U-15 Liqası: 11 qolluq tur

Sportarena.az      23 Aprel 2018, 16:10

Həftəsonu “Boulevard U-15 Liqası"nda 26-cı turun 5 oyunu keçirildi. Təqvim açıqlananda «Qəbələ» və «Vətən»in 5 futbolçusu U-16 millimizin düşərgəsində olduğu üçün bu komandaların iştirakı ilə keçirilməli olan «Neftçi» - «Qəbələ» və İOEUGİM – «Vətən» matçları təxilə salınmışdı. Qalan 5 oyunun 4-ü şənbə, 1-i isə bazar günü baş tutdu.

 

«Keşlə» - «Turan» 2:0

 

Meydan sahiblərinin 3 əsas futbolçusu – Əbil Əbilov, Vaqif Həsənov və Rəşad Həsənovun millinin düşərgəsində olması üzündən matçı buraxacaqlarına rəğmən oyunun «Keşlə» üçün «asan gəzinti» olacağını düşünənlər yanılmışdılar. Doğrudur, Xəyal Mustafayevin komandası lazım olan qələbəni qazandı. Amma böyük zəhmət və əsəb bahasına.

 

Qarşılaşma «Keşlə» üçün yaxşı başladı. Artıq, 2-ci dəqiqədə hakim Hüseyn Səmədovun Əli Tağıyevə qarşı kobudluğuna görə «Turan»ın qapısına penalti təyin etdi. Lakin Seymur Məmmədovun zərbəsini tovuzluların qapıçısı Turan Sadıqov dəf edə bildi. Bəlkə də bu şanssızlıq «Keşlə»nin sonrakı dəqiqələrdə istədiyi oyun sərgiləməsinə təsir göstərdi. Hücum qurmaqda çətinlik çəkən meydan sahibləri birinci hissədə cəmi 2 təhlükəli epizodla yadda qaldılar. Hər iki halda Əli Tağıyev qol vurmaq imkanını boşa verdi. Belə ki, birinci epizodda onun zərbəsi dəqiq olmadı. İkinci epizodda isə Turan Sadıqov qeyri-adi, hətta deyərdik ki, peşəkar qapıçılara xas reaksiya ilə topun qapıdan keçməsinə imkan vermədi. 2004-cü il təvəllüdlü Turan həmin gün qonaqların heyətində ən yaxşı futbolçu idi.

 

Fasilədən sonra oyunun ssenarisi dəyişmədi. Ərazi üstünlüyünə malik «Keşlə» zaman-zaman rəqib qapıçı önündə təhlükəli vəziyyət yaratsa da, topa son dəqiq toxunuş edən tapılmırdı. Nəhayət, 52-ci dəqiqədə qol gəldi. «Keşlə»lilərin bacarmadığını tovuzlular etdi. Cinah reydindən sonra Xəyal İbrahimovun qapı önünə ötürdüyü Turan Sadıqov topu geri qaytarsa da, Elcan Şirinova dəyib tora daxil oldu. Avtoqol!

 

Matçın başa çatmasına 1 dəqiqə qalmış meydan sahiblərinin də üzvü fərqləndi. Asif Səfərovun cərimə zərbəsindən qapı önünə etdiyi asmanı nəzarətsiz qalmış İsrail Əliyev bir toxunuşla qapıdan keçirdi.

 

«Zirə» - «Zaqatala» 3:0

«Keşlə»də olduğu kimi «Zirə»nin də 2 futbolçusu – Gülağa Əsədov və Cəlal Hüseynov yığmanın düşərgəsində olduğun üçün oyunda iştirak etmirdi. Üstəlik, Mirzəbəy Şaxbazov cəza səsəbindən matçı buraxırdı. Lakin bütün bunlar Cəfər Hüseynovun komandasına autsayderlə oyunda qalib gəlməməsinə əsas verə bilməzdi.

 

Oyun «Zaqatala»nın Bakıya gec yetişməsi üzündən 15 dəqiqə gecikmə ilə başladı.  Meydan sahiblərinin üstünlüyü ilə keçən bu qarşılaşmada da ilk hissədə hesab açılmadı. Fasilədən sonra isə meydan sahibləri rəqibi 3 dəfə oyunun mərkəzinə dəvət etdilər.

 

Oyunda hesab 41-ci dəqiqədə açıldı. Məhəmməd Məmmədov 25-26 metr məsafədən cərimə zərbəsini mükəmməl yerinə yetirdi. Cəmi 2-3 dəqiqə sonra Mahmud Ağayevdən ötürmə alan Nurəli Nurəliyev tək toxunuşla ikinci qolu «Zaqatala»nın qapısından keçirdi. Meydan sahiblərinin 3-cü qolu ikinci hissənin ortalarında gəldi. Bu dəfə Vüsal Əliyev fərqləndi. Onun qol vurmasına Məhəmməd Səfərov şərait yaratdı.

 

«Neftçi» İK İB – «Səbail» 1:1

 

Baş tutan oyunlar arasında nisbətən prinsipialı «Neftçi» İK İB – «Səbail» matçı idi. Demək olar ki, bərabər səviyyədə komandaların oyunu bərabərliklə də başa çatdı.

 

Maraqlı mübarizə şəraitində keçən oyunda hər iki komanda sürətli oyun nümayiş etdirdi. Bu da qapılar qarşısında təhlükəli vəziyyətlərin çox olmasına səbəb oldu. Oyunda hesab 25-ci dəqiqədə açıldı. Künc zərbəsindən ev tapşırığını yerinə yetirən Anar Həsənov Taleh Yusifova dəqiq ötürmə verdi və Taleh dəqiq zərbə ilə topu qapıdan keçirdi. Komandaların fasiləyə yollanmaq ərəfəsində meydan sahibləri daha bir qol vura bilərdilər. Belə ki, İlkin Əliyevlə mübarizədə Əli Səmədov qaydalar çərçivəsində oynamadı və hakim «Səbail»in qapısına penalti təyin etdi. Lakin Rəvan Əkbərovun real qol şansını boşa verdi.

 

Məhz bu məqam Ramin Babayevin futbolçularının ikinci hissədəki oyununa təsir etdi. Rəqibin psixoloji durumundan istifadə edən «Səbail» 42-ci dəqiqədə Rauf Nağıyevin ifasında bərabərlik qolunu vurdu.

 

İsgəndər Cavadov BFA – «Sumqayıt» 0:1

 

Bu oyun haqqında qısaca oldu demək olar ki, oyun bərabər səviyyədə keçdi. Hər iki komandanın fərqlənmək üçün şansı olsa da, matçda hesabdan da götürdüyü kimi cəmi 1 qol vuruldu. O da 1-ci hissənin ortalarında. «Sumqayıt»dan İlkin Kərimli komandasına 3 xal qazandıran qolun müəllifi oldu.

 

«Kəpəz» - «Viləş» 2:1

 

Bazar günü keçirilən yeganə oyunda iki əyalət təmsilçisi üz-üzə gəldi. Çərşənbə axşamı Ümid Səmədov və Həsən Seyfullayevin yoxluğunda «Qarabağ»a 1:4 hesabı ilə məğlub olan gəncəlilər bu dəfə də meydana «vuran ayaaq»larsız çıxmışdılar. Hər iki futbolçu millinin düşərgəsində olduğundan komandasına kömək edə bilmirdi. Buna baxmayaraq, İlham Səmədovun yetirmələri qələbə qazana bildilər.

 

Oyunda ilk qol 5-ci dəqiqədə vuruldu. Nihat Fərəcinin ötürməsindən sonra Bəhram Muradov fərqləndi. 17-ci dəqiqədə qonaqlar qapılarında daha bir qol gördülər. Bəhram Muradovdan uzun ötürmə alan Sənan Əliyev başla topu qapıdan keçirdi. Buraxılan qoldan sonra aktivləşən qonaqlar matçın qalan dəqiqələrində Tosif İbişov, Mirsəlim İsayev, Sehran Abbasovla bir neçə dəfə qol vurmağa yaxın olsalar da, yalnız bir dəfə istəklərinə çata bildilər. 60-cı dəqiqədə Mirsəlim İsayevin ötürməsindən sonra Rüfət Tahirov prestij qola imza atdı.

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.

 

U-15 Liqasında 27-ci turun oyunları martın 27-28-də keçiriləcək: «Zaqatala» - İsgəndər Cavadov BFA, «Sumqayıt» - «Keşlə», «Turan» - İOEUGİM, «Vətən» - «Kəpəz», «Viləş» - «Neftçi» İK İB, «Səbail» - «Neftçi», «Qəbələ» - «Qarabağ».

 

Bu oyunların vaxtı və yeri, həmçinin, təxirə salınmış matçlar barədə əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin layihəsi

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin