AFFA Ayxan Abbasova ikiqat cəza verdi

14:56 17 Aprel 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqasının son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Topaz Premyer Liqasının 23-cü turunun “Sumqayıt” - “Keşlə” matçının 81-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

 

Premyer Liqanın 23-cü turunun “Qəbələ” - “Səbail” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın 23-cü turunun “Kəpəz” - “Qarabağ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 37-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

 

Premyer Liqanın 23-cü turunun “Zirə” - “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.  Oyunun 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

 

Oyunun 85-ci dəqiqəsində “Zirə”nin baş məşqçisi Ayxan Abbasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur. İntizam Komitəsinin 21 fevral 2018-ci il 25 №-li protokoluna əsasən, “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasova verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib və ona 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minir.


Digər xəbərlər

Xəbər xətti