Zaur Axundov Yuri Maksimovun istefasını niyə qəbul etməyib? - ÖZƏL

12:51 13 Mart 2018

"Keşlə"nin baş məşqçisi Yuri Maksimovun Topaz Premyer Liqasının 19-cu turunda "Neftçi"yə məğlubiyyətdən sonra (2:3) istefa vemək fikrinə düşdüyü barədə yəqin ki məlumatlısız. Ukraynalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında bu matçın onun üçün sonuncu ola biləcəyini söylədi. Bu, istefa mesajı idi. Amma onun istefası baş tutmadı. Maksimov heç nə olmamış kimi vəzifəsinin icrasına davam etdi. Komandanı məşqlərə belə çıxardı.

 

Sportarena.az saytının əldə etdiyi məlumata görə, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov ukraynalını fikrindən daşındıra bilib. Halbuki onların münasibətləri heç də yaxşı deyil. Daha əvvəl məlumat verdiyimiz kimi, Axundov məşqçinin işinə müdaxilə edir. Bu da Maksimovun xoşuna gəlmir. "Neftçi"yə məğlubiyyət isə onun əlinə istefa üçün düşən əla bəhanə idi. O, məğlubiyyətin məsuliyyətini öz üzərinə götürərək istefa verməyə çalışdı. Ancaq heç nə düşündüyü kimi olmadı.

 

 

Bazar günü Yuri Maksimovla təkbətək görüş keçirən Zau Axundov onun istefasını qəbul etməyib və müqavilənin sonuna kimi postuna qalacağını söyləyib. O bildirib ki, komandanın avrokubok şansları qalıb və məşqçi buna nail olmalıdı. Maksimov bir saata davam edən görüşün sonunda emosional qərar qəbul etdiyini və işinə davam edəcəyini söyləyib.

 

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub rəsmisi xəbərə qısa şəkildə münasibət bildirdi.

 

"Yuri Maksimov komandanı bazar günü də məşqə çıxarıb, dünən də. Bu gün oyuna da çıxaracaq. Onunla əməkdaşlığımız davam edir".

 

Qeyd edək ki, "Keşlə" Topaz Premyer Liqasından Avropa Liqasına vəsiqə qazanmaq şanslarını nəzəri cəhətdən itirsə də, paytaxt klubu ölkə kubokunda mübarizəni davam etdirir. "Qırmızı-ağlar" 1/2 finalda "Sumqayıt"la finala vəsiqə uğrunda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti