Elvin Yunuszadə: "Qurban Qurbanov həmişəki kimi yanımda oldu"

23:22 7 Aprel 2018

“Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 22-ci turunda “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini dəyərləndirib:

 

- Çətin oyunlarımızdan birini keçirdik. Yanvardan bəri asan görüş olmayıb. Qalib gələ bildik. 3 xal bizim üçün vacib idi. Artıq növbəti oyunu düşünməliyik.

 

- Gec olsa da, bu barədə soruşmaq istərdik. Millidən kənarlaşdırılmağın və "Qarabağ”da əvəzedici heyətə göndərilməyinlə bağlı qərardan danışardın...

- Bu, haqlı qərar idi. Nə məsləhət gördülərsə, tabe oldum. Qurban müəllimlə də söhbətimiz oldu, hər şeyi qaydasına qoyduq. Söz verdim ki, belə səhvi təkrar etməyəcəm. O da məni anladı. Həmişəki kimi yanımda oldu.

 

- Milliyə dəvət alacaqsan?

- Artıq bunu Qurban Qurbanovdan soruşmaq lazımdır. Mən canla-başla hazırlaşmağa davam edəcəm. Qərarı isə baş məşqçi verəcək. Çağırmasa da, hörmətlə yanaşacam.

 

- İkinci dəfə Qurban Qurbanov səni bağışladı. Belə deyək, Allah üçüncüdən saxlasın?

- Hər şeydən öncə deyim ki, bunu bilərəkdən etmədim. Ancaq səhv səhvdir. İstəməyərəkdən olsa belə. Bunu boynuma alıram. Gərək 10 dəfə, hətta 100 dəfə diqqətli olum ki, səhvi təkrar etməyəm.

 

- Bir neçə epizodda səhvə yol verdin. Bu, həyəcanlı olmağınla əlaqəli idi?

- Sonuncu dəfə "Neftçi” ilə görüşdə oynamışdım. 4 həftəyə yaxın idi ki, meydanlara çıxmırdım. Gözlədiymdən hətta yaxşı çıxış etdim. Əvvəlki oyunlarda da səhv etmişəm. Amma bu matçdakı səhvlərim gözə görünməli idi ki, bunu da başa düşürəm.

 

- Bədavi Hüseynovun yoxluğunda daha çox oynayırsan. Artıq o, geri dönməyə hazırlaşır...

- Çox sevinirəm ki, geri dönür. Dostum və komanda yoldaşımdır. Bədavi olanda da çox oynamışıq. Buna ancaq sevinirəm.


Xəbər xətti