Yunis Hüseynov: "Qalib gələn komanda biz olmalı idik"

23:01 4 May 2018

Topaz Premyer Liqasının 26-cı turunun “Kəpəz” – “Sumqayıt” matçından sonra mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

 

“Şablon kimi çıxsa da, bu oyunda da qələbə qazanmaq istəyirdik. Maraqlı oyun keçdi. Çempionatın sonudu. Daha iki çətin oyunumuz qalıb. Son turlarda “Zirə” və “Neftçi” ilə qarşılaşacağıq. Bu komandaların hər ikisi avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırlar. Bizim isə məqsədimiz daha çox xal toplamaqdı. Bu gün qalib gələn komanda biz olmalı idik. Əfsuslar olsun ki, bir epizodda səhvdən qol gördük. Hakimləri qınamıram, amma məncə, buraxdığımız qoldan öncə lehimizə cərimə zərbəsi vardı. Ondan əvvəl isə top auta çıxarkən qərar bizim xeyrimizə verilməli idi. Son nəticədə qapımızdan qol buraxdıq. Bu epizod olmasaydı, yəqin ki, qalib gələn tərəf biz olacaqdıq. Komandamdan razı qaldım. Futbolçular yaxşı çıxış edib meydanda əzmkar oyun göstərdilər. Rəqibə qarşıdakı görüşlərdə uğurlar arzu edirəm”.


Xəbər xətti