 

“Onunla yeni müqaviləylə bağlı anlaşmışdıq. Bazar ertəsi (bu gün) yeni müqavilə bağlayacaqdıq. Astori karyerasını “Fiorentina”da bitirmək istəyirdi. O, möhtəşəm xarakterə malik insan idi. Onun ölümü böyük faciədi”.

 

Xatırladaq ki, 31 yaşlı müdafiəçi İtaliya A seriyasının 27-ci turu çərçivəsində keçiriləcək “Udineze” - “Fiorentina” oyunundan öncə, “bənövşəyilər”in məskunlaşdığı oteldə həyatla vidalaşıb. Astori yuxuda olarkən, ürək tutmasından dünyasını dəyişib. Karyerası ərzində “Fiorentina”dan başqa, “Kalyari”, “Roma” kimi komandalarda da çıxış etmiş Astori, 2011-ci ildən İtaliya millisinin üzvü idi.


Xəbər xətti