Bu gün AFFA-nın Klublar Komitəsini növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda AFFA-nın baş katibi Elxan Məmmədov və Topaz Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib. Klub futbolu ilə bağlı aktual məsələlərin müzakirə olunduğu iclasda Elxan Məmmədov bildirib ki, komitənin daha öncəki toplantılarında aparılmış müzakirələrə əsasən və Topaz Premyer Liqasında çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası danışıqlardan sonra bu şirkətlə iki illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, “İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, Premyer Liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək. AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.