"Zirə"nin futbolçusu: "Ayxan Abbasov bizə inanır"

14:09 10 May 2018

Topaz Premyer Liqası artıq sona yaxınlaşmaq üzrədir. "Qarabağ"ın çempionluğu əvvəlcədən bayram etdiyi çempionat sona 2 tur qalmış mübarizə yalnız avrokuboklara vəsiqə verən yerlər uğrunda gedir.

 

Sportarena.az xəbər verir ki, "Sumqayıt". "Neftçi" və "Zirə" avrokuboklara vəsiqə verən 3-4-cü yerlər uğrunda mübarizə aparır. Sona 2 tur qalmış 40 xal toplayan "Sumqayıt" və "Neftçi" Avroliqa mübarizəsində daha şanslı görünür. 26-cı turda "Səbail"i məğlub edərək 2018-ci ildə ilk qələbəsini qazanan "Zirə" isə bu komandalardan cəmi 2 xal geri qalır.

 

Mayın 12-də "Kəpəz"i doğma azarkeşləri önündə qəbul etməyə hazırlaşan qəsəbə təmsilçisində əhval-ruhiyə yüksək səviyyədədi. "Qartallar"ın şansı öz əllərində  olmasa da, ümidlərini itirmilər. Bunu Sportarena.az-a açıqlamasında komandanın yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib. Futbolçu öncə Gəncə təmsilçisi ilə oyun barədə fikirlərini bölüşüb:

 

"Kəpəz"lə oyun bizim üçün çox vacibdi. Bütün komanda bu oyunun önəmini anlayır. Çətin oyun olacaq, amma qalib gəlməliyik. Cəmi iki oyun qalıb, hər bir görüşə final kimi yanaşırıq. 3 xal qazanmaq üçün əlimizən gələni edəcəyik".

 

"Avropa Liqasına vəsiqə uğrundakı rəqibləriniz "Neftçi" və "Sumqayıt"ın durumu ilə maraqlanırsızmı" sualına futbolçu belə cavab verdi:

 

"Digər komandalarla və onların oyunları ilə maraqlanmırıq. Biz ancaq qarşıdakı 2 oyunda qələbə qazanmaq haqqında düşünürük".

 

Cari mövsümdə rəqib qapıçıları 7 dəfə məyus edən futbolçu uzun fasilədən sonra qazanılan qələbənin onlara "qara zolaq"dan çıxmağa yardımçı olacağını söylədi:

 

"Qış fasiləsindən sonra qələbə qazana bilmirdik. Hamı deyirdik ki, bir qələbə qazansaq, vəziyyəti düzəldə bilərik. Buna "Səbail"lə oyunda nail olduq. Son iki turda qələbənin ardını gətirib, mövsümü yaxşı nəticə ilə başa vura bilərik. Əhval-ruhiyyəmiz yaxşıdı, son iki oyunda qələbələr qazanmağa köklənmişik. Biz daha yaxşı nəticə qazana bilərdik. Amma qış fasiləsindən sonra çox vacib xallar itirdik. Bununla belə, baş məşqçimiz Ayxan Abbasov bizə inanır. Çalışacağıq ki, onun ümidlərini doğruldaq".


Digər xəbərlər

Xəbər xətti