Litovçenko: "Qəbələ" yaxşı durumda deyil"

15:04 28 Aprel 2018

“Səbail”lə oyunumuz gərgin keçdi. Üç futbolçumuz matçın gedişində zədələndi və əvəzlənmək məcburiyyətində qaldı. İkinci hissəyə köklənmək çətin oldu”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in qolkiperi Serqey Litovçenko klubun saytına açıqlamasında söyləyib. Ukraynalı Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Səbail”ə qarşı keçirdikləri görüş haqda danışarkən belə deyib. O, fasilədən sonra müdafiəyə daha çox diqqət ayırdıqlarını əlavə edib:

 

“Qol buraxmamağa çalışırdıq və buna görə müdafiədə diqqətli oynamalı idik. Odu ki, oyunumuzu müdafiədən qurmuşduq. Amma bu o demək deyil ki, tamamailə arxaya çəkilmişdik. Qol vurmaq üçün imkanlarımız da oldu. Hələ birinci hissədə Dario Federikonun vurduğu qoldan sonra Şadon Vinçesterin fərqlənmək üçün əla şansı vardı. Belə götürsək, döyüşkən oyun alındı. Təəssüf ki, vacib oyunda qələbə qazana bilmədik. Çempionatda qalan matçlarda yalnız uğurlu nəticələr qazanmalıyıq ki, mövqeyimizi yaxşılaşdıra bilək”.

 

“Kəpəz” 25-ci turda səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Litovçenko komandasını çətin sınağın gözlədiyini düşünür:

“Bu görüşə hazırlığımız yaxşı keçib. Asan oyun olmayacaq. “Qəbələ”yə müqavimət göstərməyə çalışacağıq. Düzdü, rəqib güclüdü, amma onlar indi yaxşı durumda deyillər. Gücümüzü ortaya qoyub xalımızı qazanmalıyıq”. 

 

Yeri gəlmişkən, “Qəbələ”nin heyətində Sergeyin həmyerliləri çıxış edir. Elə rəqibin baş məşqçisi Roman Qrikorçuk da ukraynalıdı:

 

“Bu komandanın uğurları üçün çalışan həmyerlilərimdən xəbərim var. “Neftçi” ilə kubokun cavab oyununda tribunada bəziləri ilə bir yerdə oturub matça baxdım. Münasibətlərimiz normaldı. Ukraynadan kənarda yerlilərimə qarşı çıxış etmək maraqlıdı. Deyərdim ki, ikiqat motivasiya ilə oynamaq üçün tutarlı səbəb var”.

 

“Çərçivə qoruyucusu” “Kəpəz”in azarkeşlərindən də bəhs edib:

 

“Bu qədər azarkeşin qarşısında oynamaq zövq verir. Tamaşaçı bolluğunu hər bir futbolçu arzulayır. “Kəpəz”də belədi və bu bizim komandanın üstünlüyüdü. Klub üçün azarkeş dəstəyi əsas amildi. Düşünürəm ki, növbəti mövsümdə “Kəpəz” azarkeşlərini daha çox sevindirəcək”.

 

Litovçenko “sarı-göylər”in çempionatda sonuncu pillədə olmasına baxmayaraq nümayiş etdirdiyi oyunla seçildiyini bildirib:

 

“Hər oyuna uğurlu nəticə qazanmaq istəyi ilə çıxırıq. Amma heç də həmişə alınmır. Qış fasiləsində yeni komanda qurulub, heyət yenilənib. “Kəpəz” uğuru rəqib qapısında axtaran komandadı. Hücum futbolu oynayırıq. Sonuncu yerdə olan klubun belə oynaması xoşdu”.


Xəbər xətti