Fərhad Vəliyev: "Samir Abasova səbrli olmağı tövsiyə edirəm"

22:26 12 Aprel 2018

“Sumqayıt”ın kapitanı Fərhad Vəliyev ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Keşlə”yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli qolkiper əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

 

- Çempionatın son turunun “Neftçi” ilə oyunundan sonra komandamızda yorğunluq hiss olunurdu. İlk hissədə "Keşlə" bizdən üstün oynadı. Amma qapımızı toxunulmaz saxladıq. İkinci hissədə də qol buraxmaya bilərdik. Lakin 90-cı dəqiqədə cərimə zərbəsindən sonra rəqib hesabı açmağa müvəffəq oldu. Uduzsaq da, əlimizi yanımıza salmırıq. Cavab görüşündə mərhələni keçməyə çalışacağıq.

 

- Buraxdığınız qolu necə şərh edərdiniz? Sanki zərbənin hansı istiqamətə vurulacağını bilirdiniz...

- Rəqibin həmin istiqamətə zərbə endirəcəyini və ya ötürmə verə biləcəyini gözləyirdim. Mövqeyimi də seçmişdim. Lakin zərbə çox güclü idi. Topu qaytarmaq üçün əlimdən gələni etsəm də, dəf edə bilmədim.

 

- Çempionatda inamlı çıxış etsəniz də, kubok matçında "Keşlə"nin qapısına doğru normal zərbəniz belə olmadı...

- Ola bilsin, bu, yorğunluqdan irəli gəlir. Çünki 3 gündən bir oyunlar keçiririk. Əsas heyətimizin 3-4 oyunçusu da bu gün çıxış etmirdi. Bəziləri zədəli, bəziləri cəzalı idi. Doğma meydanda qələbə qazanıb mərhələni keçməyə çalışacağıq.

 

- Qol epizodunda etdiyiniz səhv sizdə inamsızlıq yaratmır?

- Qolda səhvim yox idi. Yenə deyirəm, güclü zərbə idi. Qarşısını almaq üçün əlimdən gələni etdim, amma alınmadı.

 

- Komandanız daha çox 5 müdafiəçi ilə oynayır. Bu gün isə meydana 4 müdafiəçi ilə çıxmışdınız. Bəlkə məhz bu amil "Sumqayıt"ın oyununa təsir göstərdi?

- Çoxdandır 4 müdafiəçi ilə oynamırdıq. Amma baş məşqçi komandanı istənilən taktika ilə oynada bilər. Futbolçular buna hazır olmalıdır. Ola bilsən ki, taktiki dəyişikliklər də oyunçulara təsir etsin.

 

- 0:1 hesabı sizin üçün heç də yaxşı nəticə deyil. Çünki evdə 1 qol buraxsanız, 3 top vurmaq məcburiyyətində qalacaqsınız...

- İnanırıq ki, finala vəsiqə qazanacağıq. Sona kimi mübarizə aparacağıq. Səfərdə uduzsaq da, hələ evdəki matçımız qalıb. Çalışacağıq ki, qapımızı toxunulmaz saxlayaq. Qol vurub mərhələni keçə bilərik.

 

- Baş məşqçiniz Samir Abasovun hakimlərə kəskin etirazı barədə nə deyə bilərsiniz?

- Çılğın məşqçidir. Ona səbrli olmağı tövsiyə edirəm. Hakim də səhv edə bilər. Bir az səbrli olsa, daha yaxşı olar. Emosionallıq içindən gəlir. Özünü saxlaya bilmədi.

 

- Baş məşqçinin texniki zonada olmamağı cavab qarşılaşmasına təsir edə bilərmi?

- Texniki zaonada olsa, əlbəttə, daha yaxşı olardı. Ancaq digər tərəfdən, o, məşqçilik kurslarıyla əlaqədar ölkə xaricində olanda kubokda "Qarabağ"ı məğlub etdik. Digər məşqçilərimiz - Seymur Rəhimovla Vəfadar Quliyev bizə öz tövsiyələrini verəcəklər.


Digər xəbərlər

Xəbər xətti