Pedro Enrike: "FİFA-nın PAOK-a bu qədər sərt cəza verəcəyini düşünmürəm"

01:11 15 Mart 2018

"Qarabağ" Topaz Premyer Liqasının 20-ci turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam təmsilçisinin futbolçusu Pedro Enrike jurnalistlərin suallarını cavablandırıb. Braziliyalı yarımmüdafiəçinin müsahibəsini təqdim edirik:

 

- Baxımlı matç olmadı. Yaxşı oyun göstərmədiyimizə görə azarkeşlərimizdən üzr istəyirik. Həmişə yaxşı oyun göstərmək alınmır. Sanki bir az ağırlıq hiss edirdim. 1 xalı da qənimət saymaq olar.

 

- "Qəbələ"nin dünən xal itirməsi "Qarabağ"da arxayınlıq yaratmamışdı?

- Xeyr. Bununla əlaqələndirməzdim. Çünki son oyunlarda "Qəbələ" xal itirsə də, biz qələbə qazana bilirdik. İnanmıram ki, bu günkü oyunda komanda yoldaşlarım "Qəbələ"nin xal itirməsi haqda fikirləşsinlər. Sadəcə oynamaq çətin idi. Həm hava şəraitinə görə, həm də "Neftçi" bizə çətinlik yaratdı.

 

- PAOK-da baş verən hadisələrdən xəbərdarsan? Klubun 3-cü Diviziona düşürüləcəyi deyilir. Orada yaşananlar komandaya qayıtmağına təsir edə bilər?

- Ümumiyyətlə PAOK-un əksər oyunlarını izləyirəm. Orada çoxlu dostlarım var. Həm də kluba xüsusi sevgim var. Klub prezidenti haqda da deyə bilərəm ki, çox yaxşı insandı. Çünki, məni "Renn"dən transfer edəndə çox əmək sərf elədi. Təbii ki, onun etdiyi hərəkət doğru deyil. Özü də hərəkətinə görə üzr istəyib. Onun ətrafında hər zaman cangüdənləri olur. Düşünmürəm ki, silahla meydana çıxarkən kiməsə hədə-qorxu gəlmək niyyəti olub. Yunanıstan futbolunda Afinanın təsir gücü çox böyükdü. PAOK-un son zamanlar qazandığı uğurlar çoxlarında qısqanclıq yaradıb. Ona görə də bu hadisələr baş verir. Ümumiyyətlə PAOK haqda mənim çox xoş sözlərim var. Baş verən hadisələr mənim PAOK-a dönüşümə təsir etməyəcək. 

 

- PAOK-un prezidenti həmişə silahla gəzir?

- Xeyr. Mən heç vaxt görməmişəm. Yenə də deyirəm, onun heç kəsə hədə-qorxu gəlmək fikri yox idi. Onun hər zaman ətrafında cangüdənləri olur. Düşünün ki, cangüdənlə gəzən insanın silaha ehtiyacı olarmı?

 

- PAOK 3-cü Diviziona düşürülərsə, ora qayıdacaqsan?

- FİFA-nın bu qədər sərt cəza verəcəyini düşünmürəm. Çünki PAOK azarkeşləri buna layiq deyillər. Prezident həm klub üçün, həm də şəhər üçün çox böyük işlər görüb. Ona görə də komandaya çox sərt cəza veriləcəyinə inanmıram.


Xəbər xətti