Kamran Sadıqov: “Məni futboldan Rəşad Sadıqov kənarlaşdırdı”

12:01 12 Mart 2018

"Qarabağ” futzal komandasının rəhbəri Kamran Sadıqov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.
 
Sportarena.az həmin müsahibəni təqdim edir.
 
- "Qarabağ” futzal komandası necə yaradıldı və ideya müəllifi kimdir?
- 2016-cı ilin yazında belə bir ideya yarandı. Buna qədər Ağdam komandası əvvəlcə Birinci, daha sonra Yüksək Liqada çıxış edirdi. Həmin komandada oynayan uşaqlar arasında dostlarım vardı. Onlar təklif etdilər ki, çempionata komanda burax. Futbola yaxın adam olduğumu bilirdilər. Razılaşdım. Sonra Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovla tanış oldum, fikrimi onunla bölüşdüm. Təsəvvür edin, iştirk üçün 17 komandanın müraciəti təsdilənib, bir yer qalıb. Söhbətimizdən sonra, bizə çıxış etmək üçün "yaşıl işıq” yandırdı. Komanda belə yarandı və 2016/2017-ci il mövsümünü 7-ci pillədə başa vurduq. Bizimlə oyunlar həqiqətən də  maraqlı keçirdi, rəqiblərimiz komandamıza qarşı daha yaxşı mübarizə aparırdılar. Cari mövsümdə isə fərqli çıxış edirik.
 
- İlk mövsümdən sonra güclənməyə qərar verdiniz?
- Açığı, çempionatın əvvəlində birinci yerə yüksələcəyimizi gözləmirdim. Düşünürdüm ki, ötən mövsümü 7-ci pillədə başa vurmuşuq, bu dəfə 4 və ya 5-ci yeri tutarıq. Sevindirici haldır ki, hələlik işimiz yaxşı gedir. Yekunda necə olacaq, onu zamanı çatanda biləcəyik. 
 
- Ancaq cari mövsümün reqlamenti fərqlidir. İki dövrəni zirvədə başa vursanız da, çempion olmaq üçün pley-off oyunlarını qələbə ilə bitirməlisiniz...
- Çempionatın əvvəlində keçirilən yığıncaqda belə söhbət oldu. Əvvəl razılaşdıq, ancaq sonradan dəyişiklik edilməsini təklif etsək də, razılaşmadılar. 
 
- Futzaldakı "Qarabağ”ın futboldakı "Qarabağ”la bağlılığı var?
- Bağlılıq deyəndə, Rəşad Sadıqovun qardaşı olduğumu bilirsiniz. Rəşad da hazırda "Qarabağ”dadır. Bizim bu klubun tərkibinə keçməyimizə bir addım qalıb. Nəticələrimizi izləyirlər, komanda haqda məlumatlıdırlar. Ancaq rəhbərliklə hələ üz-üzə oturub, bu haqda söhbət etməmişik.
 
- Amma komandanın oyun formasında "Azersun”un reklamı yerləşdirilib...
- Ötən mövsüm sponsorumuz fərqli şirkət idi. Bu il heç bir sponsorumuz olmadığına və komandanı özüm maliyyələşdirdiyimə görə, bu addımı atdıq. 
 
- Sizə maddi baxımdan dəstək verən varmı?
- Hələlik sırf özüm maliyyələşdirirəm. Bir-iki nəfər birinci dövrədə kömək etdi. İndi hər şeyi özüm edirəm.
 
- Bəs Rəşad Sadıqov?
- Yox, Rəşad hələ maddi dəstək vermir.
 
- Ümumiyyətlə, Rəşad Sadıqov futbolda səndən daha təcrübəlidir. O, bu ideyanı, addımını necə qarşıladı?
- Məni futboldan Rəşad uzaqlaşdırdı. İmkan vermir futbol sahəsinə daxil olum. Halbuki, futbolla bağlı arzularım olub. İstərdim ki, futbol komandam olsun, I Divizionda çıxış etsin. Ancaq qardaşım imkan verməyib. Bu il I Divizion klublarından biri məni komandanın rəhbəri vəzifəsinə dəvət etmişdi. Di gəl, Rəşad icazə vermədi. Bu, futzal komandası olduğuna görə, bir söz demir. Komandamız "Qarabağ” klubunun tərkibinə daxil olduqdan sonra daha iddialı olacaq və Yüksək Liqada çıxış edəcəyik. 
 
- Qardaşınız komandanın nəticələri ilə necə, maraqlanırmı?
- Hamısından xəbərdardır. 
 
- Bəs oyunlarınızı canlı izləmək istəmir?
- Yəqin ki, pley-off mərhələsinin oyunları zamanı onu da dəvət edəcəyəm.
 
- Məsləhətləşirsiniz?
- İndi ondan məsləhət almıram. Sadəcə, nəticələrimiz və oyunlarımızla bağlı məlumat verirəm. Komandamızın baş məşqçisi var - Nəsimi Nuriyev. Onun futzalı yaxşı bilməsinin komandaya faydası çoxdur. 
 
- Necə düşünürsən: "Qarabağ” böyük futbolda qazandığı uğurları futzalda da əldə edə biləcək?
- İnanıram, biz bura onun üçün gəlirik. Birinci Liqada vaxt keçirmək niyyətində deyilik. Növbəti il Yüksək Liqada oynamaq istəyirik. Orda bir qədər təcrübə topladıqdann sonra 2020-ci ildə Çempionlar Liqasında çıxış etməyi planlaşdırırıq. Futzalda "Araz” ən güclümüzdür. Biz də onlardan sonra Çempionlar Liqasında ölkəmizi təmsil etmək istəyirik. Niyyətimiz budur. 
 
- Deməli, Yüksək Liqada oynamağı qətiləşdirmisiniz?
- Komanda çıxışını yalnız Yüksək Liqada davam etdirəcək. 
 
- Hazırkı heyətdə elə oyunçular var ki, böyük futbolda hələ də çıxış edirlər. Yüksək Liqada oynayacağınız təqdirdə, buna icazə verilməyəcəyini bilirsən?
- Yüksək Liqada hazırkı 12-13 nəfərlik heyətdən 3, maksim 4 oyunçu çıxışını davam etdirəcək. Qalanları futzal oynamış təcrübəli oyunçular olacaqlar. 
 
- Yəqin ki, gözaltı etdiyiniz oyunçular var?
- İşə başlamışam. Pley-offa yaxın, ya da bu mərhələdən dərhal sonra hər şeyi yekunlaşdıracağam. Çünki komanda yeni mövsümün startına 2 ay qalmış hazırlığa başlamalıdır.
 
- "Qarabağ” adı azarkeşləri cəlb etmək baxımından işinizə yarıyacaq?
- Azarkeşləri indi də gətirə bilərəm. "Qarabağ”ın fan-klubunun rəhbəri ilə dostuq. O deyib ki, nə vaxt istəsən, azarkeşləri oyunlara gətirə bilərəm. Sadəcə, Birinci Liqada oynadığımıza görə, buna ehtiyac duymuram. Ancaq Yüksək Liqada çıxış etsək, bizim oyunlara azarkeşlər cəlb olunacaqlar.


Digər xəbərlər

Xəbər xətti