Cavid İmamverdiyev: “Neftçi”dən gedən istənilən futbolçu eyni addımı atardı"

11:14 9 Aprel 2018

“Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev Topaz Premyer Liqanın 22-ci turunun “Neftçi”ylə oyunundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə heç-heçəni şərh edib.

 

- Səncə, bu gün 2 xalı hansı komanda itirdi?
- Hesab edirəm ki, hər iki komanda. Təbii ki, ilk növbədə öz komandamı düşünürəm. Bu üzdən deyə bilərəm ki, biz 2 xal itirdik. Çox baxımlı oyun göstərdik. Məncə, “Neftçi”dən yaxşı oynadıq. Həm əzmkarlıq, həm də futbol baxımından rəqibi üstələyirdik. Sadəcə, bəxtimiz gətirmədi.

- Qol vursan da, sevinmədin...
- “Neftçi” sevimli komandamdır. Burdan gedən istənilən futbolçu yerimdə olsaydı, eyni addımı atardı. Futbolun sirlərini "Neftçi"də öyrənmişəm, bu komandada böyümüşəm.

- Qarşıda "Keşlə"ylə yarımfinal qarşılaşması olacaq...
- Çempionat matçlarına olduğu kimi, kubok oyunlarına da eyni qaydada hazırlaşırıq. “Sumqayıt” iki turnir arasında ayrı-seçkilik etmir. Hər iki cəbhədə sona qədər mübarizə aparmaq istəyirik.

- “Keşlə” ilə 7 gün ərzində 3 dəfə üz-üzə gələcəksiniz. Eyni rəqiblə qısa müddətdə bu qədər çox qarşılaşmaq komandanıza necə təsir edə bilər?

- Bu, təkcə bizə yox, rəqibə də aid olacaq. Düşünmürəm ki, mənfi təsiri olsun. Düzdür, yorğunluq olacaq. Amma “Keşlə”də də belə olacaq.

-  Ən yaxın izləyiciləriniz “Zirə” və "Neftçi"ylə xal fərqini qorudunuz. Necə düşünürsən, mövsümün sonunda “Sumqayıt” bürünc medalları qazana biləcək?

- Əlbəttə ki, bunu istəyirik. Bu yeri tutmaq “Sumqayıt” adına sevindirici hal olar.

- Matçdan sonra baş məşqçi Samir Abasovla birlikdə “Neftçi” azarkeşləri tərəfə getdiniz. Bu addımı necə izah etmək olar?

- Məncə, bu, olmalı idi. Rahat idik, çünki “Neftçi” azarkeşlərini yaxşı tanıyıram. Bilirəm ki, onlara yaxınlaşan azərbaycanlı futbolçuları heç vaxt geri çevirməzlər. Onları tanıyaraq getdim. Bilirdim ki, bizi alqışlayacaqlar.

- Təşəbbüs kimdən gəldi?

- Samir müəllim mənə bildirdi ki, komandanı ora apar. Özünüz də gördünüz ki, azarkeşlər də bizi müsbət qarşıladılar. Həmişə demişəm ki, Azərbaycanın bir nömrəli azarkeşləri “Neftçi” fanatlarıdır.

- Bu gün kapitanlıq sarğısını daşıdın. Bu, oyununa necə təsir göstərdi? Özündə kapitanlıq keyfiyyətlərini görürsən?

- Açığı, kapitanlığın mənə verilməsini gözləmirdim. Samir müəllim belə məsləhət bildi. Mən də meydana çıxıb, kapitanlığımı etdim.


Digər xəbərlər

Xəbər xətti