Elxan Məmmədov: "10 komandalı çempionat ehtimalı çox azdır"

14:10 1 May 2018

Bu gün keçirilən AFFA Klublar Komitəsinin iclasında qurumun baş katibi Elxan Məmmədov da iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Məmmədov toplantıdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- AFFA Klublar Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?

- Bu gün bəzi məsələləri AFFA rəhbərliyi adından çatdırdım. Bildiyiniz kimi, hazırda klublar fərdi şəkildə statistik məlumatlar alırlar. Təbii ki, buna görə, pul xərcləyir. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş sistem şəkildə “InStat” şirkəti ilə danışıqlar apardıq. İllik 80 min avroluq müqavilə imzaladıq. Artıq bütün klublara statistik məlumatlar bu şirkət göndərəcək. Əlavə xərcə də ehtiyac olmayacaq. Hesabımıza görə, hər klub statistik məlumatlar üçün ildə təxminən 12-14  min avro arası pul xərcləyir. Bu statistik fitness və skaut  sisteminin məlumatlarını əldə etmək üçündü. 80 min avroya bütün milli komandalar da daxil olub. Bizim üçün ən əsası, Gənclər Liqasının bütün statistik məlumatları ilə məşqçilərimiz təmin olunacaqlar. Düşünürəm ki, Çempionlar Liqasında iştirak edəcək Gənclər Liqasının qalibi üçün də bu amil çox vacibdi.

 

- Bütün xərclər AFFA tərəfindən qarşılanacaq?

- Əlbəttə. Düşündük ki, ümumi olaraq mərkəzləşdirilmiş sistemlə danışıq aparaq. Belədə qənaət edə bilərik. Belə də etdik. Hazırda 8 klubumuz, üstəlik, Gənclər Liqasında iştirak edən komandalar və bütün yığmalar bu sistemə daxil oldular. Artıq ötən həftədən müqavilə qüvvəyə mindi və 2 illik müqavilə imzalandı. Bu müraciət Klublar Komitəsindən oldu və AFFA rəhbərliyi müzakirə etdikdən sonra belə bir addım atmaq qərarına gəldi.

 

- AFFA İcraiyyə Komitəsinin növbəti iclası nə vaxta planlaşdırılır?

- Təxminən mayın 15-nə qədər iclasın baş tutması planlaşdırılır. Klublar Komitəsi bəzi məsələləri tövsiyə xarakterli edəcək. Bəzi məsələlər isə birbaşa səlahiyyətimizə daxildi.

 

- “Xəzər”in Qubanı təmsil etməsi və Premyer Liqaya yüksələcək 10-cu komandanın kimliyi məsələsi nə yerdədi?

- Bu məsələ futbol ictimaiyyətinin gündəmindədi. Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdı. UEFA-nın bununla bağlı sərt qərarları var. Bu qərarları da  AFFA-nın sisteminə daxil etdik. 10 klub tərəfindən bütün sənədlər verildi. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Lakin bəziləri yenə bu məsələyə qeyri-peşəkar yanaşdılar. Onların adını çəkməyim qeyri-etik olar. Ancaq klubların qeyri-peşəkar yanaşmanı davam etdirmələri məni məyus edir. I Divizion əslində gələcəyi göstərir. İlk addımlar belə qeyri-peşəkar atılırsa, o zaman biz risk edə bilmərik. Keçmiş təcrübə göstərir ki, bəzi klublara güzəşt edildi. Bu da Premyer Liqada komandaların sayının çox olması üçün idi. Lakin elə də müsbət təsir vermədi. Mövsümün gedişində bəziləri fəaliyyətini dayandırdı, bəzilərinin maliyyə problemləri oldu. Çempionat 8 komanda ilə başlayırsa, bu sayla da bitməlidi. Bu, bizim üçün ən vacibdi. Digər tərəfdən, maliyyə şəffaflığı təmin olunmalıdı. Üçüncüsü isə idman meyarıdı. İnfrastrukturla bağlı həmişə bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında stadionlar mövcuddu və həmin klubları təmin edə bilərik.

 

- Lisenziyalaşdırmanın qərarları nə vaxt açıqlanacaq?

- Mayın 15-nə qədər.

 

- Gələn mövsüm I Divizionla əvəzedicilər birləşərsə, neçə komandanın iştirakı nəzərdə tutulub və limit necə olacaq?

- Bu məsələ Klublar Komitəsinin iclasında müzakirə olundu. Biz istərdik ki, Gənclər Liqası da gücləndirilsin. Çünki UEFA ildən-ilə bu liqaya daha böyük önəm verir. Biz də bu “dalğanı” davam etdirməliyik. Çünki qalibimiz Çempionlar Liqasında təmsil olunur. Bu, birbaşa Premyer Liqaya oynayan yaşdı. Gənclər Liqasında çıxış edən futbolçular növbəti mövsüm 20-21 yaşda olanda əslində Premyer Liqada oynamalıdılar. Limit məsələsi də vacibdi. Hazırda 1996-97-ci il təvəllüdlülərlə bağlı limit var ki, mütləq oynamalıdı. Bu yaşı saxlamaq, yoxsa 1998-99-cu illəri tətbiq etməklə bağlı hazırda müzakirə olunur. Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdi.

 

- Premyer Liqada 10 komanda düzəlməsə, 9 komandalı çempionat da düz gəlmir. Belədə hansı addım atılacaq?

- Hazırda planda 8 komandanın iştirakıdı. Lisenziyalaşdırma ilə bağlı problem olduğu və vəziyyəti gördüyümüz üçün təəssüf ki, hazırda 10 komandalı çempionat ehtimalı çox azdı. Təbii ki, AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunduqdan sonra müvafiq qərar qəbul olunacaq.

 

- “Xəzər” standartlara cavab versə, “Kəpəz” I diviziona düşməlidi?

- Əslində, Əsasnaməyə uyğun olaraq və idman prinsiplərinin qorunması üçün Premyer Liqanı sonuncu yerdə bitirən komanda aşağı liqaya düşməlidi. Lisenziyalaşdırma ilə bağlı sənədlərin təhlilini aparır və vəziyyəti görürük. Bir komandanın elitaya yüksəlmək ehtimalı var. O da ilk növbədə lisenziyalaşdırmanın şərtlərini təmin etməlidi. Çünki bu gün təkcə komandaya yox, kluba lisenziya veririk. Hazırda isə təəssüf ki, I divizionda komanda yanaşmasıdı. Bu da peşəkar klub yanaşması deyil. 8 komanda bizdə stabillik yaradıb. Çünki klub kimi fəaliyyət göstərirlər. Uşaq liqalarında iştirak edən komandaları var, məşqçilər mütəmadi olaraq kurslarımıza qatılırlar. Həkimlər, fizioterapevtlər, menecerlər baxımından əsl peşəkar klubdular. Bizə də Premyer Liqada komanda yox, klub lazımdı. (Apasport.az)


Digər xəbərlər

Xəbər xətti