Yunis Hüseynov: "Əsas komandada cəmi 2 gəncəli oyunçu var”

16:47 13 Aprel 2018

“Gəncə Azərbaycan futbolunun məskənidir. Buradan neçə-neçə güclü futbolçular çıxıb. Amma əfsuslar olsun ki, indi əsas komandada cəmi 2 gəncəli oyunçu var”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov klubun rəsmi saytına açıqlamasında deyib. Bu gün Gəncə klubunun aşağı yaş qruplarında çıxış edən uşaqlarla görüşən mütəxəssis yeni istedadların üzə çıxması üçün işlər görüldüyünü açıqlayıb:


“Məqsədimiz Gəncə futbolunu inkişaf etdirib, əsas komandaya yeni futbolçular qazandırmaqdır. Uşaqlarla görüşdə onların futbola çox həvəsli olmasını gördüm. Bu, olduqca sevindirici haldır. Çalışmalıyıq ki, gələcəkdə yaxşı futbolçu olsunlar. Bunun üçün əlimizdən gələni etməliyik. İstər geyim, top, istərsə də, meydança baxımından uyğun şərait qurmalıyıq. Stadionun ərasizində qısa müddətdə məşq meydançaları salınıb gənc nəslin ixtiyarına veriləcək. Bundan sonra onlar daha da həvəslənəcəklər. Uşaqlara uğurlar arzulayıram, belə görüşlərimiz davamlı olacaq. Planda onları həvəsləndirəcək yeni layihələrimiz var. Gəncədə müxtəlif yaş qrupundan olan istedadlı, bacarıqlı oyunçuları klubumuza cəlb edəcəyik”.


Xəbər xətti