Orxan Sadıqlı: "Nələrin baş verməsindən xəbərsizəm"

03:22 29 Aprel 2018

Topaz Premyer Liqanın 25-ci turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan “Keşlə”nin qapıçısı Orxan Sadıqlı sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib.

 

- Bizim üçün həqiqətən də çətin oyun olacağını bilirdik. Ona görə də ciddi hazırlaşmışdıq. Həm də ilk 3 dövrədəki məğlubiyyətlər bizə stimul vermişdi. Heç olmasa, məğlubiyyətlərdən birinin əvəzini çıxmaq niyyətində idik. Sevinirik ki, düzgün oynadıq, bir-birimizə kömək etdik və qalib gəldik. Hamını təbrik edirəm.

- Fasilə zamanı nə baş verdi ki, ikinci hissədə Kamran Ağayevin əvəzinə sən meydana daxil oldun?
- Oyunda bir epizod oldu. Uşaqlar arasında nə isə baş verdi. Oyundu, belə hallar olur. Mənə dedilər ki, baş məşqçi səni çağırır. Yuri Maksimov "Hazırlaş, gir oyuna" söylədi. Mən də çıxıb oynadım. Nələrin baş verməsindən xəbərsizəm.

- Yəni, içəridə hansısa söz-söhbətin olduğundan xəbərsizsən?
- Xeyr, xəbərim yoxdu. Sadəcə, paltardəyişmə otağına girəndə gördüm ki, Kamran "Məni dəyişin, oynamıram" deyir. Əvvəl nə olubsa, xəbərim yoxdu. Sadəcə, Kamrana dedim ki, sakitləş, stress öz oyununa təsir edir. İnanıram ki, ciddi bir şey yoxdu.

 

- Kamran Ağayev oyunu izləyənlər arasında da yer almadı, çıxıb getdi...
- Onu bilmirəm. Mənim diqqətim yalnız oyunda idi. Ona fikir verməmişəm. Yəqin ki, burada olar. Hara gedəcək ki?!

- Turnir cədvəlində mövqeyinizə ciddi təsir etməyən qələbələr qazanırsınız. Bunlar ölkə kubokunun final matçı ərəfəsində sizə psixoloji üstünlük qazandırır?
- Düzdü, turnir cədvəlində yerimizi dəyişmirik. Amma bizim də öz adımız var. Futbolçu ilk növbədə, öz adı üçün oynayır. Əlimiz heç yerə çatmır deyə, bütün oyunlarda uduzmağımız da düzgün deyil. Sadəcə, bu qələbələr də bir stimuldu. Öz ad-sanımıza görə oynayırıq ki, kubokun finalına qədər hazır olaq. Çempionatda isə bacardığımız qədər xal toplamaq niyyətindəyik. Mövsümün ilk yarısında çox zəif çıxış etmiş, 8 görüşdə uduzmuşduq. Bunun nəticəsidir ki, indi 6-cı yerdəyik. İnanıram ki, növbəti oyunlarımız da uğurlu alınar.

- Yuri Maksimov komandada nəyi dəyişib?
- Maksimov çox zarafatcıl insandı. Kiçikdən böyüyədək hamı ilə deyib-gülür. Sadəcə, kollektivi, daxili ab-havanı qorumağı bacarır. Matçda da kompakt şəkildə çıxış edirik. Bu da öz nəticəsini meydanda verir. Bir-birimizin necə oynayacağımızı başa düşürük. Məncə, uğurlarımız bunun nəticəsində əldə olunub. Hamını motivasiya etməyi bacarır, hər şey göz qabağındadı. Mövsümün ikinci yarısında toparlanaraq, finala yüksəlmişik. Çempionatda isə bacardığımız qədər xallar toplayırıq.


Xəbər xətti