Kamran Quliyevdən Tərlan Əhmədova qarşı qeyri-peşəkar hərəkət - FOTOLAR

17:40 7 May 2018

"Neftçi"nin ən böyük azad azarkeş səhifələrindən biri olan "Neftchi Baku Fan Page" izləyicilər arasında sorğu keçirib.

 

Sportarena.az xəbər verir ki, səhifənin adminləri azarkeşlərə Tərlan Əhmədovun postuna qalıb-qalmaması ilə bağlı sual ünvanlayıb. Fanatların çox hissəsi Əhmədovun vəzifəsində qalmasını istəyib. Onu "Neftçi"də görmək istəməyənlər də var.

 

Nə qədər qəribə olsa da, azarkeşlərin sorğusunda iştirak edənlər arasında "ağ-qaralar"ın prezidenti Kamran Quliyev də var. Bir müddət əvvəl "Sumqayıt"ı "Neftçi"yə dəyişən Quliyev Əhmədova "getsin" deyib. Mətbuata verdiyi açıqlamalarda Tərlan Əhmədovun arxasında olduğunu bildirən klub prezidenti azarkeş sorğusunda baş məşqçini göndərir. Özü də belə bir vaxtda...

 

 

Görünən odur ki, Kamran Quliyev "Neftçi"nin nə qədər ciddi klub olduğunun fərqində deyil. Deməli, mətbuatda "Neftçi" rəhbərliyi ilə Tərlan Əhmədovun arasında soyuq, hətta gərgin münasibətlərin olması ilə bağlı yayılan xəbərlər doğrudu.

 

Məsələ ilə bağlı baş verənləri müzakirə etmək üçün Kamran Quliyevlə əlaqə saxlamağa çalışdıq. Qələbələr zamanı jurnalistlərin qarşısına çıxan, komanda məğlub olanda isə susmağı üstün tutan Quliyevlə əlaqə qurmaq cəhdlərimiz uğursuz alındı. Anar Şabanoğlunun məlum istefasından sonra klubun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilən Rüstəm Allahverdiyev mayın 15-də işə başlayacağından sözügedən departamentlə də əlaqə saxlamaq mümkün olmadı.



Xəbər xətti