Samir Əliyev: "Futbolçular istəyirlər ki, tez istirahətə getsinlər"

21:41 5 May 2018

“Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 26-cı turunda “Zirə”yə evdə 0:1 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunla bağlı bunları söyləyib:

 

“Havanın isti keçməsinə baxmayaraq, hər iki komanda yaxşı oynadı. Maraqlı futbol izlədik. Məğlub olmaq istəmirdik. Həm evdə oynayırdıq, həm də "Zirə" neçə oyundu udmurdu. Futbolda yaratdığın qol vəziyyətlərindən istifadə etmirsənsə, udmaq şansın azdı. Əlimizə düşən imkanlardan yararlanmadıq. Rəqib isə bizim səhvdən sonra qolunu vurdu, üstünlüyünü sonadək qorudu. Futbolçularımdan narazlığım yoxdu. Nələri vardısa, ortaya qoydular. Artıq nəsə tələb etmək olmur. Futboldu, qismət belə imiş. Oyuna görə uduzmadıq. Qarşıda iki tur var. Həmin matçlara da yaxşı hazırlaşmalıyıq. Mövsümün sonudu, qızğın mübarizə gedir. Kim daha hazırlıqlı və yaxşı formadadısa, onlara şans verməyə çalışırıq. Növbəti mövsümə hələ çox var. Bundan sonra rəhbərliklə müzakirələr aparıb, ona uyğun qərar verəcəyik. Müəyyən islahatlar aparacağıq. Deyə bilmərəm ki, gedənlər çox və ya az olacaq. Futbolçuların çoxunun klubla müqavilələri bitir. Hər kəs istəyir ki, anlaşmasını uzatsın, yeni müqavilə şərtləri daha yaxşı olsun. Əlbəttə, indi motivasiya pik nöqtədə olmur. Futbolçularda yorğunluq var. Xüsusilə də psixoloji planda. İstəyirlər ki, tez istirahətə getsinlər. Çalışırıq ki, son oyunlarda da yaxşı mübarizə aparsınlar. Fikrimcə, bu baxımdan problem yoxdu”.


Digər xəbərlər

Xəbər xətti