Salah Ronaldonun rekordunu təkrarladı

14:09 1 Aprel 2018

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah İngiltərə çempionatında bir mövsüm ərzində qol vurduğu oyunların sayına görə portuqaliyalı Kriştianu Ronaldunun və niderlandlı Robin van Persinin rekordunu təkrarlayıb.

 

Sportarena.az xəbər verir ki, martın 31-də İngiltərə çempionatının 32-ci turunda “Liverpul” səfərdə “Kristal Pelas” klubuna 2:1 hesabı ilə qalib gəlib. Salah həmin oyunun 84-cü dəqiqəsində qələbə qolunu vurub. Nəticədə “Liverpul” 66 xal toplayaraq turnir cədvəlində ikinci yerə yüksəlib. Hazırda iki oyun artıq keçirən “Liverpul” ilk mövqedə qərarlaşan “Mançester Siti” klubundan 15 xal geri qalır.

 

Bu qarşılaşma hazırkı mövsümdə Salahın qol vurduğu 21-ci oyundur və misirli futbolçu bu göstəriciyə görə “Mançester Yunayted”in sabiq hücumçuları Ronaldo və Van Persinin uğurunu təkrar edib.

 

Məhəmməd Salah “Kristal Pelas” klubu ilə qarşılaşmada özünün 29-cu qolunu vuraraq bombardirlər yarışında mövqeyini möhkəmlədib. Misirlinin ən yaxın rəqibi - Londonun “Tottenhem” klubunun ingiltərəli hücumçusu Harri Keynin hesabında 24 qol var. Həmçinin Salah İngiltərə çempionatında afrikalı oyunçunun bir mövsümdə vurduğu qolların sayına görə əvvəllər Londonun “Çelsi” klubunda oynayan Didye Droqbanın rekordunu da təkrarlayıb.

 

Qeyd edək ki, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında Uruqvay, Səudiyyə Ərəbistanı və Rusiya ilə birgə A qrupunda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti