Jezniçak: "Çempion olmaq borcumuz idi"

14:36 2 May 2018

"Çempionluğumuzu səfərdə keçirdiyimiz gərgin matçdan qalib ayrılaraq rəsmiləşdirdik. Bu sevinci heç nə ilə müqayisə etmək olmaz. Bu, yeni təcrübədi".

 

Sportarena.az xəbər verir ki, Bu sözləri "Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak deyib. Ölkəsinin mətbuatına müsahibə verən mərkəz müdafiəçisi öncə "Qarabağ" haqda məlumat verib, daha sonra isə çempion olmalarından danışıb:

 

"Qarabağ" Ağdam rayonunu təmsil edir. Hazırda həmin rayonda hərbi vəziyyət mövcud olduğu üçün komanda Bakıda məskunlaıb və ev oyunlarını burada keçirir. Paytaxtda elə də çox azarkeşimiz yoxdur.  Çempion olmaq borcumuz idi və bu, artıq adi hal kimi qəbul olunur. Hazırda ikinci pillədə qərarlaşan komandadan 17 xal öndəyik".

 

Kuba Çempionlar Liqasının təsnifat mərhələsində uzun müddət şərəfini qoruduğu "Legiya" klubu ilə üz-üzə gəlməyi arzulamır:

 

"Bunu arzulamıram. Çünki "Legiya"ya azarkeşlik edirəm və Çempionlar Liqasında görüşməməyi arzulayıram. Bundan başqa, Polşa klubu UEFA reytinqində "Qarabağ"ı üstələyib". 

 

Zədələrə görə uğursuz mövsüm keçirdiyini bildirən təcrübəli oyunçu hazırda müalicə almaq üçün ölkəsinə getdiyini sözlərinə əlavə edib:

 

"Mövsüm mənim üçün elə də uğurlu olmadı. Çünki 7 dəfə zədə aldım. Artıq burun və barmağımın əməliyyatı başa çatıb.  Hazırda dabanımın müalicəsi davam edir.  Baş məşqçidən icazə aldım və zədəmi sağaltmaq üçün Polşaya qayıtdım. Düzdü, zədələrə görə uğurlu mövsüm keçirməsəm də, idman nailiyyətləri əldə etdim və Çempionlar Liqasının qrupunda oynamaq arzumu realaşdırdım".


Xəbər xətti