Namiq Ələsgərov: "Bakı" yaşasaydı, başqa hisslər keçirərdim"

01:01 9 Aprel 2018

"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov Topaz Premyer Liqanın 22-ci turunun “Sumqayıt”la oyunundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın 2-ci qolunun müəllifi olan futbolçu əvvəlcə qarşılaşma haqda fikirlərini açıqlayıb.

 

- Qalib gəlmək istəyirdik. Çünki qələbə bizim üçün çox vacib idi. Turnir cəvəlində 3-cü və 4-cü yerdəki komandalara yaxınlaşmaq istəyirdik. Təəssüf ki, alınmadı.

 

- Qələbəni əldən verməyinizə Cavid İmamverdiyevin ustalığı, yoxsa sizin ani diqqətsizliyiniz səbəb oldu?
- Fikrimcə, hər iki amil rol oynadı. Cavid çox yaxşı qol vurdu. Qismətdir, belə olmalı imiş.

 

- Bu nəticə kubok oyunu öncəsi komandaya psixoloji cəhətdən mənfi təsir göstərə bilərmi?
- Qələbə qazansaydıq, daha yaxşı olardı. Çempionatda hələ heç nə bitməyib. Uduzsaydıq, vəziyyət daha pis olardı. Hələ şansımız davam edir. Kubok matçlarına da yaxşı hazırlaşacağıq.

 

- Cavid İmamverdiyev qol vuranda bunu qeyd etmədi. Belə halları necə qarşılayırsan?
- Normal. Cavid "Neftçi”nin yetirməsidir, neçə il bu komandada oynayıb. Dünya futbolunda da belə şeylər çox olur. Mən də “Bakı”nın yetirməsiyəm. Bəlkə də "Bakı" yaşasaydı, başqa hisslər keçirərdim. 

 

- Topaz Premyer Liqanın növbəti turunda əsas rəqiblərinizdən "Zirə” ilə üz-üzə gələcəksiniz...
- Ağır oyun olacaq. İndi "Qəbələ” ilə kubok qarşılaşmasını fikirləşirik. Həmin matçdan sonra "Zirə” barədə düşünmək olar.

 

- Səncə, kubok oyununda həlledici amil nə olacaq?
- İstək. Bizim üçün çox vacib oyundur. Finala çıxmaq üçün hər şeyi edəcəyik. Kim daha istəkli olsa, o da qalib gələcək.

 

- Qış fasiləsindən sonra "Qəbələ” enişdə, "Neftçi" isə yüksəlişdədir. Bunu sizin üçün üstünlük saymaq olarmı?
- Çempionatla kubok tam ayrı yarışlardır. "Qəbələ” də bütün diqqətini kuboka yönəldib. Hər iki komanda üçün çətin olacaq.

 

- Qış fasiləsindən əvvəl Tərlan Əhmədov sənin oyununun alınmadığını deyirdi. Yanvardan bəri nə dəyişdi ki, daha yaxşı forma yığdın?
- Yəqin ki, özünəinamla bağlı idi. Əvvəl daha inamsız oynayırdım. Azarkeşlərin, məşqçilərin mənə güvəndiklərini hiss edirəm. Çalışıram ki, bu güvəni boşa çıxarmayım. 

 

- Şəxsi həyatındakı dəyişiklik bunda rol oynadımı? Ailə həyatı qurandan sonra daha yaxşı oynadığını görürük...
- (Gülür) Bu suala dəqiq cavab verə bilmərəm.


Xəbər xətti